Cəmiyyət

  • 543

Maska tələbi çoxdan ləğv olunmalıdı idi - CƏMİYYƏTİN BAXIŞI

image

Nazirlər Kabnetinin qərarına əsasən Azərbaycan respublikasında mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olundu. Artıq insanlar hər bir məkanda rahatlıqla maskasız hərəkət edə bilərlər. Həmçinin bununla yanaşı Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir. İnsanların bu qərarla bağlı təəssüratlarını öyrənmək məqsədi ilə SİA paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Əli Şərifov: “Mən düşünürəm ki, artıq pandemiya başa çatıb. Çünki demək olar ki, əhalinin 80 faizi vaksin olunubdur. Ona görə də, məncə, yoluxmamaq üçün vaskin daha əsasdır. Artıq hər kəsin bildiyi kimi maska tələbi ləğv olunubdur. Buna görə də demək olar ki, nəqliyyat vasitələrində vətəndaşlar maskadan istifadə etmir. Bəziləri düşünür ki, maska taxmasa virusa yoluxa bilər. Amma məncə bu belə deyil. Qorxulu günlər geridə qaldı”.

Şəhər sakini Zəki Cahan: “İnsanların virusa yolxumamaq üçün maska taxması vacibdir. Çünki biz metroda sıxlıq olduğu zaman maska taxmasaq virusa yoluxa bilərik. Onun üçün də düşünürəm ki, maska tələbi yenidən tətbiq olunmalıdır. Hətta elə zənn edirəm ki, əgər bir neçə müddət də insanlar sıxlıqda maska taxmasalar yoluxma sayı arta bilər. Buna görə də hər kəs maska taxsa özünü qoruma altına almış olacaq”.

Şəhər sakini Azər İsayev: “Düşünürəm ki, vaksin olunan şəxslərin sayı çox olduğu üçün maska tələbinin aradan qaldırılması lap yerinə düşdü. Düzdür, bu tələbin ləğv olunmasından sonra xəstəliyə yoluxanların sayı arta bilər. Amma bunun pik həddə çatacağına inanmıram. Maska müəyyən qədər qoruyucu qüvvəyə malikdir. Bəzi məqamlarda maska da insana kömək etmir. Həmçinin bir çoxları maskadan istifadə edir və günlərlə onu dəyişmir, yenisi ilə əvəz etmir. Bu da təkcə Covid-19 virusuna deyil, başqa xəstəliklərə də yola aça bilir”.

Şəhər sakini Ayxan Arifli: “Məncə metroda, avtobusda və insanların sıxlıq müşahidə olunduğu hər bir yerdə maska taxılmalıdır. Mənim özüm virus yayılmamaışdan öncə də insanların çox olduğu yerdə maska taxırdım. Çünki təkcə bu virus deyil, başqa xəstəliklərə insan yoluxa bilər. Amma havalar getdikcə istinir və belə hallarda xəstəliklərdə yox olmağa başlayır. İnsaallah bu virus bir dəfəlik yox olar və insanlarımız bir də belə günlərlə rastlaşmaz”.

Şəhər sakini Nuranə Kərimova: “ İnanın ki, mən maska tələbi ləğv olunarkən necə sevindim, bir Allah bilir. Çünki maskanın bizim üçün heç bir önəmi yoxdur. Hətta deyərdim ki, bir çox tanıdığım insan maskaya görə alergiya olub. Onun üçün də əgər vaksin olunmusansa, xəstəliyə tutulmayacaqsan. Bununla yanaşı demək olar ki, əhalinin yarıdan çoxu virusa yoluxub və bitib. Ona görə də artıq sıxlıqda olsaq belə məncə, virusa yoluxmarıq”.

Şəhər sakini Şixəddin Şahverənli: “Gündəlik olaraq hər hansısa bir yerə gedərkən şəxsi maşınımdan istifadə edirəm. Yəni kütləvi nəqliyyat vasitələrindən istifadə etmədiyim üçün maskanın mənim həyatımda və sağlamlığımda hər hansısa bir rol oynamır. Maska tələbi olduğu zamanda da yalnız mağazalara girdiyimdə istifadə edirdim. Lakin bununla yanaşı insanların da maska taxmasının bir önəmi olduğunu düşünümürəm. Mən hər zaman maskanın ionsanı qorumadığına inanmışam”.

Digər xəbərlər