Sosial

  • 2 602

​Dərs tapşırığı... Həyat tapşırığı...

image

Bu günədək onların aldığı yalnız dərs tapşırığı idi. Ayrı-ayrı fənlərdən aldıqları tapşırıqlar: şifahi oxu tapşırıqları, yazılı tapşırıqlar, sinifdənxaric tapşırıqlar. Düz 11 il aldıqları dərs tapşırıqları ilə böyüdülər, öyrəndilər, elmin sirlərini zərrə-zərrə əxz etdilər.

Uşaqlıqdan çıxıb yeniyetmə oldular, böyüdülər, gəncləşdilər. Yenə də müəllimlərinin gözündə dünən birinci sinfə gələn uşaqlar kimi uşaq qaldılar. Necəki, ata-ananın gözündə övladı hər yaşda uşaqdır, eləcə də müəllimlərin gözündə də hər bir şagirdi ilk gün məktəbə gələn o məsum uşaqdır...

Böyüdülər o uşaqlar. müəllimlərinin sayəsində elmin sirlərini əxz etdilər. Kitablarla tanış oldular,onlarla dostlaşdılar, sirdaş, həmdərd oldular. Onlardan öyrəndilər, yüzlərlə dərs tapşırığı aldılar o kitablardan. Çalışdılar, o tapşırıqları həll edib səhəri gün məktəbə götürdülər. 11 il çantalarında kitab, dərs tapşırığı apardılar, gətirdilər...

Bu gündən minlərlə gənc müstəqil həyata vəsiqə aldı. Ümumtəhsil məktəblərimizdə çalınan son zəng ayrılıq zamanının çatdığını göstərdi. 11 il parta arxasında uşaqlıq, yeniyetməlik, gənclik çağlarını yaşayan, məktəb həyatı ilə bağlı hər biri bir “xatirə kitabı” yazan şagirdlər məzun oldular. On bir il müəllimlərinin qarşısında cərgə-cərgə əyləşib, zərrə-zərrə böyüyən məktəblilər-2021-2022-ci tədris ilinin məzunları həyatlarının ən şirin çağı olan uşaqlıq illərini, məktəbli ömrünü başa vurdular. İlləri bir-bir başa vuran şagirdlər on bir illik məktəb həyatının axırıncı günündə son zəngi vuraraq müstəqil həyata ilk addımlarını atdılar.

Son zəng... Bir yolun bitdiyinə, o biri yolun başlandığına səsləyən son zəng... Dərs tapşırıqlarından həyat tapşırıqlarına çağırış. Ta bir də qapılarını aça bilməyəcəyin məktəb həyatının son nöqtəsidir son zəng. Sənin yolunu dəyişən, 11 ildə hər günkü eyniliyi həyatından çıxarandır son zəng...

Səni tələbəliyə yolçu edəndir, xeyir-duadır son zəng... Müstəqil həyatda hər hansı bir sənəti öyrənməyə, ailə qurmağa yolçu edəndir son zəng. Oçalındısa, artıq müstəqil bir yolun var, o yolla getməyə başlayacaqsan. O yolda tapşırıqları isə həyatdan alacaqsan...

Həyat tapşırğı... Bu dərs tapşırıqları qədər asan olmayacaq, əziz dost. Ətrafında müəllimlərin olmayacaq, sən hasarlı bir məktəbdə, dörd divar arxasında əmin əllərdə olmaycaqsan. Müstəqilsən, ətrafında həyat çağlayır. Burada ata-ana da, bacı-qardaş da, qohumlar, yaxınlar da var, lakin minlərləyadlar, tanımadıqların da var. Onların hər biri bir həyat dərsidir. Hər kəs öz verdiyi dərsi hazırlamanı istəyəcək səndən. Bu an ağıllı olmalısan. Elə “kitablar” var ki, heç onları açmamalı, oxumamalısan. Lakin elələri də var ki, dəfələrləoxumanı tövsiyə edərəm. Çünki o kitablar sənin həyat tapşırığını düzgün, vaxtında yerinə yetirməyinə kömək edəcək.

Həyat dərsi... Çox mürəkkəbdir, çox məsuliyyətlidir. Səndən güç, cəsarət istəyəcək. Bütün bunları özündə tapa biləcəksənsə, qalib olacaqsan, xoşbəxt olacaqsan. Əks təqdirdə isə əksinə...

Yaxşı-yaxşı düşün, əziz dost, qarşıda hələ uzun illərin var. O illəri də məktəb illəri kimi uğurla başa vurarsansa, həyat tapşırığını da dərs tapşırıqların kimi çalışarsansa, deməli həyat sənindir.

Qoy uğurlar sizlərin olsun, əziz məzunlar. Xoşbəxt, səadət dolu günlər addım-addım sizi işləsin. Sizin həyat tapşırığını layiqincə yerinə yetirməniz cəmiyyətimizin qazancıdır, uğuru, qələbəsidir. Çünki bizim siz gənclərə ehtiyacımz var.

Qalib bir ölkənin gəncləri olaraq bu Vətənin sabahı sizsiniz. Biz sizə arxayınıq. Biz sizdən gözləyirik. Biz sizə əminik. Yeni həyatınız uğurlu olsun ki, o uğurlardan bizlər də pay alaq...

Bir də heç vaxt unutmayacağınız bir şey var:Məktəb illəri; ömrün qayğısız keçən illəri. Qarşıdakı illər; ömrün qayğı ilə keçəcək illəri...

​​​​​​Mətanət MƏMMƏDOVA

Digər xəbərlər