AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə yazıçının əsərlərindən və haqqında yazılmış kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli İlyas Əfəndiyevin sovet dövründə ideologiyadan kənarda duran ədəbiyyat yaratdığını söyləyib: "İlyas Əfəndiyev azsaylı yazıçılardan biridir ki, Kommunist partiyasının sıralarına daxil olmayıb. O, öz qəlbinin səsi ilə yazaraq hər zaman yaşayacaq əsərlər yaradıb. "Kənddən məktublar"dan başlayan bu böyük ədəbiyyat, Azərbaycan nəsrini zənginləşdirən yeni ədəbiyyatın yaranması ilə nəticələndi".
"Sovet dövründə Azərbaycanda lirik-psixoloji nəsrin ən böyük ustadı İlyas Əfəndiyevdir" – deyən akademik İsa Həbibbəyli yazıçının "Söyüdlü arx", "Bahar suları" kimi əsərlərindən başlanan bu üslubun inkişaf etdirilərək "Sarıköynəklə Valehin nağılı"na qədər davam etdiyini xatırladıb.
İlyas Əfəndiyevin lirik-psixoloji teatrın və dramaturgiyanın da yaradıcısı olduğunu vurğulayan akademik deyib: "İlyas Əfəndiyevin teatrı lirik-psixoloji üslubda olan, insanın iç dünyasını cəmiyyətə təqdim edən fərqli teatr idi. O, xüsusən 1960-1980-ci illərdəki əsərləri ilə Azərbaycan xalqının ideologiyadan kənar, amma milli ideallara, gerçək həyata yönəldilmiş bir ədəbiyyatı xalqa verməklə onun gələcək müstəqilliyinə hazırlaşmasına kömək edib. Xüsusən də "Natəvan" və "Xiyabani" pyeslərindəki azərbaycançılıq idealları İlyas Əfəndiyevin dövlət müstəqilliyi təfəkküründə yeni nəslin yetişməsində xidmətlərini aydın şəkildə ifadə edir. Onun əsərləri istər janrına və mövzusuna, istərsə də qəhrəmanlarına görə yeni olur. Həm sənətkarlıq, həm də mövzu və ideya cəhətdən bənzərsiz olan yazıçı daim öyrənilir. Dissertantlarımızdan birinə də İlyas Əfəndiyevin yaradıcılığı haqqında dissertasiya mövzusu vermişik. Bu mövzu ədəbiyyatşünaslıq elmimizin vəzifələrindən biridir. Bu tədbir də İlyas Əfəndiyevə elmin yenidən qayıdışının ifadəsidir", – deyə akademik İsa Həbibbəyli çıxışını yekunlaşdırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Asif Rüstəmli "İlyas Əfəndiyev yaradıcılığı Yaşar Qarayevin dəyərləndirmə müstəvisində", filologiya elmləri doktoru Vaqif Yusifli "İlyas Əfəndiyevi xatırlayarkən" və filologiya elmləri doktoru Sara Osmanlı "Yazıçı tənqidinin meyarları" mövzularında məruzələr ediblər.
Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmatalıyev çıxışında bildirib ki, Qırğızıstanda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Anar və Elçinin əsərləri tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılıb. O, öz ölkəsində alimlərin, tədqiqatçıların və tərcüməçilərin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini vurğulayıb. İlyas Əfəndiyevin üç romanının qırğız dilinə tərcümə olunaraq nəşr edildiyini və böyük maraqla qarşılandığını əlavə edib.
Daha sonra Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Dilarə Adilovanın "İlyas Əfəndiyevin romanlarında müasirlik" mövzusunda məruzəsi dinlənilib. Məruzəçinin fikrincə, yazıçının romanlarının mövzusunu nə konkret kəndə aid etmək olur, nə şəhərə: "Onun qəhrəmanları birmənalı şəkildə nə kəndlidir, nə şəhərli. "Söyüdlü arx" və "Dağlar arxasında üç dost" romanlarında müharibədən sonra böyük aqrar ölkənin ucqar kəndləri – Güney qışlaq, Quzey qışlaq və Qartallı dərə təsvir edilir, müasir kənd modeli, onun tərəqqisi problem kimi götürülür. Heç kim şəhərə köçməyi düşünmür, əksinə, şəhərlilər təyinatla rayona işləməyə gedirlər".
Məruzəçi əlavə edib ki, İlyas Əfəndiyev cəmiyyətdəki və insan mənəviyyatındakı qüsur və eybəcərliklərə qarşı öz əsərləri vasitəsilə mübarizə aparırdı. İnsan haqlarının pozulması və tapdanılmasına, əxlaq pozuntusuna qarşı barışmaz mövqedə idi: "Bu mənada "Sarıköynəklə Valehin nağılı" yazıçının digər romanlarından fərqlənir. Əsər sosial, məişət və ictimai problemləri ilə 80-ci illərə aiddir. Burada gördüyümüz xoşbəxt cütlüklə ədibin başqa romanlarında qarşılaşmırıq. Romanda uşaqlıqdan bir-birini sevən iki gəncin çətin taleyi və saf məhəbbəti fonunda dövrün çatışmazlıqları, haqsızlıqları əks olunur. Romanın sərlövhəsinə çıxarılmış "nağıl" sözü təsadüfi xarakter daşımır. Bu, yazıçıya yeri gəldikcə hadisələri "nağıl"laşdırıb, qəhrəmanları düşdükləri mürəkkəb vəziyyətlərdən çıxarmağa imkan verir. Nağıl qəhrəmanları həmişə simvol kimi qəbul edilirlər; işıq-qaranlıq, xeyir-şər... Akademik İsa Həbibbəylinin sözlərilə desək, "İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının özünəməxsus nağılıdır".
Ədibin ailə üzvləri adından çıxış edən Xalq yazıçısı Elçin bildirib ki, məhz Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları İlyas Əfəndiyevin yaradıcılığı barədə sanballı söz deyiblər. Xalq yazıçısı atası haqqında danışaraq vurğulayıb ki, onun əsərləri bu gün heç bir dəyişikliyə məruz qalmadan oxuculara alın açıqlığı ilə təqdim olunur.
"Bu gün mütəxəssis sözü İlyas Əfəndiyev yaradıcılığına daha artıq qiymət verirsə, deməli, o, xoşbəxt yazıçıdır. İlyas Əfəndiyev öz yaradıcılığı ilə ideologiyaya yox, ədəbiyyata xidmət edib", – deyə Xalq yazıçısı Elçin fikrini yekunlaşdırıb.