PDF Oxu

Cəmiyyət

  • 849

XIII Qlobal Bakı Forumunda təhlükəsizlik və sabitlik çağırışı - ŞƏRH

image

2026-cı il martın 12-də İlham Əliyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir dövrdə təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin bütün dövlətlər üçün birinci dərəcəli prioritetə çevrildiyini vurğuladı. Prezident bildirdi ki, hazırkı beynəlxalq vəziyyət göstərir ki, heç vaxt olmadığı qədər ölkələr öz milli təhlükəsizliklərini qorumağa diqqət yetirməlidirlər. Onun sözlərinə görə, təhlükəsizlik təmin olunmadan iqtisadi inkişaf, sosial rifah və siyasi sabitlik haqqında danışmaq mümkün deyil və buna görə də dövlətlər səylərini ilk növbədə bu istiqamətdə birləşdirməlidir.

Forumun gündəliyinin geniş olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, tədbir çərçivəsində müzakirə olunan mövzular dünya siyasətinin demək olar bütün istiqamətlərini əhatə edir. Bununla yanaşı, o vurğuladı ki, hazırda dünyada yaranmış gərginliklər, münaqişələr və yeni risklər xüsusi diqqət tələb edir. Prezident qeyd etdi ki, bəzi ölkələr uzun illər ərzində inkişaf üçün böyük səylər göstərsələr də, hazırkı geosiyasi proseslər onları ciddi təhlükələrlə üz-üzə qoyur. Bu isə sübut edir ki, güclü müdafiə sistemi və sabitlik olmadan əldə edilən uğurlar davamlı ola bilməz.

Çıxış zamanı regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman əsas məsələ olduğunu bildirən Prezident xatırlatdı ki, işğal dövründə ölkənin əsas məqsədi suverenliyin və ərazi bütövlüyünün bərpası idi. O qeyd etdi ki, bu məqsədə nail olmaq üçün Azərbaycan uzun illər ərzində siyasi, diplomatik və hərbi sahədə böyük səylər göstərib. Prezident vurğuladı ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın mövqeyini dəstəkləyirdi və ölkə özünü müdafiə hüququndan istifadə edərək suverenliyini bərpa etdi.

Dövlət başçısı bildirdi ki, Azərbaycan işğal olunmuş torpaqları güc yolu ilə azad etsə də, sülhə siyasi yollarla nail olub. Bu təcrübənin dünya üçün mühüm nümunə olduğunu qeyd edən Prezident dedi ki, bəzən sülhə nail olmaq üçün güc tətbiqi qaçılmaz olur, xüsusilə də beynəlxalq hüquq sizin tərəfinizdədirsə. O vurğuladı ki, Azərbaycan uzun illər beynəlxalq təşkilatların qərarlarının icra olunmamasından əziyyət çəkib, lakin nəticədə öz gücünə arxalanaraq ədaləti bərpa edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın artıq sülhün üstünlüklərini gördüyünü də qeyd etdi. Onun sözlərinə görə, münaqişədən sonra sülhə nail olmaq daha çətin olsa da, siyasi iradə və qarşılıqlı anlaşma olduqda bu mümkündür. Dövlət başçısı bildirdi ki, Azərbaycan və Ermənistan arasında qısa müddətdə normallaşma prosesinin başlaması nadir haldır və bu, hər iki tərəfin müharibənin sonsuza qədər davam edə bilməyəcəyini anlaması ilə bağlıdır.

Prezident əlavə etdi ki, beynəlxalq hüquqa hörmət olunmaması yeni münaqişələrin yaranmasına səbəb olur və bu, qlobal təhlükəsizlik sisteminə ciddi zərbə vurur. O qeyd etdi ki, ölkələrin ərazi bütövlüyünün pozulması və beynəlxalq təşkilatların qərarlarının icra olunmaması dünya nizamını zəiflədir. Buna görə də dövlətlər beynəlxalq hüquqa sadiq qalmalı və münaqişələrin həlli üçün ədalətli yanaşma nümayiş etdirməlidirlər.

Çıxışında sülh sazişi məsələsinə də toxunan Prezident bildirdi ki, Azərbaycan Ermənistanla sülhü yalnız sənəd üzərində deyil, real həyatda təmin edib. O vurğuladı ki, sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları yoxdur və artıq itkilər yaşanmır. Prezident qeyd etdi ki, bu vəziyyət regionda yeni əməkdaşlıq imkanları yaradır və tərəflər üçün uzunmüddətli sabitlik perspektivi formalaşdırır.

Dövlət başçısı Azərbaycanın humanitar və iqtisadi addımlar ataraq regionda etimadı gücləndirdiyini də bildirdi. O qeyd etdi ki, Ermənistanla ticarətin bərpası, enerji məhsullarının ixracı və nəqliyyat əlaqələrinin açılması sülhün möhkəmlənməsinə xidmət edir. Prezident vurğuladı ki, Azərbaycan uzunmüddətli deyil, əbədi sülhün tərəfdarıdır və bunun üçün ardıcıl siyasət həyata keçirir.

Prezident İlham Əliyev çıxışında vasitəçilik məsələsinə də toxunaraq qeyd etdi ki, bəzi beynəlxalq vasitəçilərin fəaliyyəti münaqişənin həllinə deyil, onun uzanmasına səbəb olub. O bildirdi ki, ikitərəfli formatda aparılan danışıqlar daha effektiv nəticə verdi və tərəflər birbaşa dialoq sayəsində razılığa gəldilər. Prezident vurğuladı ki, bu təcrübə digər münaqişələrin həlli üçün də nümunə ola bilər.

Rövşən Qasımov,

YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər