“Politico” qəzeti ABŞ kəşfiyyatının məlumatlarına və ekspert rəylərinə istinadən yazır ki, qarşıdakı 5 ildə dünyada 5 böyük münaqişə yarana bilər.
Ən böyük gərginlik ehtimalı müqayisə oluna bilən nüvə arsenalına malik olan Hindistan və Pakistan arasındakı münasibətlərdə qalır. Pakistanın hərbi doktrinasında təsbit olunmuş nüvə silahından istifadə üçün aşağı hədd xüsusi narahatlıq doğurur.
“Politico” Asiyada güc balansını dəyişdirə biləcək digər potensial münaqişə mənbəyi kimi materik Çin və Tayvan arasındakı qarşıdurmanı adlandırır. Nəşr qeyd edir ki, ABŞ ənənəvi olaraq Tayvanı dəstəklədiyini bəyan edib, lakin Donald Trampın bu xəttə nə dərəcədə möhkəm sadiq qalacağı bəlli deyil.
Digər risklər arasında Rusiyanın Baltikyanı ölkələrə mümkün müdaxiləsi qeyd olunur ki, bu da NATO üçün sınaq olacaq.
Hindistan-Çin sərhədində də yüksək gərginlik var, burada hələ də böhranın qarşısının alınması üçün effektiv mexanizmlər yoxdur.
Nəhayət, ekspertləri xüsusilə Koreya yarımadasındakı vəziyyət narahat edir. Nüvə silahına malik olan Kim Çen In rejimi gözlənilməz olaraq qalır və ölkə daxilində hakimiyyəti gücləndirmək üçün istənilən cəhd münaqişənin genişlənməsinə səbəb ola bilər.
Bütün bu münaqişələrin qızışması və nüvə təhlükəsi ehtimalı nə qədərdir? Bu qarşıdrumalar təxminən eyni vaxtda başlasa, bu, III Dünya Müharibəsinə səbəb ola bilərmi? Xüsusən də nüvə müharibəsinə? Bu o deməkdirmi ki, bəşəriyyət məhv olmaq ərəfəsindədir?
Tanınmış analitiklər bu məsələ ilə bağlı fikirlərini Caliber.Az-la bölüşüblər. Ekspert rəylərini oxucularımıza təqdim edirik.
Şərqi Avropa Təhlükəsizlik İnstitutunun (Kiyev) rəhbəri Anatoli Pinçuk hesab edir ki, qeyd olunan 5 münaqişənin eyni vaxtda baş verməsi ehtimalı aşağıdır (məsələn, 2025-2027-ci illərdə).
"CFR və Atlantik Şurasının ekspertlərinin fikrincə, bu, 5%-dən azdır. Üstəlik, bu münaqişələrin müxtəlif səbəbləri və qarşıdurma xətləri var.
Pakistan və Hindistan arasındakı qarşıdurma ən böyük riskləri daşıyır. Amma burada da məncə, sağlam düşüncə qalib gələcək.
Çin – Tayvan və Rusiya – Baltikyanı ölkələr – hər şey birbaşa Ukraynadakı vəziyyətin inkişafından asılıdır. Əgər Rusiyanın Ukraynaya qarşı müharibədə real məsuliyyəti artarsa və onun müharibədən toplam itkiləri artarsa, bu münaqişələrin başvermə ehtimalı sıfıra enəcək. Baltikyanı vəziyyətdə bu, göz qabağındadır. Çin isə qəfil hərəkətləri sevmir və həmişə nəticələrini nəzərə alır. Əgər Rusiyanın böyük mənfi nəticələri olarsa, bu, Çin üçün ciddi maneə olacaq.
Yeri gəlmişkən, bu, Kreml üçün son dərəcə əlverişsiz olan Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar prosesinə hüquqi arqumentlərin daxil edilməsi üçün başqa bir motivdir. Müvafiq olaraq, tammiqyaslı Üçüncü Dünya Müharibəsinin, xüsusən də nüvə müharibəsinin baş vermə ehtimalı minimaldır. Həm də hibrid dünya müharibəsi uzun müddətdir davam edir”,- Pinchuk hesab edir.
Müstəqil analitik Rəşad Rzaquliyevin öz növbəsində qeyd etdiyi kimi, bu gün Politico-nun yazdıqları geosiyasi və sivilizasiyalararası planetar kimlik böhranını yaşayan dünya üçün verilmişdir.
"Keçmişin bir çox nəsillərinə tanış olan çoxəsrlik fiziki və əqli xəritələr unudulmaq üzrədir. Zərbələrin detonatorları isə artıq aydın şəkildə müəyyən edilib və qoyulub. Bu barədə bir çox proqnozçular, o cümlədən mən də bu haqda danışmış və yazmışam.
Mən şəxsən bu nəşrin hesablamaları ilə tam razıyam. Bəli, dünya böyük dünya müharibəsi ərəfəsindədir, burada güc qanunu nəinki beynəlxalq hüququn paslanmış və bərbad strukturunu, həm də müasir dövlətlərin ədalətli, dinc yanaşı yaşaması ideyasını qismən də olsa, zərərsizləşdirir.
Hamımız Yeni Dünya Nizamından əvvəlki sivilizasiya “xaosunun” və panregionalizmin bal pətəklərinin və ya nəzəriyyəsi bir vaxtlar nasist Almaniyasının ideoloqu Karl Haushofer tərəfindən irəli sürülmüş panregionların formalaşmasının şahidi və iştirakçısıyıq.
Nüvə fəlakətinin aşağı həddi səbəbindən qarşıdan gələn müharibənin parıltıları, şübhəsiz ki, təhlükəlidir. Hələ mən digər neqativ problemləri demirəm. Ümid edək ki, qarşıdan gələn geosiyasi “xaos” “nəzarət altındadır”. O, uzun müddətdir ki, tanınmış dünya geosiyasi mərkəzlərinin və transmilli siyasi-maliyyə qruplarının maliyyəsi ilə ciddi analitiklər, ekspertlər və alimlər tərəfindən gizli şəkildə hazırlanıb.
Ancaq bəşəriyyət bu cür şeyləri bayağı sui-qəsd nəzəriyyələrinin təzahürü kimi markalamağa üstünlük verdi, diqqəti əhəmiyyətsiz mövzulara, xüsusən də hazırda dəbdə olan yoqa məşqçilərinin dediyi kimi, "aşağı çakralar" sferasına yönəltdi.
Nəticədə, bizim sivilizasiyanın partlayıcı problemlərinin bütöv bir arsenalı var, onların saat mexanizmi artıq işə salınıb”, - deyə Rzaquliyev yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı