PDF Oxu

Dünya

  • 706

“Qrafiklərdən kənar”: 2026-nın ekoloji xəritəsi qənaətbəxş olmadı -HESABAT

“Qrafiklərdən kənar”: 2026-nın ekoloji xəritəsi qənaətbəxş olmadı -HESABAT

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) yeni hesabatına görə, 2026-cı il qlobal temperaturun rekord səviyyədə yüksək olduğu, buzlaqların əriməsinin və dəniz səviyyəsinin yüksəlməsinin davam etdiyi uzunmüddətli dövrün bir hissəsidir. Çox güclü El-Ninyo təbiət hadisəsinin 2027-ci ilədək daha yüksək temperatur və ekstremal hava hadisələrinə səbəb olacağı gözlənilir. Hesabatda bunun ətraf mühit, iqtisadiyyat və gündəlik həyat üçün yaratdığı əlavə risklərə diqqət çəkilir və bu ilin tandartlardan, hesablanmış rəqəmlərdən və qrafiklərdən kənar yadda qaldığı bildirilir.

Hesabatdakı əsas mesajlar belədir:

- 2026-cı il müşahidələr tarixində ən isti dörd ildən biri olacaq.

- El-Ninyo temperaturu yüksəldir və riskləri artırır.

- Dəniz səviyyəsi və okeanların istiliyi rekord həddə çatıb.

- Ekstremal hava hadisələri böyük iqtisadi və insan itkilərinə səbəb olur.

- Davamlı müşahidələrə əsaslanan proqnozlar və xəbərdarlıqlar həyati əhəmiyyət daşıyır.

WMO-nun 2026-cı il üzrə İqlimin Vəziyyəti Hesabatında göstərilir ki, son 12 ilin hər biri müşahidələr tarixində ən isti illər olub, son dörd il isə ən isti illər sırasındadır. 2026-cı ilin yanvar-sentyabr aylarında qlobal orta səth temperaturu sənayedən əvvəlki dövrün orta göstəricisindən təxminən 1,47°C yüksək olub. Avqust ayından etibarən güclənən El-Ninyo hadisəsinin təsiri ilə ilin sonunadək bu göstəricinin daha da artacağı ehtimal edilir. Dekabr ayına qədər El-Ninyonun müşahidələr tarixində ən güclü səviyyəyə çatacağı gözlənilir.

Yer kürəsinin enerji balanssızlığı artır və planetin iqlim sistemi sürətlənən templə istilik toplayır. Enerji balanssızlığı müşahidələr başlayandan bəri ən yüksək səviyyəyə çatıb. İstixana qazları rekord həcmdə istiliyi atmosferdə saxlayaraq Günəşdən daxil olan və Yer kürəsindən çıxan enerji arasındakı tarazlığı pozur. Bu artıq istiliyin 90 faizi okeanlar tərəfindən udulur. 2026-cı il okeanların istiliyinin rekord səviyyəyə çatdığı ardıcıl onuncu il ola bilər.

Dəniz səviyyəsi müşahidələr tarixində ən yüksək həddə çatıb, okean səthinin temperaturu isə 2026-cı il ərzində aylıq rekordlar müəyyən edib. Buzlaqların uzunmüddətli əriməsi davam edir. 2025-ci ildə buzlaqların illik kütlə itkisi bir il ərzində hər saniyə beş olimpiya hovuzunu doldura biləcək həcmdə olub. Şirin su ehtiyatları isə 2014-cü ildən bəri azalmaqdadır.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib: “Biz iqlim ekstremallarının yeni dövrünə qədəm qoymuşuq. Nəhəng El-Ninyo insan fəaliyyəti nəticəsində onsuz da həddindən artıq isinmiş planetlə toqquşur. İqlim rekordları ardıcıl olaraq yenilənir. İnsan itkiləri artır. Bununla belə, bu vəziyyətə ən az məsuliyyət daşıyan insanlar ilk növbədə və ən ağır şəkildə zərər çəkirlər. Liderlər emissiyaları daha sürətlə azaltmaqla, fosil yanacaqlardan ədalətli keçidi sürətləndirməklə, həssas ölkələrə lazım olan maliyyə və müdafiəni təmin etməklə ciddi addımlar atmalıdırlar”.

WMO-nun Baş katibi Celeste Saulo isə bildirib: “El-Ninyo və ümumilikdə 2026-cı ildə qlobal iqlimin vəziyyəti ‘qrafiklərdən kənar’ ifadəsinə yeni məna verir. El-Ninyo planetə yeni istilik əlavə etmir. O, indiyədək ölçülmüş ən isti okeandan istiliyi azad edir. Çünki artıq azad edilə biləcək daha çox istilik mövcuddur”.

O əlavə edib: “Biz hava şəraitini daha da ekstremallaşdırırıq və El-Ninyo riskləri artıran amil olacaq. İsti hava dalğaları, tropik siklonlar və güclü yağışlar tarixi göstəricilərin proqnozlaşdırmağa imkan verdiyindən daha sürətlə intensivləşir. Bu il yüz milyonlarla insan dözülməz istilərə məruz qalıb. Avqustun sonunda Nepalda baş verən dağıdıcı buzlaq və qaya uçqunu, eləcə də qəfil daşqınlar istiləşən yüksək dağlıq ərazilərdə yaşayan icmaların üzləşdiyi çoxşaxəli riskləri bir daha nümayiş etdirib”.

Dünyanın bütün bölgələrində aparılan davamlı müşahidələrə əsaslanan proqnozlar dəyişən iqlimi izləmək, cəmiyyətlərin və iqtisadiyyatların artan risklərə hazırlaşmasına kömək etmək baxımından əvvəlkindən daha vacibdir. Müsbət məqam ondan ibarətdir ki, çoxsaylı təhlükələr barədə erkən xəbərdarlıq sistemlərinin mövcudluğu barədə məlumat verən ölkələrin sayı 2015-ci ildəki 56-dan 2025-ci ildə 136-ya yüksəlib.

WMO-nun 2026-cı il üzrə İqlimin Vəziyyətinə dair yenilənmiş hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 konfransının ilk günü, elmi məlumatlara əsaslanan mötəbər sənəd kimi təqdim edilib. Hesabatda mümkün olan hallarda 2026-cı ilin sentyabr ayınadək olan məlumatlardan istifadə olunub. Buna görə də El-Ninyo hadisəsinin son təsirləri sənəddə əksini tapmayıb.

Qlobal İqlimin Vəziyyəti üzrə yekun 2026-cı il hesabatı 2027-ci ilin mart ayında dərc olunacaq. Sənədin hazırlanmasında onlarla milli meteorologiya və hidrologiya xidməti, regional iqlim mərkəzləri, BMT tərəfdaşları və WMO icmasının ekspertləri iştirak edəcək.

Əsas göstəricilər necədir?

Qlobal temperatur: 2026-cı ilin yanvar-sentyabr ayları üzrə qlobal orta səthə yaxın temperatur anomaliyası 1850-1900-cü illərin orta göstəricisindən 1,47°C ± 0,13°C yüksək olub. Bu göstərici 2025-ci ilin (1,43°C) və 2023-cü ilin (1,46°C) tamillik orta göstəricilərinə yaxındır, 2024-cü ilin rekord göstəricisindən (1,55°C) isə aşağıdır. Bu məlumatlar beynəlxalq səviyyədə tanınan doqquz məlumat bazasına əsaslanır. 2023-2026-cı illər müşahidələr tarixində ən isti dörd il olub.

İlin əvvəlində La-Ninya şəraiti müvəqqəti soyuducu təsir göstərsə də, El-Ninyonun inkişafı ilə bu təsir aradan qalxıb. 2026-cı ilin iyun, iyul və avqust aylarında qlobal orta okean səthi temperaturu müşahidələr tarixində ən yüksək və ya ikinci ən yüksək göstəriciyə çatıb. May-sentyabr aylarında isə qlobal aylıq temperatur ilin müvafiq dövrü üçün ən yüksək üç göstərici sırasında olub.

El-Ninyo hadisəsinin 2027-ci ilin əvvəlinədək davam edəcəyi proqnozlaşdırılır. El-Ninyo adətən illik qlobal orta temperaturu təxminən 0,1-0,2°C artırır. Buna görə də 2026-cı ilin yekun temperatur anomaliyasının yanvar-sentyabr ayları üzrə orta göstəricidən yüksək olacağı ehtimal edilir. El-Ninyo adətən qlobal orta temperatura ən böyük təsirini yarandığı ildən sonrakı il göstərir.

İstixana qazlarının səviyyəsi: 2025-ci ildə atmosferdə istixana qazlarının konsentrasiyası yeni rekorda çatıb. Atmosferdə karbon qazının konsentrasiyası 1750-ci ildəki təxminən 278 ppm-dən 2025-ci ildə 426,8 ppm-ə yüksələrək 53 faiz artıb. Metanın qlobal orta konsentrasiyası 1750-ci ildəki 729 ppb-dən 2025-ci ildə 1948 ppb-yə çataraq 167 faiz artıb. Azot oksidinin konsentrasiyası isə 1750-ci ildəki 270 ppb-dən 2025-ci ildə 339,1 ppb-yə yüksələrək 26 faiz artıb.

Havay adalarındakı Mauna Loa və Avstraliyadakı Kennaook/Kap-Qrim kimi əsas müşahidə stansiyalarından əldə edilən ölçmələr 2026-cı ildə də artımın davam etdiyini göstərir. El-Ninyo hadisələri adətən istixana qazlarının konsentrasiyasının yüksəlməsinə səbəb olur.

Yer kürəsinin enerji balanssızlığı: Okean istiliyinin ölçülməsi və peyk müşahidələri Yer kürəsinin iqlim sistemində istiliyin toplanma sürətinin artdığını göstərir. 2025-ci ildə bu göstərici 1960-cı ildən bəri müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb. 2026-cı ilin yanvar-iyul ayları üzrə ilkin məlumatlar daha bir rekord göstəricinin qeydə alındığını göstərir.

Okeanın 2000 metrədək dərinliyində istilik miqdarı 2025-ci ildə müşahidələr tarixinin ən yüksək səviyyəsinə çatıb və ilkin məlumatlara görə, 2026-cı ilin iyul ayınadək artmaqda davam edib. Okeanların istiləşmə sürəti artıb və xüsusilə son iyirmi ildə bu artım daha da güclənib. Bu proses dəniz ekosistemlərinə, biomüxtəlifliyə və okeanın karbon udma qabiliyyətinə təsir göstərir. Okean istiliyi tropik və subtropik fırtınaları gücləndirir, qütb bölgələrində dəniz buzlarının əriməsini sürətləndirir və qurudakı buzlaqların əriməsi ilə birlikdə dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu istiləşmənin yüzlərlə, hətta minlərlə il davam edəcəyi proqnozlaşdırılır.

Dəniz səviyyəsi: 2026-cı ildə qlobal orta dəniz səviyyəsi rekord həddə çatıb. Peyk müşahidələrinin başlanmasından bəri buzlaqların və buz örtüklərinin daha sürətlə əriməsi, eləcə də isinən suların istilik genişlənməsi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi sürətlənib. 2026-cı ilin iyun, iyul və avqust aylarında dəniz səviyyəsi 1993-cü ildə peyk altimetriyası müşahidələrinin başlanmasından bəri ən yüksək göstəricilərə çatıb. Bu kəskin artım El-Ninyo hadisəsinin inkişafı ilə əlaqəli dəyişiklikləri, o cümlədən Sakit okeanın qərb tropik bölgəsində yağıntıların qurudan okeana doğru yerdəyişməsini əks etdirə bilər.

Dəniz buzları: 2026-cı ildə Antarktida dəniz buzlarının illik maksimum sahəsi peyk müşahidələrinin aparıldığı 1979-cu ildən bəri üçüncü ən aşağı göstəriciyə çatıb. Arktikada isə maksimum göstərici ən aşağı və ya ikinci ən aşağı səviyyədə olub. Dəniz buzları qlobal iqlim sistemi və qütb ekosistemləri üçün mühüm əhəmiyyət daşıyır.

Buzlaqlar: 2025-ci ildə buzlaqlar 400 giqatondan çox buz itirib. Bu, dəniz səviyyəsinin təxminən 1 millimetr yüksəlməsinə bərabərdir. İllik buz itkisi bir il ərzində hər saniyə beş olimpiya hovuzunu doldura biləcək həcmdə olub. 2025-ci il dünyada buzlaqlara malik 19 regionun hamısında buz itkisi qeydə alınan ardıcıl dördüncü il olub. Buzlaqların əriməsi yerli və aşağı axın ərazilərində geoloji təhlükələrə, ekologiyaya, regional su ehtiyatlarına və suyun keyfiyyətinə, eləcə də qlobal enerji və dəniz səviyyəsi balansına təsir göstərir.

Şirin su ehtiyatları: Yer üzündə, o cümlədən yeraltı sularda, torpaqda, çaylarda, su anbarlarında, buzlaqlarda və qarda toplanan su ehtiyatları 2014-cü ildən bəri qlobal miqyasda azalıb. 2025-ci ildə qiymətləndirilən qlobal ərazinin 42 faizində qurudakı su ehtiyatları uzunmüddətli orta göstəricidən aşağı olub. Uzunmüddətli orta göstərici isə 25 faiz təşkil edir.

Ekstremal hadisələr bir çox regionda insanların həyatına və dolanışıq imkanlarına təsir göstərib, ərzaq təhlükəsizliyini zəiflədib, yoxsulluğu dərinləşdirib və insanların yaşayış yerlərini tərk etməsinə səbəb olub. Avropada isti hava dalğaları, quraqlıq və meşə yanğınları ilkin hesablamalara görə, 30 mindən çox əlavə ölümə səbəb olub. Ən azı səkkiz ölkədə temperatur rekordları qeydə alınıb, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrinə ciddi ziyan dəyib.

2026-cı ilin aprelində Hindistanda baş verən isti hava dalğası nəticəsində təxminən 146,5 milyon insan ekstremal istilərə məruz qalıb. Avqustun sonunda Himalay dağlarında buzlağın uçması və aşağı axın ərazilərində baş verən dağıdıcı qəfil daşqınlar 1300-dən çox insanın ölümünə səbəb olub və Nepal iqtisadiyyatına böyük zərər vurub. Tropik siklonlar bir çox ölkədə dağıntılara və insan tələfatına səbəb olub.

Hazırkı El-Ninyo hadisəsinin sağlamlıq üçün riskləri artıracağı gözlənilir. İstilərin artması, quraqlıq və güclü yağıntılar istiliklə əlaqəli xəstəliklərə və ölüm hallarına, meşə yanğınlarının tüstüsünə və havanın keyfiyyətinin pisləşməsinə, qidalanma problemlərinə və ərzaq çatışmazlığına, xəsarətlərə, eləcə də vəba, malyariya və denge qızdırması kimi su və vektorlar vasitəsilə yayılan xəstəliklərin risklərinin dəyişməsinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gözlənilən sağlamlıq təsirlərini ilk dəfə olaraq sağlamlıq üçün fövqəladə vəziyyət kimi təsnif edib.

El-Ninyo artıq kənd təsərrüfatı üçün mühüm mövsümlərdə və istehsal sistemlərində riskləri artırır. Bu, xüsusilə ərzaq təhlükəsizliyinin zəif olduğu və yağış sularından asılı kənd təsərrüfatının geniş yayıldığı ərazilərdə özünü göstərir.

Lalə Mehralı

Digər xəbərlər