İqtisadiyyat

  • 42 956

Azərbaycan xalq-iqtidar birliyi olan ölkədir

image

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyası ilə bağlı hesabata əsasən, Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkə arasındadır. "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyada Azərbaycanın dünyada ilk 20 ölkə arasında qərarlaşması birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Obyektiv sorğu nəticəsində, Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad isə inkişafı, ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir.

Ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. 2015-ci ildən başlayaraq, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb və əhalinin hökumətə etimadının daha da artması müşahidə olunmaqdadır. Qonşu dövlətlərdə, ələlxüsus, işğalçı rejimin hakimiyyəti altında olan Ermənistanda iflas tendensiyasının davam etdiyi, əhalinin acınacaqlı hala düşdüyü məqamda, hökumətə qarşı əhalinin sərt çıxışları olduğu halda, bütün qlobal layihələrin, sosial siyasətin və inkişafın fonunda Azərbaycan xalqının hakim partiyaya və ölkə rəhbərinə olan etimadı başadüşüləndir.
"Siyasətçilərə ictimai etimad" adlanan kateqoriya üzrə "Böyük İyirmilik" ölkələrinin hər 4-dən 3-nü geridə qoyan Azərbaycan, bu kateqoriyada bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. "Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycan daha bir kateqoriya üzrə, yəni "Dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb və bu da, o deməkdir ki, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən ölkələrin sırasındadır. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznes mühitinin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.

Azərbaycanda sabitlik qorunub və möhkəmlənib

Göründüyü kimi, artıq dünya ictimaiyyəti belə ölkəmizdə gedən islahatlara, sosial layihələrə, sabitliyə, xalqın rifah halının yüksək olmasına biganə qala bilmir və müxtəlif hesabatlarda da, bu, öz əksini tapır. Baxmayaraq ki, beynəlxalq miqyasda Azərbaycan həqiqətləri təhrif edilir, uğurlara qısqanclıqla yanaşılır, xristian həmrəyliyi, erməni lobbiçiliyinin də mənfi təsiri danılmazdır, amma mütəmadi olaraq, ölkənin nüfuzu, inkişafı, demokratiyanın, dövlət siyasətinin uğurları etiraf edilir. Daha dəqiq desək, hesabatların sorğu ilə tərtib edildiyini nəzərə alsaq, deyə bilərik ki, bu hesabatlar tərtib edilərkən, birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslandırıldığı üçün tam reallığı əks etdirir və hesabatı tərtib edənlər bu reallığı etiraf etmək məcburiyyətindədir.
Adətən, böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik həm qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərir və bu siyasəti dəstəkləyirlər. Ölkədə investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın düzgün strategiya üzərində qurulması investorların marağına səbəb olmaya bilməz və statistik göstəricilər sübut edir ki, ölkəmiz investisiya qoyuluşu üçün əlverilşli hesab olunur. Təkcə 2017-2018-ci illərdə Azərbaycan iqtisadiyyatına 30 milyard ABŞ dolları sərmayə yatırılacağı gözlənilir ki, bu da ölkənin ümumi daxili məhsulunun 80 faizindən çoxunu təşkil edir.

İctimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir

Ölkəmizə gələn turistlərin 2017-ci ildə 500 min nəfər artaraq, 2,7 milyon nəfərə çatması isə, öz növbəsində, Azərbaycanda sabitliyin ən parlaq təzahürüdür. Azərbaycanda turizmin dinamik inkişafı ölkədə təhlükəsizliyə olan etimadı təsdiq edən ən əsas amildir və xarici ölkə vətəndaşlarının ölkəmizdə olan sabitliyə inamını ifadə edir. Heç bir əcnəbi vətəndaş işğalçı və separatçı Ermənistanı səyahət və turizm məkanı kimi seçə bilməz və Azəbaycana turist axını, ölkənin turizm biznesinin inkişafı ölkə rəhbərlyinin uğurlu siyasətinin və strategiyasının məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir. Məhz buna görə də, geniş ictimaiyyətin dövlətə olan inamı, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir və elə bu səbəbdən, hakimiyyət haqlı olaraq, ictimai dəstəyə arxalanır.

İnam Hacıyev

Digər xəbərlər