Xəbərlər

  • 3 144

Muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 100 milyon manatdan çox olub

image

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2017-ci il 1 iyul tarixinə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 101 milyon 825 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 5 milyon 324 min manat, uzunmüddətli kredit qoyuluşu isə 96 milyon 501 min manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu faktları Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən iclasda idarənin sədri vəzifəsini icra edən Orxan Abdullayev səsləndirib.
Bildirilib ki, kreditləşmədə əsas məqsəd aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarı qorumaq, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Eyni zamanda, muxtar respublika əhalisinə verilmiş 7 milyon 95 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 2 milyon 120 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, real sektor da dəstəklənib. 2017-ci ilin 6 ayı ərzində bank və kredit təşkilatları tərəfindən 11 milyon 307 min manat kredit verilib ki, bunun da 2 milyon 382 min manatı qısamüddətli, 8 milyon 925 min manatı isə uzunmüddətli kreditlərdir.
“Muxtar respublikada təklif edilən faiz dərəcəsi ölkəmizin iqtisadi rayonları arasında kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcələridir”, - deyən Orxan Abdullayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib. Artıq muxtar respublikada vətəndaşların ödəniş kartları vasitəsilə vergi və rüsumların, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumların, gömrük rüsumlarının, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarının, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsinin elektron ödəniş formasında aparılması təmin edilib. Ödəniş sistemlərinin inkişaf etdirilməsi məqsədilə POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ilin birinci yarısında 48 POS-terminal quraşdırılaraq, onların sayı 1250-yə çatdırılıb. POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 611 min manat artaraq 15 milyon 916 min manat olub. Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 56-sı Naxçıvan şəhərində, 47-si isə rayon mərkəzlərində və böyük kəndtipli yaşayış mərkəzlərində olmaqla, 103 bankomatla xidmət göstərilib.
İclasda bank əmanətlərinin də əhəmiyyətinə toxunularaq bildirilib ki, 2017-ci il 1 iyul tarixinə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 574 min manat, o cümlədən xarici valyuta ilə 2 milyon 815 min manat təşkil edir. Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 309 min manat artıb. Eyni zamanda, banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 2 faizdən 15 faizədək illik faiz ödənilir.
Tədbirdə gələcəkdə görüləcək işlərdən də danışılıb. Sonra çıxışlar dinlənilib.

Digər xəbərlər