Bəhruz Quliyev: “Bu, tükənmiş müxalifətin növbəti uğursuzluğu idi”

“Göründüyü kimi, müxalifətin şousu başa çatdı və hətta özlərinin də əvvəlcədən bildikləri uğursuz nəticə göz önündədir”. Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev “Milli Şura”nın mitinqinin uğursuz nəticəsini şərh edərkən deyib. Onun sözlərinə görə, özlərini müxalifətçi adlandıranlar həmin mitinqlərini nə mətbuatda işıqlandırmadılar, nə də digər informasiya resurslarında yayımlamağa cürət etmədilər: “Bildiyimiz qədər, onlar daha öncə deyirdilər ki, mitinq sosial şəbəkələr vasitəsi ilə canlı yayımda veriləcək və s. Əslində bu, həmin müxalifətçilərin öz biabırçılıqlarına, rüsvayçılıqlarına elə özlərinin də razılaşması anlamını daşıyan acınacaqlı vəziyyətləridir”. “Həmçinin, qarşılaşdıqları rəzalət onların avropalı havadarlarını aldatmaq cəhdi idi”-deyə qeyd edən siyasi ekspertə görə, fakt budur ki, radikalların öz problemləri elə problem olaraq da qalmaqdadır: “Onlar nə yenilənə bilirlər, nə də köhnə mitinq eyforiyası, meydan təfəkkürü beyinlərindən silinmir. Necə deyərlər, nostalji hisslərlə yaşayırlar. Amma dövr o dövr deyil, çünki müasir dövr inkişaf və tərəqqi dövrüdür”.
Bəhruz Quliyev əlavə olaraq onu da vurğulayıb ki, bu gün hakimiyyət xalqın maraqlarının əsas qarantı və müdafiəçisidir və üzə çıxan müəyyən problemlərin həll olunması istiqamətində dövlətimiz nəhəng işlər reallaşdırır: “Ona görə də özlərinə müxalifətçi adı qoyub mitinq keçirənlər sadəcə, Qərb havadarlarının gözlərindən pərdə asmaq üçün bu kimi teatralizə olunmuş uğursuz tamaşalarını sərgilədilər. Amma nəticədə xalq da gördü ki, bu, tükənmiş müxalifətin növbəti uğursuzluğu idi”.