Novruz Məmmədov: “Gənclər YAP-a üzv olmağı özlərinə qürur hesab edirlər”

“Ümumiyyətlə Yeni Azərbaycan Partiyası (YAP) haqqında danışarkən birinci növbədə qeyd etmək lazımdır ki, bu Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP XX və XXI əsr miqyasında götürsək dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri Heydər Əliyevin təşəbbüsü, iştirakı və xeyir-duası ilə yaradılmış bir partiyadır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu gün Azərbaycanın keçdiyi yol, qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi möhtəşəm layihələr, nəqliyyat dəhlizləri, qaz və neft kəmərləri, dəmiryolları və s. hamısında YAP-ın öz töhfəsi vardır: “Burada əsas səbəb də odur ki, bu gün hakim partiya olan YAP xalqın partiyasıdır. Yəni bu partiya ölkənin xalqı ilə rəhbərliyi arasında bir vəhdət, körpü, dayaq nöqtəsi kimi birliyini təmin edir. Bu gün Azərbaycanın qazandığı bütün uğurlarda, keçdiyi şərəfli yolda YAP-ın böyük rolu vardır.
YAP həm üzvlərinin sayına, həm də fəaliyyətinə görə həmişə üzdə olan, ölkənin keçdiyi bütün proseslərdə fəal iştirak edən bir partiyadır. Bu gün YAP-ın üzvlərinin sayı getdikcə artır. Bunun böyük əhəmiyyəti vardır. Həmçinin bu çox vacib bir məsələdir. Bu o deməkdir ki, insanların bu partiyaya inamı var. YAP novator partiyadır, həm daxili, həm xarici siyasətdə ölkə maraqlarından çıxış edərək əməkdaşlıq əlaqələrini qurur. YAP Mərkəzçi Demokratlar İnternasionalı adlı beynəlxalq qurumla da sıx əməkdaşlıq edir. YAP öz gücünə, müdrikliyinə, fəaliyyətinə görə xüsusi yer tutur. Bu partiya eyni zamanda gənclərin partiyasıdır. YAP-da gənclərin sayı çoxdur. Gənclər bu partiyaya üzv olmağı özlərinə qürur hesab edirlər, partiyanın fəaliyyətinə, işinə güclü şəkildə öz töhfələrini verirlər. Düşünürəm ki, Azərbaycanın beynəlxalq aləmdə qazandığı yer, mövqe, oynadığı rolda YAP-ın böyük rolu olub. Əlbəttə bu da təbiidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın sədridir. Düşünürəm ki, bundan sonra da hələ uzun onilliklər Azərbaycanın müstəqilliyi, sabitliyi, təhlükəsizliyi, davamlı inkişafı əbədidir. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və ölkə xalqı bu partiya ilə birlikdə hələ uzun müddət uğurlu, nailiyyətlər dolu yolunu davam etdirəcək”.