Xəbərlər

  • 2 740

İmişlidə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə keçirilib

image

Fevralın 16-da İmişlidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Din xadimlərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov rayondakı dini durum, dini icmaların fəaliyyəti barədə danışıb.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu din siyasətindən söhbət açaraq qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Hazırda nümunəvi dövlət-din münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdiyini bildirən Səyyad Salahlı bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, ölkəmizdə dini ibadətgahlar dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilir, yeniləri tikilir. Mütəmadi olaraq dini icmalara maliyyə vəsaitləri ayrılır.
Bölgədəki dini durumu və nüfuzlu din xadimlərinin fəaliyyətini yüksək qiymətləndirən sədrin birinci müavini dindarların ölkənin quruculuğunda, müdafiəsində, cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında böyük rola malik olduqlarını dilə gətirib. İslamın fundamental dəyərlərinin geniş təbliğ edilməsinin önəmini qeyd edən Səyyad Salahlı dini radikalizm və onun fəsadları barədə də danışıb. O, radikalizmə qarşı mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizənin metodologiyası barədə danışıb. Ə.Zülfüqarov dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatdırıb. O, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanmasının radikalizmin qarşısının alınmasında ən güclü vasitə olduğunu deyib. İmişli şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Adıgözəl Bəşirov bildirib ki, milli mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müsbət dinamika Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Digər xəbərlər