Tural Gəncəliyev: İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir

Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2019-cu il 8 sentyabr tarixində “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilib. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir təhqirdir.Bu fikirlər Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin işğal edilmiş ərazilərimizdə keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər” ilə bağlı bəyanatında yer alıb.

“Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri”nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmizləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində, işğalçı Ermənistan və qanlı xunta belə “seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur. Saxta “seçkilər”, həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək”,- deyə bəyanatda vurğulanır.

yap.org.az