Xəbərlər

  • 3 136

Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir

image

“Heydər Əliyev dühasının, iradəsinin və müdrikliyinin məhsulu olan, “Əsrin müqaviləsi” adını almış məşhur neft sazişinin imzalanmasından 25 il ötür. Dünyada neftin və qazın hasil və nəql edilməsi ilə bağlı çox müqavilələr imzalansa da, “Əsrin müqaviləsi” adını daşıyan saziş Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədardır. Azərbaycanın dövlət müstəqilliyinin o zaman üçün məlum olan risklərdən qorunması, beynəlxalq aləmdə tanınması və gələcək inkişafının əsaslarının qoyulması “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində mümkün oldu. Kasıb, müharibə vəziyyətində olan, xarici təhlükələri hələ tam neytrallaşdıra bilməmiş bir ölkədə on milyardlarla dollar həcmində sərmayənin qoyulmasını nəzərdə tutan layihənin həyata keçirilməsi səhmdarlardan ötrü böyük risk idi. Lakin onlar Heydər Əliyevin şəxsiyyətinə və qüdrətinə inandıqlarına görə bu riskə getdilər. Bu, Heydər Əliyevin uzaqgörənliyinin, zəkasının və dövlət adamı kimi qətiyyətinin təntənəsi idi. Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin daxili və xarici risklər baxımından məlum reallıqları şəraitində “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq nəinki müdriklik və dahilik, həm də böyük qəhrəmanlıq nümunəsi idi. Heydər Əliyev mürəkkəb geopolitik “savaşdan” milli qəhrəman kimi çıxdı.” Bu fikirlər Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə facebook səhifəsində paylaşdıgı yazısında qeyd olunur.

Əli Əhmədov bildirib ki, artıq 25 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycana xidmət göstərir: “Onun sayəsində ölkəmizin dövlət xəzinəsinə milyardlarla vəsait daxil olub. Həmin pullar hesabına Bakının, şəhər və kəndlərimizin siması tanınmaz dərəcədə dəyişdi, yollar salındı, məcburi köçkün əhali üçün gözəl, müasir şəhərciklər inşa edildi, məktəblər, xəstəxanalar tikildi, ordumuz gücləndi və qüdrəti artdı, həyatımız və taleyimiz bütünlüklə dəyişdi. İndi Azərbaycanda yaşamaq xoş, cəlbedici və qürurvericidir. Onu da qeyd etmək istəyirəm ki, “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir. Ondan sonra neçə-neçə yeni sazişlər imzalanıb və ölkəmizin gələcəyini daha firəvan, daha çiçəklənən edəcəkdir.

Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, onun gələcəyinin təməlini yaratdı. Bu gün hər bir azərbaycanlı misilsiz xidmətlərinə görə Ona dərin minnətdarlıq hisslərini ifadə edir, Heydər Əliyev siyasətinə sədaqətini bildirir və Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Bu günümüz gözəldir, gələcəyimiz isə daha gözəl olacaq.”

Digər xəbərlər