Siyasət

  • 2 795

48 il öncə başlanan milli intibah

image

Azərbaycanın Memarı və Qurucusu Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın dinamik inkişafı, aparılan məqsədyönlü, daxili və xarici siyasəti bugünkü möhtəşəm uğurların təməlini qoydu. Xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Bu gün Onun Azərbaycana rəhbərlik etdiyi dövrü vərəqlədikcə Ulu Öndər Heydər Əliyev zəkasını, düşüncəsini, müdrikliyini, böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi.
Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərin əvvəlləri, Dahi Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq, Azərbaycanda böyük canlanma müşahidə olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən sosial sahələrin, o cümlədən, səhiyyənin də inkişaf dövrü başladı. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndər Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi Onun Azərbaycan səhiyyəsinə olan nəzarətini daha da artırdı. Həmin dövrlə bağlı Ulu Öndər Heydər Əliyev belə deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovet İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində, digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyllərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən və təhdidlərdən xilas etdi. Xalqın tarixinə iz salan 1993-cü il 15 iyun Azərbaycanın ictimai-siyasi, mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi dövrün əsası qoyuldu. Onun ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq, demokratik keçid yoluna qədəm qoyuldu.

Müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyev ənənələri yaşayır və səhiyyədə görülən işlər, əldə olunan uğurlar Ümummilli Liderin məqsədyönlü siyasətinin nəticəsidir. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq, iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Prezident Cənab İlham Əliyevin diqqət mərkəzindədir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalini sağlamlığını təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədlə son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığından, son illərdə ölkə büdcəsindən səhiyyəyə ayrılan xərclər 11 dəfədən çox artıb. “Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən, səhiyyənin problemlərinin həllinə yönəltməliyik” - deyən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 600-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir.
Bu gün reallıqlara söykənib, qətiyyətlə deyə bilərik ki, Azərbaycan səhiyyəsinin inkişafı ən yüksək səviyyədədir və ölkəmizdə keyfiyyətli və səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar mövcuddur. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşır. Cənab Prezidentin vurğuladığı kimi:”Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşdirilir. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır”.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər