Siyasət

  • 4 196

Sahibkarlığın inkişafı dövlət siyasətinin prioritet məsələlərindəndir

image

Prezident İlham Əliyev: “Dövlət həmişəki kimi sahibkarların yanında olacaqdır”
Neft kapitalının insan kapitalı ilə əvəz olunması çağırışını dövlət siyasətinin əsas istiqamətləri kimi daim diqqətdə saxlayan Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı üçün daxili potensialdan, təbii resurslardan, əlavə imkanlardan istifadəni başlıca tələb kimi qarşıya qoyur. Çünki daxili tələbatın yerli istehsal hesabına ödənilməsi özlüyündə sahibkarlığın inkişafını günün tələbi kimi qaçılmaz edir.
Son illərdə sahibkarlarla keçirilən görüşlərdə özəl sahənin genişləndirilməsi naminə maddi-mənəvi dəstəyin göstəriləcəyini bildirən dövlət başçımız İlham Əliyevin tövsiyəsi ilə iş adamlarının səmərəli fəaliyyəti üçün şərait yaradılır və biznes maraqları nəzərə alınır. Sahibkarlığın inkişafının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirən Prezident İlham Əliyev vurğulayır ki, “Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən, nəinki biznes maraqları, ümumiyyətlə, ölkə qarşısında duran vəzifələrin, o cümlədən, sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca, bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar”.
Ölkəmizin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məsələləri dayanır. Bu baxımdan, daha çox insanın maraq göstərdiyi özəl sektorun genişləndirilməsi sosial məsuliyyət kimi də diqqət mərkəzindədir. Xüsusilə bölgələrdə əhalinin məşğulluq səviyyəsinin artırılmasında mühüm əhəmiyyətə malik özəl sektorun gücləndirilməsi dövlət proqramlarında qarşıya qoyulan başlıca vəzifələrdəndir. Qeyri-neft sənayesinin 2, kənd təsərrüfatının 3,5 faiz, ticarət dövriyyəsinin 15, ixracın 50 faizə yaxın artması iş adamlarına, fermerlərə göstərilən qayğının nəticəsidir. Beləliklə, idxalın 17 faiz azalmasına nail olunmuş, kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır ki, bu da üç ayda 1 milyard dollardan artıq gəlir deməkdir. Təbii ki, qazanılan vəsait, eyni zamanda, valyuta ehtiyatlarının artmasına da təsir göstərir. Buna görə də, xarici bazarlarda tanınmaq üçün daha keyfiyyətli, rəqabətədavamlı məhsul istehsalının artırılması ilə yeni iqtisadi modelə keçmək, iqtisadiyyatda ən vacib islahatlar aparmaq, müasir innovasiyaların, texnologiyaların tətbiqi günün vacib məsələsidir.
Belə ki, qeyri-neft sektorunu genişləndirməklə, qarşıya qoyulan hədəflərə nail olmaq hər bir iş adamından səmərəli fəaliyyət, işgüzarlıq tələb edir. Bu məqsədlə qəbul edilmiş qərarlar, qanunlar, imzalanan fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Qeyri-neft məhsullarının ixracını sürətləndirəcək mühüm tədbirlərin həyata keçirilməsi ilə təşviq sisteminin tətbiqi artıq özünü doğrultmaqla Azərbaycanın xarici bazarlara məhsul ixracı imkanlarını artırır. Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərindən istifadə etməklə, qazanc əldə edən sahibkara dövlət tərəfindən güzəştlər olunur.
Sevindirici haldır ki, fermerlər əvvəlki illərdə dövlət tərəfindən aldıqları güzəştli kreditləri qaytarır. Bu kimi müsbət hallar güzəştli kreditlərin daha yüksək rəqəmlərlə ayrılmasına imkanlar yaradır. Prezident İlham Əliyev vurğulayır ki, investisiya təşviqi mexanizminin təşviqi üzrə verilən sənədlərin artması buna parlaq misaldır: “Yəni bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir”.
Məlumat üçün bildirək ki, müəyyən edilmiş layihə çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulub. Fermer təsərrüfatlarının genişlənməsində meliorativ tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, hər il min hektarlarla sahənin suvarılmasını təmin edəcək su mənbələri, hövzələr və anbarlar tikilir. Ölkə iqtisadiyyatının gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına imkan yaranmışdır. Bütün bunlar iqtisadi potensialın artmasına, bol məhsul yetişdirilməsinə, ölkəmizin xarici bazarlarda tanınmasına, ən başlıcası isə, ölkə əhalisinin tələbatının yerli məhsullar hesabına ödənilməsi imkanlarını artırır. Dövlətin sahibkarlara ən böyük dəstəyi isə, “Azexport” portalının yaradılmasıdır. “Bu portalın yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artacaq” söyləyən Prezident İlham Əliyevin daim diqqət yetirdiyi “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend dünyada şöhrət qazanır. Beynəlxalq sərgilərdə iştirak edən iş adamları ilə müqavilələr bağlanır.
Qeyri-neft sektorunun və aqrar sahənin inkişafı üçün nəzərdə tutulan güzəştlərdən biri də fermerlərin torpaq vergisindən başqa bütün vergilərdən azad olmasıdır. Bu baxımdan, daxili bazarı keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edən sahibkarlar ordusu güclənir. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq və subsidiyalar verilir.
Eyni zamanda, xarici ölkələrdə Azərbaycanın ticarət evləri yaradılır ki, bütün bu addımlar sahibkarlar üçün yeni imkanlar yaradır. Amma qeyri-neft məhsullarının ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbat təmin olunmalıdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tətbiqində də başlıca hədəf 3-4 il ərzində əsas istehlak malları ilə ölkə əhalisinin tələbatını ödəmək, özümüzü tam şəkildə təmin etməkdir. Prezident İlham Əliyev tövsiyələrini də bildirir: “Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə, bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Əlbəttə ki, biz bunu ancaq sahibkarların köməyi ilə, onların fəaliyyəti hesabına təmin edə bilərik. Dövlət isə həmişəki kimi sahibkarların yanında olacaqdır”.

“Səs” Analitik Qrupu

Digər xəbərlər