Siyasət

  • 4 407

Mehriban xanım Əliyeva - nəcib insan, qayğıkeş ana və dövlət xadimi

image

Onun zəngin fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır
Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də, saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti və ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir.
Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin 21 fevral tarixində imzaladığı Sərəncamla ölkənin Birinci vitse-prezidenti təyin olunduqdan sonra da qeyd olunan sahələrdə fəaliyyətini davam etdirəcəyini bildirib. Təyinatı ilə bağlı bildirib ki, Birinci vitse-prezident kimi bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindədir.
Digər tərəfdən, Mehriban xanım Əliyevanın bu uğurlu təyinata qədər Azərbaycan üçün gördüyü işləri nəzərdən keçirsək, belə bir qənaətə gəlmək mümkündür ki, Birinci Xanım bundan sonrakı illərdə əvvəlki fəaliyyətini dövlət idarəçiliyində daha sistemli şəkildə və uğurla həyata keçirəcək. Mehriban xanım, məhz bu sahələrdə həyata keçirdiyi layihələr, gördüyü işlər sayəsində xalqın etimadını, inamını və məhəbbətini qazanıb. Buna misal kimi, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini, minlərlə məhkum ailələrinin sevinclərinə səbəb olan təşəbbüslərlə çıxış etməsini və sair yüzlərlə belə faktları sadalamaq olar.

Birinci vitse-prezident kimi Mehriban Əliyeva bu işdə dövlət başçısına dəstək olacaq

Onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız ölkə daxilini əhatə etməyib. Onun təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar layihələr həyata keçirilib. Bu humanist missiya bütün dünyaya bəllidir və gözəl nümunədir. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyeva artıq yeni statusda, yəni indiyə qədər olan fəaliyyətini dövlət siyasəti səviyyəsində həyata keçirməkdədir.
Digər bir məqam isə Azərbaycan Prezidenti İlham Əliyevin daxili siyasətində sosial siyasət, xüsusən də, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı ailələrin sosial problemlərinin həlli həmişə prioritet təşkil etməsidir ki, Birinci vitse-prezident kimi Mehriban Əliyeva bu işdə dövlət başçısına dəstək olacaq. Çünki Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması üçün mühüm işlər görüb və bu istiqamətdə bitməyən potensiala malikdir.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində Mehriban xanım Əliyevanın danılmaz işləri mövcuddur

Mehriban xanım, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması, dünyada Azərbaycan mədəniyyətinin geniş təbliği istiqamətində də zəngin fəaliyyət göstərib. Bu baxımdan, Onun bütün fəaliyyəti boyu əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləməklə, təmsil olunduğu cəmiyyətə yalnız fayda gətirib. O, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə də xidmət edib. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində də Mehriban xanım Əliyevanın danılmaz işləri və fəaliyyəti mövcuddur. Onun zəngin fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.
Mən də fürsətdən istifadə edərək, dəyərli Mehriban xanım Əliyevanı növbəti doğum günü münasibəti ilə təbrik edir, Azərbaycanımızın çiçəklənməsi, xalqımızın firavan yaşaması istiqamətində apardığı yorulmaz fəaliyyətində uğurlar arzu edirəm.

Digər xəbərlər