Flora Qasımova: Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə hər zaman yüksək qayğı göstərir

«Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə hər zaman yüksək qayğı göstərir. Oktyabrın 5-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi buna bir daha bariz nümunədir». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.
F.Qasımova bildirib ki, son illər bu təbəqəyə aid insanların həyat şəraitinin yaxşılaşdırılması yönündə ciddi addımlar atılır. Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə tikilib istifadə verilən qəsəbələr də buna sübutdur.
«Təbii ki, bu qayğını məcburi köçkünlər minnətdarlıqla qarşılayır. Amma biz bilirik ki, bunlar müvəqqətidir. Bu insanlar öz doğma torpaqlarına qayıdacaqlarına inanırlar. Hər kəs doğma torpaqlara qayıdacağımız günü səbirsizliklə gözləyir. Ötən ilin aprel döyüşlərindən sonra böyük qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əminlik yarandı. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi ortadadır. Bütün çıxışlarında dövlət başçısı vurğulayır ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Dövlət başçısının mütəmadi olaraq təmas xəttinə səfər edib hərbçlərlə, insanlarla görüşmələri hər zaman böyük ruh yüksəkliyi yaradır. Cocuq Mərcanlı kəndində yaşayış bərpa olunması, insanların bu kəndə qayıtması bizdə inamı daha da gücləndirir»- deyə, deputat qeyd edib.

yap.org.az