Siyasət

  • 2 692

BTQ-nin reallaşması ilə Azərbaycan dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir

image

İlham Əliyev: “Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb Nəqliyyat Yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə
bir çox böyük ölkələri birləşdirəcək”
Şərq-Qərb Nəqliyyat Dəhlizinin gerçəkləşməsi istiqamətində artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars Dəmir Yolunun böyük əhəmiyyəti Prezident İlham Əliyevin açılış nitqində də vurğulandı. Regionun və eləcə də, Avrasiya məkanının ən böyük layihələrindən biri olaraq dəyərləndirilən BTQ-dən Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, Çin, Qazaxıstan, Orta Asiya ölkələri də istifadə edəcəklər. O cümlədən, Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini də özündə birləşdirəcək.
Beləliklə, BTQ dəhlizin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açmaq potensialındadır.
Əbəs yerə deyil ki, bir çox aparıcı geopolitoloji mərkəzlər Azərbaycanın öz əlverişli coğrafi mövqeyinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynadıqlarını dəfələrə vurğulayıblar. Bu, ölkəmizə Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat Dəhlizlərində önəmli yer tutmağa kifayət qədər zəmin yaradır.
Digər tərəfdən, BTQ Dəmir Yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Onun istifadəyə verilməsi ilə nəqliyyatın imkanları genişlənir, sərnişin və yük daşımalarının həcmi artır. Bu, eyni zamanda turizmin inkişaf potensialına əlavə stimul verəcək. Ümumiyyətlə, dəmir yolunun Asiya və Avropa arasında yük və sərnişin axınının artmasına təkan verəcəyi, turistlərin gediş-gəlişi üçün rahatlıq yaradacağı, Xəzər dənizi və Qara dəniz arasında bağlantını təmin edəcəyi şəksizdir. İstər bu, istərsə də digər amillər baxımından, Bakı-Tbilisi-Qars Dəmir Yolu, nəinki region, eləcə də, bu xəttə qoşulacaq digər ölkələr üçün də mühüm əhəmiyyətə malik bir infrastruktur kimi çox dəyərləndirilir. Digər ölkələrin də bu layihəyə qoşulmaları nəticə etibarilə Tarixi İpək Yolunun inkişafına xidmət edəcək. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq.
Prezident İlham Əliyev də vurğulayıb ki, hazırda Şimal-Cənub və Bakı-Tbilisi-Qars Nəqliyyat Dəhlizlərinin inteqrasiyası istiqamətində də iş aparılır. “Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb Nəqliyyat Yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək”-deyə qeyd edən ölkə başçısı, həmçinin, vurğulayıb ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. O cümlədən, bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var: “Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var - 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə nəticəsində çox güclü infrastruktur yaradılmışdır. Bu infrastruktur həm ölkə, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir”.
Beləliklə, bu nailiyyət, belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan qısa zaman içində kifayət qədər nəhəng yol qət edib və əldə edilən hər bir uğur həm iqtisadi, həm də siyasi cəhətdən böyük nailiyyət kimi qiymətləndirilir.
Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər