"YAP Azərbaycan dövlətinin və cəmiyyətin inkişafında misilsiz töhfələrə malikdir" MÖVQE

"Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil edir". Bunu SİA-ya YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deyib.Partiyanın yarandığı dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığını deyən YAP Qadınlar Şurasının sədri söyləyib ki, insanlar həmin dövrdəki rəhbərliyin ölkəni xilas edəcəyinə inanmırdılar: "O zaman ölkəmizin sərvətlərinə göz tikən bədxah qüvvələr Azərbaycanı xaos meydanına çevirməyə və öz maraqları əsasında idarə etməyə çalışırdılar. Məhz belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək naminə Ulu Öndər Heydər Əliyev vətənpərvər ziyalıların təkidli çağırışlarını və müraciətlərini nəzərə alaraq YAP-ı yaratdı".N.Əliyeva qeyd edib ki, əslində, YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı: "YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı. Tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi. Ötən müddət ərzində partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz, layiqli töhfələr verdi, vətənpərvər, ziyalı insanları öz ətrafında sıx birləşdirdi. Bu gün xalqın partiyası olan YAP Ümummilli Lideri Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edir. YAP Prezident İlham Əliyevin sədrliyi ilə ötən zaman kəsiyində xalqın inam və etimadı əsasında bütün seçkilərdə möhtəşəm qələbələr qazandı, öz fəaliyyətini uğurla davam etdirdi".

sia.az