Siyasət

  • 8 058

Milli məfkurəmizin azadlıq istəyinin oyanış günü

image

20 Yanvar şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq

Milli məfkurəmizin azadlıq istəyinin oyanış günü kimi xatırlanan 1990-cı il 20 Yanvar hadisələrindən 28 il ötür. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib. Sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ən əsası dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Ötən 28 ildə əsl həqiqət daha aydın şəkildə üzə çıxıb. Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət kimi dəyərləndirilən 20 Yanvar faciəsi uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
1990-cı ilin 19-20 yanvar tarixlərində, əsasən, ermənilərdən ibarət Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi-dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində, Bakıda və rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Lakin dünya bu qətliama göz yumdu.
Əvvəldə də qeyd etdiyimiz kimi, 20 Yanvar faciəsini, nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğurunda mübarizə əzmini sındırmağın mümkünsüzülüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzusu olub.
Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə, Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda Ulu Öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat vermişdi. Ümummilli Lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etmişdi.
20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət verilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə, müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ümummilli Lider şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eyni zamanda, 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətin diqqətində olub. 1993-cü ildən bu günə kimi 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində, mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir.
Bir sözlə, Bakının ən hündür məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər