Ramin Məmmədov: “Biz Xocalıya hüquqi qiymət verilməsinə çağırış edirik" MÜNASİBƏT

“Artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası həyata keçirilir. Bu təşəbbüs tək gənclər təşkilatının təşəbbüsü deyil, eyni zamanda dünyanın müxtəlif ölkələrini əhatə edən geniş beynəlxalq kampaniyaya çevrilmişdir. Bunun nəticəsi kimi artıq bir neçə ölkə Xocalıda baş vermiş hadisələrə soyqırım xarakterli münasibətini göstərib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov deyib.Sədr müavinin sözlərinə görə, təbii ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində aksiyalar keçirməkdədir: “Son illərdə müasir texnologiyalardan istifadə edərək istənilən beynəlxalq təşkilatların veb saytlarında müraciətlərin hazırlanması, petisiyaların imzalanması kimi tədbirlərə əlavə olaraq ənənəvi üsullarla da biz bu hadisəyə dünya ictimaiyyətinin obyektiv, hüquqi qiymət verməsinə çağırırıq. Fevral ayının 26-sı və 27-də də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlılarının növbədənkənar VI qurultayı keçiriləcək. Təbii ki, qurultayın keçirilmə mövzusu və məqsədi “Xocalıya ədalət!” kampaniyasında dünya azərbaycanlılarının daha aktiv, səmərəli iştirakının təmin edilməsinə dair fikir mübadiləsinin aparılması, Niderland Krallığında fəaliyyət göstərən ictimai və siyasi təşkilatlara müraciətlərin ünvanlanması və sairədir.Ümumiyyətlə Avropada baş verən proseslərdə dünya azərbaycanlılarının məhz ədalət prinsipindən irəli gələrək həmin ölkələrdə baş verən proseslərə, həmin ölkələrdə fəaliyyət göstərən təşkilatların Xocalıda baş verən prosesə daha diqqətli, obyektiv və daha səmərəli münasibətlərinin göstərilməsinə çağırışdan ibarət olacaq”.

sia.az