Tahir Mirkişili: “Azərbaycan beynəlxalq reputasiyasını möhkəmləndirib"

“Son 15 ildə Azərbaycan çox böyük inkişaf yolu keçib. Bu müddət ərzində həm müstəqilliyimiz möhkəmlənib, həm ordumuz güclənib, həm iqtisadiyyatımız 3 dəfədən çox artıb, həm də digər sahələrlə bağlı uğurlar əldə olunub. Bütün bunlar Azərbaycanın beynəlxalq reputasiyasını və dünya bazarında yerini möhkəmləndirib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Milli Məclisin ATƏT PA-da təmsil olunan deputatı Tahir Mirkişili deyib.Azərbaycanın dünyadakı mövqeyinin möhkəmləndirilməsini sübut edən göstəricilərdən söz açan komitə üzvü söyləyib ki, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, orada sədrliyə başlaması, Qoşulmama Hərəkatına üzv olan ölkələrin 2019-cu ildən etibarən 3 il müddətində Azərbaycanın bu təşkilatı idarə etməsi ilə bağlı qərar qəbul etməsi və digərləri ölkəmizə beynəlxalq aləmdə verilən dəyər, etibar və inamdır.Azərbaycanın ATƏT kimi çox böyük regional təşkilatda mühüm reputasiyaya malik olduğunu dilə gətirən deputat söyləyib ki, dünyada çox az ölkələr var ki, onların özlərinin müstəqil mövqeləri var: “Bir çox ölkələrin mövqeləri qruplaşmalar, böyük dövlətlərin diktəsi altında formalaşır və onlar buna uyğun şəkildə xarici siyasət aparırlar. Amma Azərbaycan çox az ölkələrdəndir ki, özünün xarici siyasəti və mövqeyi, bir çox hadisələrə yanaşması var. Məhz bu yanaşma dünya birliyi tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, hər hansı qərar verilən zaman əgər bu qərar bizim regiona aiddirsə, o zaman ölkəmizin mövqeyi hökmən nəzərə alınır. Bunun özü Azərbaycanın beynəlxalq mövqeyinin yüksək olmasını göstərir. Əlbəttə ki, ölkəmiz bu mövqeyindən istifadə etməklə regionda sülh və əmin-amanlığın təmin olunması, regional layihələrin həyata keçirilməsində özünü göstərir”.T.Mirkişili qeyd edib ki, son 15 ildə Azərbaycana 230 milyard dollardan çox xarici investisiya cəlb edilib: “Bildiyiniz kimi xarici investisiya o ölkələrə gedir ki, həmin ölkələrin reputasiyası yüksək olsun, reytinq cədvəllərində üst pillələrdə qərarlaşsın, eyni zamanda həmin ölkəyə böyük inam və etibar olsun. Azərbaycanın iqtisadi cəhətdən də Cənub Qaz Dəhlizi kimi böyük layihələr həyata keçirməsi, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələrin reallaşması ölkəmizin beynəlxalq imicinin kifayət qədər yüksək olmasının bariz nümunəsidir”.Milli Məclis tərəfindən ölkəmizdə həyata keçirilən xarici siyasətin dəstəklənməsi istiqamətində xeyli işlər görüldüyünü deyən deputat əlavə edib ki, bu işlərin davam etməsi, daha da aktivləşməsi, buna uyğun qanunvericilik bazasının yaradılması yönümdə də planlar mövcuddur.

sia.az