Arzu Nağıyev: “Ermənistan tərəfi daima bundan qaçıb”

“Düşünürəm ki, qondarma erməni soyqırımını gündəmə gətirməklə, dəfələrlə bunu yüksək tribunalardan səsləndirməklə erməni rəhbərliyinin və erməni lobbisinin, diasporunun əsas məqsədi siyasi proseslərlə bağlıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Onun sözlərinə görə, burada başqa heç bir məqsəd və məram yoxdur: “Sadəcə olaraq onlar müsəlmanların belə bir soyqırımı guya həyata keçirdikləri məsələsini gündəmə gətirməklə türk dünyasını bir təcavüzkar kimi göstərmək istəyirlər. Amma məlum məsələdir ki, hətta Rusiya rəhbərliyi səviyyəsində qapalı iclaslarda, tədbirlərdə də qeyd olunub ki, bu məsələnin ortaya atılmasında əsas məqsəd keçmiş Sovet hökuməti ilə Türkiyənin arasındakı münasibətləri qızışdırmaq və aranı vurmaqdan ibarət olub. Yəni bu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Elmlər Akademiyasının yaratdığı süni bir məsələ olub. Bildiyiniz kimi 1988-ci ilə qədər heç bu şəkildə onlar bunu qabartmırdı. Ermənistan müstəqil olduqdan sonra bu məsələ daha da qabarmağa başladı. Artıq bunu diaspor, lobbi səviyyəsində önə çəkməyə başladılar. Hətta bütün parlamentlərə müraciət etməkdə əsas məqsəd Türkiyə dövlətini bir təcavüzkar dövlət kimi göstərməkdən ibarətdir. Hətta müəyyən problemlər yaşansa da, bu, Osmanlı imperiyasının vaxtında yaşanıb. Düşünürəm ki, bunun hamısı siyasi məqsəd daşıyan məsələlərdir.Türkiyəyə gəldikdə isə dəfələrlə bu ölkənin rəhbərliyi səviyyəsində arxivlərin açılması, araşdırılması təklif olunub. Lakin Ermənistan tərəfi daima bundan qaçıb. Düşünürəm ki, bu özünün müəyyən cinayətlərini ört-basdır etmək üçün ortaya atılmış bir məsələdir. Bu süni məsələdir. Ermənistan rəhbərliyi və dünya ictimaiyyəti də bunu gözəl başa düşür. Bununla belə onlar insanların, hər bir millətin öz müqəddəratını həll edilmə prinsipini qabardır”.

sia.az