Siyasət

  • 5 102

“AXC-100. İstanbul – Bakı: toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirilib

image

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tədqiqatçı jurnalist Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirib. SİA-ya kitabxanadan verilən məlumata görə, təqdimat Türkiyə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb. Dilqəm Əhməd tədbirin əhəmiyyətinə toxunaraq bu mövzuda sərgilərin təşkilinin ənənəvi hal aldığını, müxtəlif yerlərdə keçirildiyini qeyd edib. Tədqiqatçı MEK-ə sərginin nümayiş etdirilməsində təşkilati dəstəyə görə təşəkkürünü bildirib. O, “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” sərgisinin məqsəd və məramı, nümayiş etdirilən əsərlər, onların mövzusu və mahiyyəti haqqında geniş məlumat verib.“AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” tədbirində Məhəmməd Əmin Rəsulzadənin Polşadan göndərdiyi 3 açıqca, 5 ədəd orjinal fotoşəkil, öz imzası ilə “Nizami” kitabı, cənazə mərasimi ilə bağlı dəfn albomu, Azərbaycan Xalq Cümhuriyyətinin ilk gerbi, Əhməd bəy Ağaoğlunun Maltada yazdığı gündəlik və fotoalbom, Azərbaycan mühacirət dönəminə aid kiçik bayraqlar, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə və Mustafa Vəkiloğluna aid məktub və foto şəkillər, Azərbaycan Cümhuriyyətinə və mühacirət tarixinə aid nadir materiallar sərgilənib.Məlumat üçün bildirək ki, AMEA Mərkəzi Elmi Kitabxanası Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixili “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamın icrasından irəli gələrək müxtəlif tədbirlər həyata keçirib. 2018-ci ildə MEK əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şamaxıdakı türk şəhidliyini ziyarət edib və ağacəkmə aksiyası keçirib, Türkiyədə AXC-yə aid qiymətli arxiv sənədləri araşdırmaçı Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilib. MEK könüllülərinin də dəstəyi ilə vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı” çərçivəsində 500-dən çox məqalə yaradılıb, redaktə edilib. Mərkəzi Elmi Kitabxana eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 işığında Azərbaycan Silahlı Qüvvələri günü” informasiya blokuna MEK-in töhfəsi” adlı tədbir, Bakı şəhərindəki orta məktəblər arasında “Vətənim Azərbaycan” mövzusunda şeir qiraəti müsabiqəsi, “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir, Bakının 15 sentyabr 2018-ci ildə işğaldan azad edilməsi münasibətilə sərgi təşkil edib. Kitabxana fondlarında AXC-yə aid olan sənədlər elektron kataloqa salınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.

sia.az

Digər xəbərlər