Mərkəz sədri: “Nikol Paşinyanın savadı çatmayıb başa düşsün ki...” ŞƏRH

“Ermənistan parlamentinin növbəti iclasında Dağlıq Qarabağ məsələsi indiki hakimiyyətlə köhnə hakimiyyət arasında mübarizə kontekstindən gündəliyə gəldi və sensasiyalı açıqlamalar yayıldı. Əvvəlcə indiki baş nazir Nikol Paşinyan keçmiş hakimiyyətin təmsilçisi, parlamentin beynəlxalq əlaqələr komissiyasının sədri Armen Aşotyanı Dağlıq Qarabağ tənzimlənməsində ona pis miras qoyduqlarına görə ittiham etdi. Buna cavab olaraq A.Aşotyan yenidən Serj Sərkisyanla danışdığını bildirdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, danışıq zamanı Serj Sərkisyan ona təsdiq edib ki, bütün sənədlərdə qırmızı xətlə göstərilib ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağ xalqı müəyyənləşdirəcəkdir: “Nikol Paşinyan bunun əvəzində bəzi məxfi məqamları açıqladı. Bəlli oldu ki, heç bir sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı açıq-aydın fikir yoxdur. N.Paşinyan təsdiq etdi ki, son təqdim olunan sənəddə hətta Dağlıq Qarabağın statusu haqqında ümumiyyətlə heç nə yoxdur, bəlli ərazilər Azərbaycana qaytarılır. Aydındır ki, Nikol Paşinyanın savadı çatmayıb başa düşsün ki, həmsədrlər ona təqdim etdiyi son variantda onun dediklərini nəzərə alıblar: N.Paşinyan ancaq Ermənistanın adından danışıqlarda iştirak edəcəyini bildirib. Buna görə həmsədrlər mərhələli həll variantı üzrə birinci mərhələnin elementlərindən ibarət tənzimlənmə variantı hazırlayıb Paşinyana təqdim ediblər. Yəni 7 rayon Azərbaycana qayıdır. Əvəzində kommunikasiyalar açılır və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır. İkinci mərhələ elementi olan Dağlıq Qarabağın statusunun müəyyən olunması isə qeyri-müəyyən müddətə təxirə salınır.Bu mübahisə fonunda Ermənistan mətbuatı keçmiş xarici işlər naziri Edvard Nalbandyanı oyuna qoşdu. E.Nalbandyan 10 il xarici işlər naziri işlədiyi dövrdə demədiyi fikri məhz indi dedi və onun fikri Nikol Paşinyanın dediklərindən daha böyük sensasiyadır. E.Nalbandyan bildirdi ki, bütün sənədlərdə qırmızı xətlə göstərilib ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyənləşdirəcəkdir. “Dağlıq Qarabağın əhalisi” termini E.Nalbandyanın dilindən ilk dəfə çıxır. “Dağlıq Qarabağın əhalisi” və “Dağlıq Qarabağ xalqı” fərqli terminlərdir. “Dağlıq Qarabağ xalqı” yalnız ermənilərin işlətdiyi termindir və Dağlıq Qarabağın yalnız ermənilərini nəzərdə tutulur. “Dağlıq Qarabağın əhalisi” dedikdə isə Dağlıq Qarabağda yaşayan ermənilərlə Dağlıq Qarabağda yaşamış, erməni işğalçılarının oradan deportasiya etdiyi azərbaycanlılarının məcmusu nəzərdə tutulur.Dağlıq Qarabağ ermənilərinin heç vaxt Dağlıq Qarabağın statusunu təyin etmək hüququ və yaxud imkanı olmayıb, olmayacaqdır. Bu halda maraqlı vəziyyət yaranır: Əslində bu, 2009-cu ilin Yenilənmiş Madrid Prinsiplərində aşkar şəkildə göstərilib. Ermənilər əgər o vaxt Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının dialoquna, birgə yaşayışına imkan versəydilər, indiyə artıq Dağlıq Qarabağın statusunu müəyyən etmək vaxtının çatdığından danışmaq olardı. Ən azı, Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları 10 il birgə yaşamalıdır ki, Dağlıq Qarabağın statusunu müəyyən etməyə hazır olsunlar. Ermənistan və dünya erməniliyi Dağlıq Qarabağda sosial-iqtisadi vəziyyəti və demoqrafik prosesləri özlərinin xeyrinə də dəyişə bilmədilər. Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının birgə yaşayışına icazə də vermədilər. Tutaq ki, 2019-cu ildə Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıdır və ermənilərlə birgə yaşayır. Qarşıdakı 10 il ərzində yəni, 2029-cu ilədək orda Dağlıq Qarabağ ermənilərinin sayı daha da azalacaq. Sosial-iqtisadi vəziyyət müsbət tərəfə dəyişəcəksə, də bu yalnız Dağlıq Qarabağ azərbaycanlılarının qayıtmasının hesabına olacaq. Bunun müqabilində Dağlıq Qarabağ ermənilərinin böyük bir qismi Azərbaycanın mövqeyinə keçəcək.Ermənilər tutduqları mövqenin səhv olduğunu bilərək və həmin səhv mövqeyini davam etdirərək özləri tərəfindən uydurduqları maraqlarına ciddi zərbə vurdular. “Erməni xalqı niyə görə aldanılmalıdır” sualının cavabı R.Köçəryan, S.Sərkisyan, V.Oskanyan və E.Nalbandyanının üzərindədir.Ermənistanın ictimai-siyasi mühiti də erməni xalqının aldanılmasında məsuliyyət daşıyır. Çünki “Dağlıq Qarabağ erməniləri heç vaxt təkbaşlna Dağlıq Qarabağın statusunu müəyyən edə biməzlər” doqması ekspertlərə bəlli idi. Hökmən Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ azərbaycanlıları iştirak etməlidirlər. Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı olmadan Dağlıq Qarabağın statusunu müəyyən etmək deportasiyanın beynəlxalq aləm tərəfindən legitimləşdirilməsi deməkdir. Beynəlxalq ictimaiyyət heç vaxt bu addıma gedə bilməzdi”.

sia.az