Siyasət

  • 562

COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır - ŞƏRH

image

2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir. Bu gün isə ölkəmiz apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir. COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır.

Cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işləri tam sürətlə davam edir. Aprelin 23-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum ADA Universitetində öz işinə başlamışdır. Forumda iştirak edən Prezident İlham Əliyev ölkəmizin əslində ekoloji problemlərlə artıq çoxdan və kifayət qədər ciddi şəkildə məşğul olduğuna dair əhatəli açıqlamalar təqdim etmiş və tədbir iştirakçılarının suallarını cavablandırmışdır. Cənab İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırarkən buməqamlara xüsusi diqqət yönəltdi ki, artıq Azərbaycan 30 ildir beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub.Dövlət başçısı Azərbaycanda ekoloji problemlərlə ciddi məşğul olunduğunu xüsusi qeyd edərək, ölkəmizin qarşılaşdığı belə problemlərdən birinin əlbəttə ki, Xəzərin suyunun getdikcə azalması olduğunu vurğulayıb.Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, məsələn, Orta Dəhliz üzərində yerləşən ölkələr kommunikasiya layihələri ilə də bağlı ciddi problemlər yaşayacaqlar. Çünki bu önəmli transmilli layihə məhz Xəzər dənizindən keçir. Dənizin geri çəkilməsinin əsas səbəblərindən biri isə Xəzər üçün əsas su mənbəyi olan Volqa çayında suyun azalmasıdır. Dövlət başçısı Xəzər dənizinin geriyə çəkilməsi iqlim dəyişikliyi səbəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindən olduğunu qeyd edərək, Xəzər sahillərinin Azərbaycana aid hissəsində ekoloji sistemin bərpası və mühafizəsi baxımından kifayət qədər işlər görüldüyünü bildirib. Qeyd edib ki, Abşeron yarımadasının təmizlənməsi hazırda dövlətin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdir. Bunun bariz nümunələrindən biri əlbəttə ki, Ağ Şəhər layihəsidir. Həmçinin vaxtilə çox bərbad vəziyyətə gətirilmiş Bibiheybət buxtası bu gün artıq Bakının ən yaşıl ərazilərindən biridir.

Daha sonra Forumda beynəlxalq əlaqələr mövzusu da geniş müzakirə edilib. Azərbaycan bu gün həqiqətən də Avrasiya məkanında cərəyan edən geosiyasi proseslərə təsir imkanlarına malik olan bir ölkəyə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, hətta dünyanın ən böyük və güclü dövlətləri belə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını açıq-aşkar nümayiş etdirirlər. Bu baxımdan Çinilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri barədə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də xüsusi önəm kəsb edir. Dövlət başçısı bildirib ki, ölkələrimiz arasında münasibətlər çoxuğurla, qarşılıqlı hörmət və dəstək, hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsasında inkişaf edir. Həmçinin qeyd olunub ki, Azərbaycan Tayvanda seçkilərə münasibətini bildirən ilk ölkələrdən biri olmuş və bu seçkiləri qınamışdır. Azərbaycanın “vahid Çin” siyasəti çinli tərəfdaşlarımıza çox yaxşı məlumdur və Çində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. “Bu gün Transxəzər Nəqliyyat Dəhlizinə heç vaxt olmadığı qədər ehtiyac var. Biz Çindən gələn və Azərbaycandan keçən yüklərin ildən-ilə artdığını görürük. Yeri gəlmişkən, ötən ay Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı biz Siandan çıxmış və Bakıya çatmış konteyner qatarının birgə qarşılanma mərasimini keçirdik. Beləliklə, bu, ölkələrimiz arasında əməkdaşlığımızın birgə nümayişi idi. Sözsüz ki, Qazaxıstanla Çin daha fəal əməkdaşlıq edir. Lakin Azərbaycanla Çində əməkdaşlıqlarını çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir”. Bu gün Azərbaycan ilə Çin arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahələrində genişlənir və hər iki ölkə bu əməkdaşlığı çox ümidverici və çox nəticəyönümlü şəkildə inkişaf etdirir.

Forumda Cənab İlham Əliyev dayanıqlı inkişaf və enerji məsələsi haqqında danışarkən bildirdi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız gəlirlərin ədalətli şəkildə paylanmasını təmin etmək üçün neft və qaz vəsaitlərini yoxsulluq və işsizlik kimi məsələlərin həllinə yönəltdiyimizi aydın şəkildə göstərir. Enerji əməkdaşlığımıza başlayanda və neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Yəni, hər iki adamdan biri yoxsul idi. Qaçqınlar arasında bu göstərici 75 faizi ötürdü. Hazırda həmin göstərici 5 faizə qədər azaldılıb. Hazırda Qarabağda sosial infrastruktur yaradılır, genişmiqyaslı tikinti gedir.

Forumda dövlətimizin başçısı regional təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlardan, tarixi Zəfərimizin reallıqları əsasında dünya siyasətində baş verən yeniliklərdən də bəhs etdi. Prezident İlham Əliyevin forumdakı çıxışı və iştirakçıların suallarına cavabları gələcəklə bağlı aydın təsəvvürlərin yaranmasında əhəmiyyətli rol oynayan çağırışlarla zəngindir. Dövlətlərarası münasibətlərdə etimadın qorunması əsas hədəf kimi qarşıya qoyuldu.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər