Siyasət

  • 4 450

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

image

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş illik toplantısında iştirak edib.Şuradan SİA-ya verilən məlumata görə, MŞ sədri tədbirdəki çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, xüsusən də şikayətləri araşdırması təcrübəsi, eyni zamanda ölkədə söz və ifadə azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar barədə geniş məlumat verib.Ə.Amaşov Şuraya daxil olan şikayətlərdə ifadə olunan başlıca narazılıq motivləri, qurumun çıxardığı qərarlarda əksini tapan məsələlər barədə də söz açıb. Son zamanlar Azərbaycanda internetin sürətlə inkişaf etdiyini vurğulayan MŞ sədri bu cəhətin internet media orqanlarının say tərkibinə təsirini önə çəkib. O, Şuraya daxil olan şikayətlərə də mövcud məqamın sırayət etdiyini konkret faktlarla əsaslandırıb.Avropa Mətbuat Şuraları Alyansına üzv təşkilatların illik fəaliyyətləri barədə hesabat çıxışlarının səsləndiyi tədbirdə əsas müzakirə mövzularından biri yeni media və sosial şəbəkələr olub. Xüsusən də sosial şəbəkələrdə etik vəziyyət məsələsinə diqqət yetirilib. Ayrı-ayrı panellərdə virtual məkandakı etik tənzimləmə məsələlərinin aktuallığı vurğulanıb. Bildirilib ki, söz və ifadə azadlığının dərinləşməsi baxımından vacib olan sosial şəbəkələr eyni zamanda sui-istifadələr üçün də geniş meydan açmaqdadır. Mövcud durumun fəsadları isə istər-istəməz cəmiyyət həyatına mənfi təsirlərini göstərməkdədir. Buna görə də toplantıda qərara alınıb ki, Alyansın tərkibində üzv ölkələrdə sosial şəbəkələrdəki informasiya yayımının monitorinqini aparan, meylləri izləyən xüsusi işçi qrupu yaradılsın və qrup hər il hesabat təqdim etsin.Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının toplantısı iki gün davam edib. Növbəti tədbirin gələn il Gürcüstanın paytaxtı Tiflisdə təşkili planlaşdırılıb.

sia.az

Digər xəbərlər