“Azərbaycan gəncliyi hər zaman bayrağına sahib çıxmalıdır” ÖZƏL-MÜNASİBƏT

“XIX əsrin sonlarında Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra ziyalılarımızın üzərinə böyük məsuliyyət düşdü. Ziyalılarımız xalqımızda milli kimliyin formalaşması üçün maarifçilik hərəkatına başladılar. Məhz bunun nəticəsi idi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı, müstəqil dövlətimizin qürur mənbəyi olan üçrəngli bayrağımız qəbul olundu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, 23 aydan sonra - aprelin 28-də milli bayrağımız sovet bayrağı ilə əvəz edildi: “Ancaq 70 ildən sonra üçrəngli bayrağımız yenidən Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qəbul olundu. Baxmayaraq ki, o zaman SSRİ tam süqut etməmişdi, amma Ümummilli Lider Heydər Əliyev sovet siyasi sistemindən imtina edərək üçrəngli bayrağımızı qəbul etdi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi qəbul olundu. Azərbaycan gəncliyi hər zaman bayrağımıza sahib çıxmalıdır”.Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

sia.az