Nizami rayonunda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd edildi

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə YAP Nizami rayon təşkilatı “EKOL” Mühəndislik Xidmətləri QSC ərazi ilk partiya təşkilatında tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunan film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında bərabəri olmayan bir partiyadır. YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə rol oynadığını vurğulayan S.Vəliyeva deyib: “Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 14 minə qədər insan birləşib”.Çıxış edən “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin doğma, müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim edilib, bir qrup partiya fəalı isə rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştirakına görə fəxri fərmanla təltil olunub.

sia.az