Siyasət

  • 5 778

“Mehman Hüseynov məsələsində uğursuz siyasi manipulyasiya cəhdləri var” BƏHRUZ QULİYEV

image

“Əgər bu gün kimlərsə ictimai rəyi çaşdırmaq məqsədi ilə Mehman Hüseynovu “jurnalist” olaraq təqdim edirlərsə, bu məsələdə birmənalı olaraq yanılırlar. Yəni, hər hansı bir bloqeri “jurnalist” qismində təqim etmək, ümumiyyətlə, heç bir çərçivəyə sığmayan bir haldır. Düşünürəm ki, bəlli məsələ həm də beynəlxalq aləmdə Azərbaycana qarşı yanlış təəssürat oyatmaq məqsədini daşıyır. Lakin bu məqsədlər də daha öncəkiləri kimi uğurusuzluqla nəticəsini tapacaq”. Sözügedən fikirləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bloqer Mehman Hüseynovun ətrafında cəhd edilən süni ajiotaja münasibətini açıqlayarkən deyib.Onun sözlərinə görə, M.Hüseynov bilavasitə cinayət əməllərinə görə həbs edilib və bu həbsin siyasiləşdirilməsi arxasında istər Azərbaycandakı, istərsə də xaricdəki məlum dairələr öz çirkin planlarını reallaşdırmaq istəyirlər: “Baxın, Mehman Hüseynov daha öncə qanunları pozduğuna görə müvafiq cəzasını alıb və daha sonra, cəza çəkdiyi müəssisədə ikinci dəfə həm qanunları, həm də tələb olunan daxili qaydaları pozaraq yenidən cinayət əməli törədib. Onun barəsində cinayət işi açılıb və istintaq gedir. Yəni, məhkəməsi belə olmayıb və ortada hər hansı məhkəmə qərarı da yoxdur. Belə olan vəziyyətdə onun üzərindən siyasi dividentlər qazanmağa cəhd edənlərin, özləri üçün piar kampaniyası aparanların qabaqdangəlmişlik edərək səs-küy salmaları ümumiyyətlə, heç bir məntiqə sığmır”.B.Quliyev bildirib ki, Azərbaycanda söz və ifadə azadlığı, intenet azadlığı mövcuddur və hər kəs bundan qanunların tələb etdiyi şəkildə istifadə edir: "Konstitusiyamızda da həmin müddəalar öz əksini tapıb və hüquqi aktlarla tənzimlənməkdədir. Ancaq bu o demək deyil ki, kimlərsə hətta ən adi bir məişət məsələsini sonradan siyasiləşdirməlidir və buna görə qanunları pozmalıdır. Fakt budur ki, bu məsələdə uğursuz siyasi manipulyasiya cəhdləri mövcuddur. Bu sayaq hadisələrdə bəlli adamların meydana atılması da artıq təəccüb doğurmur. Diqqət yetirin, artıq kimlikləri bəlli olanlar arasında Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Mehman Əliyev və s. kimi subyektlər də var ki, onların hər birinin fəaliyyətində açıq-aşkar anti-Azərbaycan, anti-milli xarakterli faktlar mövcuddur. Yəni bu gün dövlətimizin maraqları əleyhinə hər hansı bir ajiotaj yaradılırsa, onlar dərhal ortalığa çıxırlar. Halbuki, onların heç birinin nə xalq, nə də dövlət maraqlarından danışmağa haqları yoxdur”.“SƏS” qəzetinin baş redaktorunun sözlərinə görə, M.Hüseynovun ətrafında müəyyən cinahlar tərəfindən başladılan siyasi oyunbazlıqlardan maksimum şəkildə faydalanmağa çalışan bir sıra beynəlxalq qurumlar həmin addımlarını atmamışdan öncə, hadisələrin təhlilini aparmalı və dolğun, məntiqli nəticələrə gəlməlidirlər: “Əks halda, həmin təşkilatlar da öz reytinqlərinin aşağı düşəcəyini yaşamış olacaqlar. Çünki, öncəki illərdə də belə olub. Ümumiyyətlə, M.Hüseynovun sadəcə, asan istifadə edilən alət qismində ölkəmizin maraqlarına qarşı istifadə edilməsi və bu istifadədən güdülən kirli məqsədlər heç bir halda gerçəkləşməyəcək. Sağlam düşüncəli vətəndaşlarımız da əlbəttə ki, belə süni səs-küylərə dəstək verməyib, verməyəcək də. Anti-milli qüvvələrin növbəti uğursuzluqları da məhz M.Hüseynov məsələsində öz təsdiqini tapacaq. Azərbaycan hüquqi dövlətdir və bu dövlətin qanunlarının tənzimlənməsinə kimsə - nə daxili, nə də xarici qüvvələr müdaxilə edə bilməzlər. Buna onların nə gücü, nə də qüvvələri çatmaz”.

sia.az

Digər xəbərlər