Siyasət

  • 2 087

İlham Əliyev: “İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir”

image

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və 17 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi, Əməkdar həkim Elmira Rəfailova görülən işlər barədə məlumat verdilər. Bildirildi ki, 60 çarpayılıq dördmərtəbəli birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub, zəruri infrastruktur yaradılıb. Xəstəxananın yerləşdiyi ərazinin ümumi sahəsi 1,4 hektardır, tibb ocağının binasının ümumi sahəsi isə 8 min kvadratmetrə yaxındır.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı son illərdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mühüm yerlərdən birini tutur. Sonra dövlətimizin başçısı tibb müəssisəsinin kollektivi ilə görüşüb. Prezident İlham Əliyev bildirib ki, Qobustan xəstəxanasının timsalında inkişafda olan ölkəmizin dinamik addımlarını görmək olar:

“Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək.

Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın.

Siz yaxşı bilirsiniz ki, 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır.

Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın. Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq.”

Daha sonra Xəstəxananın baş həkimi, Əməkdar həkim Elmira Rəfailova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Digər xəbərlər