Seymur Orucov: Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar

“Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar”. Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları da həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də, gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni, dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin, müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
“Gəncliyin qarşısında dayanan əsas vəzifə bundan ibarətdir ki, bilikli, yüksək təhsilli, vətənpərvər olmalı, dövlətimizin inkişafına və daha da güclənməsinə, müstəqilliyimizin qorunmasına böyük töhfələr verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi dövlətin göstərdiyi etimadı layiqincə doğrultmalıdır. Gənclərimiz bu yolda inamla irəliləyir və gələcəkdə daha yüksək nəticələr əldə olunacaq”-deyə, S.Orucov vurğulayıb.

yap.org.az