Əli Laricani: İran parlamenti Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verir

İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışıblar.
Elmar Məmmədyarov hazırda həyata keçirilən ikitərəfli iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verib. İki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətini yüksək qiymətləndirən nazir parlamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.
İslam Şurası Məclisinin sədri Əli Laricani İran parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib. İki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsinin önəmini vurğulayıb.
Nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib, Azərbaycanın bölgədə sülhün və sabitliyin tərəfdarı olduğunu bildirib.
Əli Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. İran İslam Şurası Məclisinin sədri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını vurğulayıb.

yap.org.az