"Əhali sərəncam və fərmanların nəticəsini görür" ÖZƏL-ŞƏRH

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial islahatlarla bağlı cəmiyyətə o qədər geniş paket təqdim edib ki, bunu sadalamaqla bitməz. Çünki ölkə başçısının sosial paketlə bağlı sərəncam və fərmanları həddindən artıq çoxdur". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, əhalinin böyük əksəriyyəti artıq bu sərəncam və fərmanların nəticəsini görməkdədir: "Bildiyiniz kimi bu yaxınlarda ölkə başçısı “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzaladı. Təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Bu fərmanın maddiyyətindən başqa, həm də çox böyük mənəvi üstünlüyü vardır. Beləcə insanlar artıq bilir ki, müharibədə döyüşdüyünə və iştirakına görə təqaüd alır.Həmçinin bilirsiniz ki, cənab Prezident doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. Eləcə də bu ilin mayın 10-da İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında dövlət başçısı sərəncam imzaladı. Təbii ki, bütün bunlar hamısı Azərbaycan xalqının və cəmiyyətinin rifahı üçün edilir. Hətta deyərdim ki, problemli kreditlərin özü də bir sosial aksiya idi. Bu gün zəlzələdən, eləcə də digər təbii fəlakətlər nəticəsində yaranan problemlərin dövlət tərəfindən aradan qaldırılması, Şamaxıda, Ağsuda yeni evlərin müasir standartlara uyğun şəkildə tikilib istifadəyə verilməsi göz önünədir. Təbii ki, bu proseslər davam olunacaqdır”.

sia.az