Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var

BMT-nin Əhali Fondu və Azərbaycan hökuməti arasında çox güclü və səmərəli əməkdaşlıq mövcuddur. Fond Azərbaycanla gender məsələləri, reproduktiv sağlamlıq, sosial xidmətlər və digər sahələr üzrə əməkdaşlıq edir.

Bu sözləri BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, qurumun Azərbaycan və Gürcüstan üzrə direktoru Karl Kulessa jurnalistlərə açıqlamasında bildirib.
Karl Kulessa deyib ki, Azərbaycan hökumətinin mükəmməl səhiyyə xidmətləri sistemi var. Hökumət qadınların səhiyyə xidmətlərinə əlçatanlığını dəstəkləyir və biz bunu çox yüksək qiymətləndiririk. Fond Azərbaycan hökuməti ilə ailə planlaşdırılması və kontrasepsiya məsələləri ilə bağlı müzakirələr aparır. Bu müzakirələr məhsuldar keçir.
Ölkəmizdə əhalinin sayının artmasını alqışlayan BMT rəsmisi deyib ki, Azərbaycanda əhalinin sayının artması ölkədəki yüksək sosial-iqtisadi inkişafın göstəricisidir. O əlavə edib ki, cütlüklər uşaq dünyaya gətirməyə qərar verən zaman iqtisadi vəziyyəti nəzərə alırlar. Əksər Şərqi Avropa və Qafqaz ölkələrində cütlüklər çox uşağa sahib olmaq istəsələr də, ölkədəki iqtisadi vəziyyət buna yol vermir və onlar bu vəziyyətin yaxşılaşmasını gözləyirlər. Azərbaycandakı sosial-iqtisadi tərəqqi isə cütlüklərin çoxlu uşağa sahib olmalarına problem yaratmır.
K.Kulessa deyib ki, BMT-nin Əhali Fondu Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərir. O, Azərbaycan hökumətinə təşkilatın layihələrinin həyata keçirilməsinə göstərdiyi fəal dəstəyinə görə minnətdarlığını bildirib.
BMT rəsmisi deyib: “Azərbaycan hökuməti BMT-nin Əhali Fondunun bəzi layihələrinə dəstək verməyə hazırdır və buna görə də Azərbaycanın Prezident Administrasiyasına səmərəli əməkdaşlığa görə minnətdarlığımızı bildiririk. Bu, innovativ yanaşmadır. Belə ki, hətta Avropa ölkələrinin hökumətləri Fondun ümumi maraqlara cavab verən layihələrinə hələ birbaşa dəstək göstərmir.
Qeyd edək ki, K.Kulessa Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Şərqi Avropa və Mərkəzi Asiya bölgələrində əhali dinamikası və demoqrafik təcrübə” adlı regional konfransda iştirak edib.
Tədbiri BMT-nin Əhali Fondunun Gürcüstandakı ölkə və Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisləri Gürcüstan hökumətinin dəstəyi ilə təşkil edib.
Konfransın keçirilməsində məqsəd regionda əhali məskunlaşması və yaşlanma sahəsində cari dinamika və tendensiyaların, ölkələrdə bu dinamikaya yönəlik siyasət və təşəbbüslərin müzakirə edilməsidir.
Tədbirdə hökumət qurumları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların nümayəndələri və xarici ekspertlər iştirak ediblər.

yap.org.az