Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ağcabədi rayonunda gənclərlə görüşüb

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov sentyabrın 8-də Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ağcabədi şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.
Olimpiya İdman Kompleksində keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. YAP Siyasi şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbiri açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, Ağcabədi rayonunun 136 min nəfər əhalisinin 37 min 700 nəfərini 14-29 yaşlı gənclər təşkil edir. YAP Ağcabədi rayonunun 15 min 600 nəfər üzvündən 6465 nəfəri gənclərdir. Dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Ağcabədi rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, rayon iqtisadiyyatı və aqrar sahə inkişaf etdirilir. Ağcabədili gənclər rayonun inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan bəhs edib. Azərbaycanın öz tarixinin ən gözəl dövrünü yaşadığını deyən Baş Nazirin müavini bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır.
Əli Əhmədov qeyd edib ki, ölkəmizdə gənclər üçün hər cür həyat şərait yaradılıb. Gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar.
Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından danışıb, onlara uğurlar arzulayıb.
Sonra Olimpiya İdman Kompleksində idmançıların müxtəlif idman növləri üzrə çıxışları təqdim olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.

sia.az