“Sosial şəbəkə və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkə və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər iştirak ediblər.Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Onun sözlərinə görə, bəzi dairələr sosial şəbəkələrdən çirkin məqsədlər üçün istifadə edir, ekstremist çağırışlar edirlər. S.Orucovun fikrincə, həmin dairələrin məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Bunlar əsasən xaricdə mühacir adı altında yaşayanlardır. Lakin onlar azlıq təşkil edirlər. Bu gün Avropada və dünyanın digər ölkələrində xeyli sayda azərbaycanlı yaşayır. Onlar Azərbaycanı xaricdə uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edirlər. Qeyd olunub ki, təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən müəyyən insanlar yaşadıqları ölkələrdən müxtəlif neqativ, təxribatçı çağırışlar səsləndirirlər. S.Orucov deyib ki, bütün bunlar milli mənəvi dəyərlərimizə ziddir. Ona görə də, gənclərimiz belə ünsürlərə qarşı mübarizə aparmalıdır. “Prezident İlham Əliyev də hər zaman vurğulayır ki, gənclərimiz sağlam ruhda böyüməli, milli mənəvi dəyərlərimizi qorumalıdır. Biz dövlətimizin başçısının dəyərli tövsiyələrinə daim əməl etməli, Onun ətrafında sıx birləşməliyik”-deyə, YAP Gənclər Birliyinin sədri söyləyib.Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov çıxışında bildirib ki, müasir dövrdə texnologiyalar sürətlə inkişaf edir. Virtual məkanın bütün insanlara təsir etdiyini deyən Ş.İsmayılovun sözlərinə görə, bu məkanda mənəvi dəyərlərin arxa plana keçirilməsi təhlükəlidir. Millət vəkili qeyd edib ki, qloballaşma milli mənəvi dəyərlərə mənfi təsir göstərir. Amma müasir gəncliyimiz buna yol verməməlidir.Ölkəmizin dünyada sabitlik adası olduğunu deyən Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə qarayaxma kampaniyasının aparılması Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən gənclərimiz belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar. Bu gün İKT-nin çox sürətlə inkişaf etdiyini deyən millət vəkilinin fikrincə, bu amil milli mənəvi dəyərlərimizə zərər vurmamalıdır. C.Osmanov deyib ki, Azərbaycan xalqı zəngin dəyərlərə sahibdir. Sosial şəbəkələrdə aparılan çirkin kampaniyalar həm milli, həm də İslam dəyərlərini gözdən salmağa yönəlib. Gənclərimiz belə hallara qarşı fəal mübarizə aparmalıdır.Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Ceyhun Əliyev çıxış edərək bildirib ki, milli və mənəvi dəyərlərimiz bir birilə sıx bağlıdır. Onun sözlərinə görə, sosial şəbəkələrdə baş verən xoşəgəlməz hallar bu dəyərlərimizə tamamilə ziddir. C.Əliyev qeyd edib ki, qloballaşma şəraitində milli mənliyimizi, kimliyimizi daim qorumalıyıq.Tədbirdə daha sonra İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, ASAN könüllülərinin rəhbəri Səbinə Cabbarova, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ramil Vəlibəyov və digərləri çıxış edərək sosial şəbəkələrdə milli mənəvi dəyərlərimizə zidd olan kampaniyaların aparılmasının yolverilməz olduğunu qeyd ediblər.

sia.az