"Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşib" MÜNASİBƏT

“Hazırda Azərbaycanda yas mərasimləri ilə bağlı müzakirələr davam etdirilir”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasın (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib: “Birinci forma odur ki, bunun qarşısının qanunla sərt şəkildə alınması, digəri isə təbliğat yolu ilə alınmasıdır. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük veririlir. Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyi və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və Milli qəhrəmanlarını çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır. Artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb. Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin".

sia.az