Analitika

  • 6 208

“"Səs" müstəqil mətbuatımızın ilk qaranquşlarından sayılır” - SORĞU

image

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 32 yaşı tamam olur. Hələ Sovet dövründən fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yola necə xarakterizə etmək olar? Ötən 31 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? SİA mövzu ilə bağlı media nümayəndələri arasında sorğu keçirib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: ““Səs” qəzetinin ad gününü təbrik edirəm. Bu qəzet ictimai fikirdə öz stabil mövqeyini qoruyub saxlayan bir mətbuat orqanıdır.Son illərdə “Səs” qəzeti həm də müasir texnologiyaların inkişafı sahəsində, yeni medianın yaranması istiqamətində geridə qalmamış, müxtəlif sosial səhifələr, “SƏS TV” və “Səs İnformasiya Agentliyi” onun bazasında düşüncəsinə, jurnalistikaya münasibətinə uyğun olaraq yaranıb. Bütün bunlar bu gün də çox böyük maraqla qarşılanır.Mən, “Səs” qəzetinin yubileyini bir daha təbrik edir, orada çalışan bütün istedadlı jurnalistləri müasir texnologiyaların inkişafı istiqamətdində daha çevik, obyektiv və operativ olmağa çağırıram. Uğurlar arzu edirəm”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət: ““Səs” qəzeti və bütövlükdə SƏS MEDİA QRUP ailəsi çağdaş Azərbaycan mediası içində özünəməxsus yeri, rolu və uğurları olan bir media vahididir. Aradan keçən 32 il ərzində “Səs” daim diqqət mərkəzində olub. Şəxsən mən özüm medianın içində olan birisi kimi bunu söyləyirəm. Yəni, Azərbaycanın ictimai-siyasi həyatında baş verən elə bir proses yoxdur ki, “Səs” onun işıqlandırılmasına, təhlil edilməsinə, cəmiyyətin maarifləndirilməsindəki roluna görə geridə qalmış olsun.“Səs” faktiki olaraq çağdaş Azərbaycan ictimai-siyasi həyatının salnaməsi rolunda çıxış edib. Mən, həmkarlarımı təbrik edir, onlara uzun və faydalı fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirəm. Biz həmişə istəmişik və bundan sonra da istəyəcəyik ki, məhz media camiyəsində özünəməxsus yeri olan media qurumlarının sayı çox olsun. Arzu edirəm ki, “Səs” də həmişə bu sıralarda olsun”.
Respublikanın Əməkdar Mədəniyyət İşçisi, Rejissor Hikmət Yaqubov: ““Səs” qəzeti 1991-ci ildə işıq üzü görüb və bu zaman Azərbaycanda o qədər çox mətbuat orqanı yox idi. “Səs” qəzeti əlbəəl gəzən qəzetlərdən idi. Mən xatırlayıram ki, o vaxt tələbə idim və bu qəzeti əl-əl axtarırdılar.“Səs” qəzeti həmin dövrdə ictimai-siyasi fikrin formalaşmasında çox böyük nüfuzu olan ədalətli qəzetlərdən sayılırdı. Bu qəzetdə nüfuzlu insanlar çalışıb. Ən əsası isə Ümummilli Lider Heydər Əliyevin orada fikirləri həmişə yer alıb. Ona görə də bu qəzet böyük nüfuza sahib idi.Qəzet hər bir xalqın güzgüsüdür. Bu gün də “Səs” qəzetinin işıq üzü görməsinə çox sevinirəm. Burada çox maraqlı yazılar mövcuddur. Hərdən qəzeti alıb oxuyuram.Qəzet elə bir vasitədir ki, səni öz mühitinə aparır. “Səs” qəzeti mənim üçün çox doğmadır. İlk öncə “Səs”in baş redaktoru Bəhruz Quliyev olmaqla bütün kollektivi səmimi qəlbdən təbrik edirəm”.

Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist Yadigar Məmmədli: “"Səs” qəzeti 32 il bundan öncə yaranıb. Xatırladım ki, 1990-cı illərin əvvəlləri ən çətin dövr idi. Yəni, Azərbaycan hələ müstəqillik qazanmamışdı. Belə bir təzadlı dövrdə "Səs" media aləminə ayaq açdı. Üzərindən 32 ilə yaxın vaxt keçib. Təxminən 7 minə yaxın qəzetin sayı nəşr olunub. Bunlar möhtəşəm rəqəmlərdir. Bunlar yanlız bir qəzetin tarixində deyil, həm də müstəqil Azərbaycanın mətbuat tarixində əlamətdar hadisədir.“Səs” həm öz dizaynı, həm də oradakı yazıların təqdimatı ilə fərqlənən bir qəzetdir. “Səs” hər zaman fərqlənib və Azərbaycan mediasına səs salıb.Mən, “Səs” qəzetini daim izləyərək o nəticəyə gəlmişəm ki, oradakı yazı müəlliflərinin məsələlərə öz fərdi yanaşması olur. Orada çox parlaq imzalar fəaliyyət göstərir. “Səs” azsaylı qəzetlərdəndir ki, sıradan çıxmadı və qəzetçiliyi davam etdirdi. Onun PDF variantı da var. Həmçinin, yanında “Səs TV” və “Səs" İnformasiya Agentliyi yarandı. Bütün bunlar onu göstərir ki, “Səs” qəzeti müəyyən tələblərlə ayaqlaşa bilir.Bu gün “Səs” qəzetinin siması dəyişib. Belə ki, artıq bəzi səhifələri rəngli çap olunur. Bunlar onu göstərir ki, 32 il fəaliyyət göstərən “Səs” dinamik inkişaf edib və öz xəttini qoruyub saxlayıb. Mən, “Səs” qəzetinin rəhbəri Bəhruz Quliyev başda olmaqla, bütün kollektivi təbrik edir, işlərində uğurlar arzu edirəm”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “"Səs" müstəqil mətbuatımızın ilk qaranquşlarından sayılır. 32 il mətbuat tarixi üçün böyük zaman kəsiyidir. Ciddi rəqabət mühitində 32 il meydanda qalmaq, yazıb-yaratmaq böyük uğurdur. Bu münasibətlə bütün "Səs"çiləri təbrik edirəm. "Səs"iniz həmişə səslər içində seçilsin, tirajınız yüksək olsun."Səs" qəzeti son vaxtlar ən çox əməkdaşlıq etdiyim mətbuat orqanlarındandır. "Səs"çilər ən müxtəlif düşüncələrə hörmətlə yanaşmağı, müsahibin fikirlərini olduğu kimi, qərəzsiz təqdim etməyi bacarırlar. Fikir prülarizmi inkişafın rəhnidir. "Səs" bu müxtəlifliyi qorumağa can atır. Bir mətbu orqanda fərqli səslərin eşidilməsi həmin nəşrin uğurudur."Səs"də ciddi faktlara söykənən tənqidi yazıların sayının artması sevindiricidir. Mətbuatın işi həm də nöqsanları göstərməkdir. Ciddi jurnalist araşdırması əsasında hazırlanmış tənqidi yazılar cəmiyyətin arınmasına, durulmasına, sağlam mənəvi ab-havanın yaranmasına xidmət edir. İnanıram ki, "Səs" bundan sonra da peşəkar prinsiplərə sadiq qalacaq”.

JEM sədri Ceyhun Musaoğlu: “”Səs” qəzeti demək olar ki, yarandığı gündən bizim, yəni jurnalistlərin stolüstü qəzeti olub. Bu mənada ki, mən müxtəlif qəzetlərdə müxbir işləmişəm, şöbə müdiri, redaktor və baş redaktorun müavini olmuşam. Yəni, bir çox vəzifələrdə çalışmışam. Amma bütün bunların hamısını birləşdirsən bir müxbirlik olub. Təbii ki, o dövrdə internet saytları, ümumiyyətlə internet dünyası olmadığı üçün biz qəzetlərdən mövzular götürərdik. Digər qəzetlər də bizim səhər çıxacaq qəzetimizdən mövzular götürərdi. Bütün qəzetlər bir-birindən mövzular götürərdi və mövzuları daha da genişləndirər, daha da fərqli şəkildə işıqlandırardı.O dövrdə müxtəlif istiqamətli qəzetlər var idi və xüsusən 3 yerə bölünərdi: iqtidaryönlü, müxalifət və müstəqil qəzetlər. İqtidar qəzetləri deyəndə biz birbaşa Yeni Azərbaycan Partiyasına yaxın olan və partiyanın təbliğatını aparan qəzetləri nəzərdə tuturduq. Onların içərisində təbii ki "Səs" qəzeti də xüsusi olaraq iqtidaryönlü qəzeti kimi hesab olunurdu və biz "Səs" qəzetini çox böyük həvəslə oxuyur, həvəslə araşdırır, oradakı mövzuları götürüb o mövzular üzərində işləyir və o mövzulardan yeni mövzular çıxardırdıq. Bir sözlə "Səs" qəzeti bizim üçün doğrudan da səs salan bir qəzet idi.Sonra illər keçdi, "Səs" qəzeti daha da inkişaf etdi, genişləndi, kollektivi daha da böyüdü. Sonra da "Səs" onlayn televiziyası yarandı və onun kollektivi də bizə doğmalaşmağa başladı. Çünki orada işləyən həmkarlarımızın əksəriyyəti ilə bir yerdə işləmişdik və yaxud da sonra bir yerdə işləyəcəkdik."Səs" qəzeti böyük bir ailə qura bildi və o ailənin hər bir üzvü şəxsən mənə çox əzizdir. Mən, Azərbaycan jurnalistikasında demək olar hamı ilə dostam, yoldaşam, hamıya mənim hörmətim var, hamının da mənə hörməti var. Amma "Səs" qəzetinə, əməkdaşlarına, baş redaktoruna və hər bir əməkdaşına mənim xüsusi hörmətim, rəğbətim var. Onlar doğrudan da məsələlərə çox peşəkar yanaşırlar. Onlar bir insan və xarakter sahibi olaraq əsl jurnalist kimi davranırlar və ona görə də mən çox sevinirəm ki, "Səs" qəzeti 32 yaşına qədər gəlib çıxa bilib, o çətin dönəmlərdən, çox ağır yollardan keçib, amma gəlib çıxa bilib, sağ-salamat gəlib çıxa bilib. “Səs” həmişə sağ-salamat olsun, yolu həmişə açıq olsun, səsi həmişə ucalardan gəlsin, səsi həmişə eşidilsin və o səs oxucuda xoş təəssürat yaratsın”.
Ayşən Vəli

Digər xəbərlər