Analitika

  • 3 673

18 sentyabr - BTC-nin təməlinin qoyulduğu gün - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir. Onun neft strategiyasıdır"

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çox böyük uzaqgörənliklə işləyib hazırladığı və 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi"nin imzalanması ilə başlayan neft strategiyasının həyata keçirilməsində ən təntənəli, dünya əhəmiyyətli hadisələrdən biri baş verib.

Xalqın təkidli tələbi ilə dövlət hakimiyyətinin sükanı arxasına qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitliyi bərqərar edərək, kənar təzyiqlərin getdikcə artması fonunda danışıqlar apararaq, "Əsrin müqaviləsi"nin reallaşmasına nail oldu. Prinsipial xarakterə malik ulu öndər Heydər Əliyev kənar maneələri dəf edərək, Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandırdı. Beləliklə, Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda razılığa gələn ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsaslarını yaratdı.

Sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan layihəsinin birbaşa təşəbbüskarı olan ulu öndər Heydər Əliyev Azərbaycanın qarşısında yeni üfüqlər, imkanlar açacaq, ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulan, kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşması üçün siyasi qərar verilmiş oldu. 1998-ci il oktyabrın 29-da, Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsinin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunsa da "Əsrin müqaviləsi" imzalanandan sonra zəruri kəmərlərin hansı ölkələrdən keçəcəyi məsələsi uzun müddət müzakirə olunan aktual məsələlərdən biri kimi əsas müzakirə obyekti idi. İlk gündən bununla əlaqədar müxtəlif təklif və ideyalar irəli sürülür, hətta bəzi dövlətlərin rəsmi Bakıya kənar təzyiq cəhdləri özünü qabarıq büruzə verirdi. Qarşılıqlı inamsızlıq üzündən bəzən bu istiqamətdə aparılan müzakirələr nəticəsiz qalırdı.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ZƏNGİN MİLLİ TƏƏSSÜBKEŞLİK İRADƏSİ, O ZAMAN ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ VƏZİFƏSİNDƏ ÇALIŞAN CƏNAB İLHAM ƏLİYEVİN İSƏ DANIŞIQLAR PROSESİNDƏ NÜMAYİŞ ETDİRDİYİ DİPLOMATİK MƏHARƏTİ, TƏRƏFDAŞI İNANDIRMAQ BACARIĞI SAYƏSİNDƏ AZƏRBAYCAN NEFTİNİN NƏQLİ MARŞRUTLARI BARƏDƏ OPTİMAL QƏRARLAR QƏBUL EDİLDİ

21 il öncə - 18 sentyabr 2002-ci ildə Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri iştirak edib. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda "Azəri-Çıraq-Günəşli"dən hasil edilən nefti və "Şahdəniz"dən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunur. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru "BTC Ko"nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə "BOTAŞ Interneşnl Limited" şirkətləridir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmişdir. Kəmərin uzunluğu 1767 kilometrdir. Onun 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddətinin 40 il, orta ötürücülük qabiliyyətinin gündə 1 milyon barrel olması nəzərdə tutulub.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası yalnız Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində mümkün olub. Boru kəməri Azərbaycan neftinin Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan terminalı vasitəsilə dünya bazarlarına çatdırılmasını təmin edir. Ulu öndər Heydər əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu.

"BAKI-TBİLİSİ-CEYHAN - BU KƏMƏR YENİ BİR YOL, YENİ BİR DƏHLİZ AÇDI"

Dövlət başçısının qeyd etdiyi kimi, neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı.

Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimində geniş nitqində bildirib ki, biz istəyirik neft Azərbaycana sülh, inkişaf gətirsin, əməkdaşlıq gətirsin, xalqımızın rifah halı yaxşılaşsın. Əlbəttə ki, bütün görülən işlər bu məqsədi güdür.

Bir sözlə, ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan xam neftin Ceyhan terminalına çatması ilə Azərbaycan müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha təsdiqlədi. Bu əlamətdar hadisə, eyni zamanda, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının möhkəm elmi təməllər üzərində qurulduğunu və region dövlətlərini uğurlu inkişaf modelinin təmtənəsi idi.

Heydər Əliyev adına Ceyhan terminalının açılış mərasimində çıxış edən natiqlər bugünkü uğurun qazanılmasında Heydər Əliyevin xidmətlərini təkrar-təkrar yad etmişlər. Prezident İlham Əliyev bütün bunlara cavab olaraq mərasim iştirakçılarına və ölkə rəsmilərinə öz minnətdarlığında ifadə edir ki, bu gün mən çox xoşbəxtəm ki, buradayam: "Ceyhan terminalına da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. Bu, təsadüfi deyildir. Heydər Əliyevin adını həm Bakı-Tbilisi-Ceyhan, həm də Ceyhan terminalı daşıyır. Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur. Mən bu gün çox təəssüf edirəm ki, O, bu günləri görmədi. Allah Ona bunu nəsib etmədi. Amma inanıram ki, onun ruhu bu gün bizimlədir. Bizimlə bərabər onun ruhu bu gün şaddır. Azərbaycan, Gürcüstan və Türkiyənin işbirliyi, qardaşlığı, əməkdaşlığı bundan sonra da möhkəmlənəcək və bizim bölgəyə sülh, sabitlik gətirəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının uğurları getdikcə özünü daha qabarıq göstərir və ölkə iqtisadiyyatının dinamik inkişafına ciddi təkan verir. Dövlət başçısı neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin inşası yolu ilə iş yerlərinin açılmasını, əhalinin sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsini özünün iqtisadi siyasətində prioritet vəzifə kimi nəzərdən keçirir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, neft Azərbaycan üçün son məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün bir vasitədir: «Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma bu, heç də o demək deyildir ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft amili bizim üçün vasitədir - müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik».

Bəli, müasir Azərbaycanın neft sənayesinin inkişafı dahi lider Heydər Əliyevin iqtisadi strategiyasının əsasını təşkil edir. Təsadüfi deyil ki, Ulu Öndərin dilindən səslənmiş “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” tezisinin illər sonra Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra nə qədər müdrik bir kəlam olduğu daha qabarıq şəkildə özünü göstərdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Beləliklə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən iqtisadi strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr sırasında öncül mövqeyə çıxarmışdır.

RƏFİQƏ KAMALQIZ

Digər xəbərlər