Analitika

  • 5 711

İranın hakimiyyətyönlü analitik saytından Ermənistana dəstək ANALİTİK+ŞƏRH

image

Ehsan Movahediyana sifarişi kim verib?

Vacib olduğu zaman İran Ermənistana hərbi və kəşfiyyat dəstəyi göstərməlidir. SİA xəbər verir ki, bu haqda Ermənistanın İnfoteka24 xəbər teleqram kanalı Rəsmi Tehrana yaxınlığı ilə seçilən Irdiplomacy saytına istinad edərək yazır. Belə ki, adıçəkilən saytda məqalə ilə çıxış edən iranlı siyasi ekspert Ehsan Movahediyan qeyd edir ki, məhz bu kimi vasitələrlə Türkiyə-Azərbaycan hərbi-strateji əməkdaşlığına mane olmaq mümkündür. Açıq şəkildə fars şovinizmi mövqeyindən çıxış edən iranlı siyasi ekspert sözügedən məqaləsində bu birliyi “regionda ekspansionist tendensiya” adlandırır və eyni zamanda təklif edir ki, İran bu məsələdə Rusiya ilə intensiv danışıqlara başlamalı Qafqazda Tehranın maraqlarına yaranan “təhlükədə” (?-R.R.) Rusiyanın razılığı müşahidə edilməməlidir. Üstəlik, İran özünəməxsus geosiyasi ağırlığı və mümkünlüyünü Qafqaz regionunda artırmalıdır.
Siyasi ekspert sözügedən məqaləsində yalnız Türkiyəni və Azərbaycanı deyil, həm də dolayısı ilə Rusiyanı da hədəfə alır və Moskvanı Tehrana qarşı cinahda görür
Ehsan Movahediyan həmçinin digər bir məəsələyə - sanksiyalara da toxunaraq bildirir ki, ölkəsi sanksiyaların azaldılması üçün fəaliyyətə keçməlidir və bu vasitə ilə böyük qonşularına qarşı müqavimət imkanlarını artırmalıdır.
Maraqlı məqam isə budur ki, Tehran hakimiyyətinə yaxınlığı ilə seçilən siyasi ekspert sözügedən məqaləsində yalnız Türkiyəni və Azərbaycanı deyil, həm də dolayısı ilə Rusiyanı da hədəfə alır və Moskvanı Tehrana qarşı cinahda görür, yaxud belə göstərməyə çalışır. Məhz bu kontekstdən yanaşma edən müəllif mövzunu Ermənistanın üzərinə aparır, İran-Ermənistan birliyi barədə ismarıclar yollayır. Misal üçün, yazır ki, İran mövcud sərhədlərin saxlanılması məsələsində Ermənistanın mövqeyini dəstəkləməli, üstəlik hərbi və kəşfiyyat dəstəyini göstərməlidir.
Həm Bakı, həm Ankara, həm də Moskvanın mövqelərinin üst-üstə düşməsi İrəvanın əlinə oynamır – bəs Tehran nə edir?
Eyni zamanda, təkcə bu ifadəyə diqqət yetirək və ilk nəticəni hasil edək: “Ermənistanda İranın populyarlığı artır və bu da Tehrana imkan verir ki, o, Sünikdə (Zəngəzurda-R.R.) hərbi, iqtisadi və mədəni varlığını daha geniş şəkildə artırsın”.Baxın, bu gün Azərbaycan və Türkiyə, həmçinin Rusiya Zəngəzur dəhlizinin blokadadan çıxmasında maraqlarını açıq-aydın ifadə edirlər, nəqliyyat və kommunikasiyaların açılması prosesinin regiona sülh və əminamanlıq gətirəcəyini vurğulayırlar. Həm Bakı, həm Ankara, həm də Moskvanın mövqelərinin üst-üstə düşmələri isə inadkarlıq göstərən İrəvanın, əslində isə revanşçı qüvvələrin əllərinə oynamır, Tehran isə dərhal həmin məsələdən öz məqsədləri üçün istifadə etməyə cəhd göstərir, İrəvana qucaq açmağı üstün tutur. Təbii ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi müəyyən mənada İranın hansısa maraqlarına cavab vermir, amma bu o demək deyil ki, Tehran digər ölkələrin daxili diplomatiyalarına və iqtisadi siyasətlərinə müdaxilə etməli, diktəsini irəli sürməlidir. Və buna əlbəttə ki, imkan da verilməz, çünki regionda mövcud olan 30 illik stereotiplər kökündən dağıdılaraq məhv edilib, yeni güclər meydana çıxıb və onların içində Türkiyə-Azərbaycan birliyi də var.
Tehran həm Qafqazda, həm də ərəb Birliyində etimadını itirib və bunun da səbəbləri var
Lakin bütün bunlara etina etməyən Ehsan Movahediyan həmin məqaləsində bir az da irəliyə gedərək vurğulayır ki, İranın rəsmi ritorikası, İran mətbuatı və sosial şəbəkələri Ankara ilə Bakının “aqressiv” (?!-R.R.) siyasətinə qarşı güclü əks-təbliğat maşınına çevrilməlidir və s. Bu, o deməkdir ki, əslində iranlı analitik ölkəsinin siyasi davranışlarını regional güclərə qarşı aqressivləşdirməyə çağırır.Göründüyü kimi, bir müddət əvvəl rəsmi Tehranın regionda öz hərbi-diplomatik varlığını, eləcə də mühümlüyünü sübut etməyə çalışması, hətta Azərbaycanla sərhədlərdə hərbi təlimlər keçirməsi belə İranın istədiyi nəticələri vermədi. O cümlədən, İranın xarici işlər nazirinin Moskva səfəri və Kreml uğursuzluğu da bu mənada özünü təsdiq edir ki, Tehran nəinki Qafqazda, hətta Ərəb Birliyi ilə münasibətlərindəki soyuq davranışlarında bütün qonşularını müəyyən mənada itirib, yaxud etimadını qeybə uğradıb – Erməistandan başqa. Məhz bu baxımdan, Tehran hazırkı situasiyada yeganə çıxış yolunu İrəvanla sıx təmaslarda görür, üstəlik bəlli adamları vasitəsi ilə hərbi və kəşfiyyat məsələlərində təkliflərini irəli sürür. Onu da nəzərə alsaq ki, iranlı siyasi ekspert öz məqaləsini məhz Tehran iqtidarına yaxın saytda yerləşdirib, bu zaman ona sifarişin də haradan verildiyini asan şəkildə anlamaq mümkündür.

Rövşən RƏSULOV

Digər xəbərlər