PDF Oxu

Araşdırma

  • 1 000

"Silahlı Qüvvələrimizlə haqlı olaraq qürur duyuruq" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan Ordusunun nizami ordu kimi formalaşdırılması və vahid komandanlığa tabe etdirilməsi böyük dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, sonrakı mərhələdə isə ordumuzun kompleks şəkildə inkişafı, hərbi texnika və təchizatının gücləndirilməsi, yüksək peşəkarlığa malik zabitlərin və şəxsi heyətin formalaşdırılması Azərbaycan dövlətinin mühüm nailiyyətlərindəndir: "Bütün bu uğurlar, ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Məhz bu səbəbdən Azərbaycan Ordusu tarixinin hər yeni səhifəsini şərəflə yazmaq gücünə və imkanına malikdir.Ordumuz 44 günlük Vətən müharibəsində tariximizin ən şanlı səhifələrindən birini yazdı. Azərbaycan Silahlı Qüvvələri bu müharibədə yalnız hərbi güc nümayiş etdirməklə kifayətlənmədi, eyni zamanda XXI əsrin müasir döyüş texnologiyalarından məharətlə istifadə edərək, hərbi strateji planlama və yüksək hazırlıq səviyyəsi ilə bütün dünyaya nümunə göstərdi. Müharibə zamanı ordumuz ən müasir pilotsuz uçuş aparatlarından (PUA), kəşfiyyat və müşahidə sistemlərindən, dəqiq nişan alınma və zərbə texnologiyalarından, eləcə də real vaxtda koordinasiya imkanlarından uğurla istifadə etdi. Bu texnoloji və taktiki üstünlüklər Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətən sevgisi və fədakarlığı ilə birləşərək düşmən üzərində tam və qəti zəfərin əldə olunmasına gətirib çıxardı. Hərbi əməliyyatlar zamanı ordumuzun nümayiş etdirdiyi çeviklik, peşəkarlıq və texniki üstünlük bu gün dünya hərb tarixi üçün öyrənilməsi vacib olan nümunəyə çevrilmişdir. Elə buna görə də bu zəfər, yalnız Azərbaycan xalqının yaddaşında deyil, eyni zamanda gələcək nəsillərə örnək olaraq məktəblərin dərsliklərində, hərbi tədris proqramlarında və strateji araşdırmalarda xüsusi yer tutmaqdadır"."Bu gün Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təminatçısıdır. Müstəqil dövlətimizin əsas dayaqlarından biri olan güclü ordu, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daim yenilənir, inkişaf edir və ən müasir standartlara uyğunlaşdırılır. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində atılan addımlar sistemli və davamlı xarakter daşıyır. Azərbaycan xalqı bu gün öz ordusuna böyük inam və iftixarla yanaşır. Biz fəxr edirik ki, ölkəmizin sərhədlərini, müstəqilliyini və sabitliyini qoruyan belə güclü və peşəkar bir ordumuz var. Ordumuz təkcə Vətən müharibəsində deyil, eyni zamanda regionda sülh və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan qüvvədir. Silahlı Qüvvələrimizlə haqlı olaraq qürur duyuruq. Bu qürur yalnız keçmişin zəfərlərinə deyil, gələcəyin uğurlarına olan inamın da təməlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər