PDF Oxu

Siyasət

  • 385

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı - ŞƏRH

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı - ŞƏRH

Azərbaycanın müasir dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların müəyyən etdiyi siyasi yol bütöv bir xalqın gələcəyinə istiqamət verir. Ümummilli Lider Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Onun zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və milli maraqlara əsaslanan idarəçilik prinsipləri bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Prezident İlham Əliyev isə bu siyasi mirası müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək Azərbaycanın tarixində yeni və şanlı səhifələr yazır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri misilsizdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır siyasi, iqtisadi və sosial böhranla üz-üzə qalmışdı. Dövlət müstəqilliyinin təhlükə altında olduğu, daxili qarşıdurmaların ölkənin gələcəyini sual altına aldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun qətiyyətli siyasəti nəticəsində ölkədə siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi və iqtisadi inkişafın təməli qoyuldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında və beynəlxalq enerji bazarında mövqeyinin güclənməsində mühüm rol oynadı.

Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti Azərbaycanın gələcək uğurlarının əsasını təşkil etdi. O, güclü dövlətin yalnız siyasi və iqtisadi imkanlarla deyil, həm də milli birlik, vətənpərvərlik, tarixi yaddaş və xalqın öz gələcəyinə inamı ilə formalaşdığını yaxşı bilirdi. Heydər Əliyevin siyasi fəlsəfəsinin mərkəzində Azərbaycan xalqının milli maraqları, müstəqil dövlətçilik ideyası və ölkənin ərazi bütövlüyünün təmin olunması dayanırdı.

Bu siyasi irsin davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni məzmun qazandı. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, hərbi və diplomatik baxımdan daha qüdrətli dövlətə çevrildi. Ölkəmizin beynəlxalq nüfuzu yüksəldi, müdafiə qabiliyyəti gücləndirildi, milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursu ardıcıl şəkildə davam etdirildi. Bütün bu proseslər Azərbaycanın qarşısında dayanan tarixi vəzifələrin yerinə yetirilməsi üçün möhkəm zəmin yaratdı.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi missiyasını uğurla yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazilərində suverenlik tam bərpa olundu.

Bu tarixi hadisələr yalnız hərbi qələbə deyil, həm də uzun illər davam edən məqsədyönlü dövlət siyasətinin nəticəsi idi. Azərbaycan xalqı öz birliyini, milli iradəsini və dövlətinə bağlılığını nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından birinin gerçəkləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri bərpa olunur və Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses Azərbaycanın qələbədən sonrakı inkişaf mərhələsinin mühüm göstəricisidir. Qarşıda duran əsas vəzifələrdən biri həmin ərazilərin ölkəmizin iqtisadi və sosial həyatına tam inteqrasiyasını təmin etmək, onları gələcək nəsillər üçün dayanıqlı inkişaf məkanına çevirməkdir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi fikirlər də ölkəmizin keçdiyi tarixi mərhələnin əhəmiyyətini aydın ifadə edir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.”

Bu fikirlər Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət kimi regional və beynəlxalq münasibətlər sistemində daha güclü mövqeyə sahibdir. Bu mərhələdə əsas məqsəd əldə olunmuş nailiyyətləri qorumaq, dövlət institutlarını daha da inkişaf etdirmək, iqtisadi potensialı artırmaq və xalqımızın rifahını yüksəltməkdir.

Yeni Azərbaycan Partiyası da Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşmış siyasi təşkilat kimi bu proseslərdə mühüm rol oynayır. Partiyanın fəaliyyəti dövlətçilik prinsiplərinin qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və cəmiyyətin milli məqsədlər ətrafında birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün partiyanın qarşısında dayanan əsas vəzifələrdən biri də gənc nəslin dövlətçilik ruhunda formalaşmasına və onların ictimai-siyasi proseslərdə fəal iştirakına dəstək verməkdir.

Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin siyasi mirası Azərbaycanın dünənini, bu gününü və gələcəyini birləşdirən mühüm dövlətçilik xəzinəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, bərpa olunan suverenlik və həyata keçirilən genişmiqyaslı inkişaf strategiyası bu irsin uğurla davam etdirilməsinin bariz nümunəsidir. Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik ənənələri bu gün müstəqil Azərbaycanın gələcək inkişafına istiqamət verir.

Azərbaycanın qazandığı tarixi nailiyyətlər bir daha təsdiq edir ki, milli maraqlara əsaslanan qətiyyətli siyasət, xalq-iqtidar birliyi və güclü liderlik dövlətin qarşısında duran ən mürəkkəb vəzifələrin həllinə imkan yaradır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davam etdirilməsi yalnız keçmişə ehtiram deyil, həm də Azərbaycanın gələcəyinə yönəlmiş böyük məsuliyyətdir.

Asiman Babayev
YAP Şahbuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər