PDF Oxu

Siyasət

  • 603

Tarixin yaddaşından gələcəyin müasir şəhərinə - ŞƏRH

Tarixin yaddaşından gələcəyin müasir şəhərinə - ŞƏRH

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Ağdam xalqımızın tarixində, milli yaddaşında və Qarabağın ictimai-mədəni həyatında xüsusi yer tutur. Bu şəhərin adı çəkiləndə ilk növbədə onun zəngin keçmişi, əməksevər insanları, mədəni irsi və uzun illər davam edən həsrət dövrü yada düşür. Ağdam təkcə coğrafi ərazi deyil, həm də doğma yurduna qayıtmaq arzusu ilə yaşayan minlərlə insanın xatirələrinin, ümidlərinin və gələcəyə inamının ünvanıdır. Bu gün isə Ağdam tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyur. Bir vaxtlar dağıntılar içində qalan şəhərin yerində müasir infrastruktur qurulur, yaşayış məhəllələri salınır, sosial obyektlər inşa edilir və həyat yenidən canlanır.Ağdamın tarixində ən ağır səhifələrdən biri 1993-cü il iyulun 23-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə başladı. Uzun illər ərzində şəhərin yaşayış binaları, inzibati obyektləri, tarixi-mədəni abidələri dağıdıldı, insanların doğma yurdları ilə əlaqəsi kəsildi. Vaxtilə Qarabağın ən böyük və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam xarabalığa çevrildi. Ağdam məscidinin də dağıntılara məruz qalması bu şəhərin üzləşdiyi faciənin acı mənzərələrindən biri idi. Lakin bütün bu çətinliklər xalqımızın doğma torpaqlara qayıtmaq iradəsini sarsıda bilmədi.

Həmin ağır illərdə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın gələcək inkişafının, güclənməsinin və ərazi bütövlüyünün bərpasına yönəlmiş siyasi xəttin əsasını təşkil etdi. Ulu Öndərin uzaqgörən siyasəti, milli birlik və güclü dövlətçilik prinsipləri müasir Azərbaycanın inkişafında mühüm rol oynadı. Onun müəyyən etdiyi siyasi kurs sonrakı dövrdə də davam etdirildi. Məhz dövlətin gücləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi, ordunun müasirləşdirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi torpaqlarımızın azadlığına aparan yolun mühüm mərhələləri oldu.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi iradəsini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibədə Azərbaycan Ordusunun əsgər və zabitləri misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın azadlığı uğrunda döyüşdülər. Bu Zəfərin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, hərbçilərimizin fədakarlığı və bütün xalqımızın birliyi dayanır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qazilərimizin göstərdiyi şücaət isə gələcək nəsillər üçün örnək olacaq. Ağdamın 2020-ci il noyabrın 20-də hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması da məhz Vətən müharibəsində əldə edilmiş tarixi qələbənin nəticəsi idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması tarixi hadisə kimi yadda qaldı. Dövlət başçısının Ağdam məscidində səsləndirdiyi fikirlər, şəhərin yenidən qurulacağına dair verdiyi mesajlar ağdamlıların uzun illər davam edən həsrətinə son qoyulacağına inamı daha da artırdı. Bu gün həmin vədlərin real nəticələrini görmək mümkündür. Cənab Prezidentin rəhbərliyi ilə Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.Hazırda Ağdamda görülən işlər şəhərin yalnız fiziki baxımdan bərpası ilə məhdudlaşmır. Burada müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış məhəllələri, yollar, məktəblər, sosial və xidmət obyektləri yaradılır. Elektrik, su, rabitə və digər mühüm infrastruktur layihələri həyata keçirilir. Bərpa prosesi zamanı şəhərin tarixi simasının qorunmasına, müasir texnologiyaların tətbiqinə və insanların rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasına diqqət yetirilir.Ağdamın bugünkü mənzərəsində diqqət çəkən mühüm layihələrdən biri də nəqliyyat infrastrukturunun yenilənməsidir. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqələrini gücləndirir. Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi kimi obyektlər isə bölgənin müasir idarəetmə və texnoloji imkanlarının genişlənməsinə xidmət edir. İmarət Kompleksinin bərpası, yeni hotellərin istifadəyə verilməsi də şəhərin turizm və xidmət potensialının inkişafı baxımından əhəmiyyətlidir. Ağdam Sənaye Parkı isə iqtisadi fəallığın artırılması, yeni müəssisələrin yaradılması və məşğulluğun genişləndirilməsi üçün mühüm imkanlar açır.
Ağdamda ən sevindirici hadisələrdən biri də doğma yurdlarından didərgin düşmüş insanların geri qayıtmasıdır. 2025-ci il martın 27-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Uzun illər başqa ünvanlarda yaşayan ağdamlıların yenidən öz evlərinə, doğma küçələrinə qovuşması Böyük Qayıdış proqramının ən mənalı nəticələrindəndir. İndi Ağdamda yalnız binalar tikilmir, ailələr yenidən bir araya gəlir, uşaqlar doğma şəhərlərində böyüməyə başlayır, gündəlik həyat öz axarına qayıdır. Şəhərin həqiqi dirçəlişi də məhz insanların burada yaşaması, işləməsi və gələcək qurması ilə tamamlanacaq.
Ağdamın bugünkü dirçəlişindən danışarkən şəhidlərimizin və qazilərimizin xidmətlərini unutmaq mümkün deyil. Onların fədakarlığı nəticəsində bu torpaqlara qayıdış gerçəkləşib. Bu gün Ağdamda yüksələn hər bir yeni bina, çəkilən hər bir yol, açılan hər bir məktəb və yaşayış məntəqəsi həmin qəhrəmanlığın yaratdığı tarixi imkanın davamıdır. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət, qazilərin cəmiyyətə inteqrasiyası və sosial təminat məsələləri də dövlət siyasətinin mühüm istiqamətlərindəndir.Ağdamın yenidən qurulması həm də Azərbaycan xalqının öz tarixinə, mədəniyyətinə və milli kimliyinə sahib çıxmasının ifadəsidir. Bu şəhərin küçələrində yenidən həyatın canlanması, tarixi abidələrin bərpası, yeni təhsil və mədəniyyət ocaqlarının yaradılması gələcək nəsillərə ünvanlanan mühüm mesajdır. Ağdam artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, həm də quruculuq, inkişaf və qayıdışla xatırlanır.Bu gün Ağdamda baş verən dəyişikliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Dövlətin diqqəti, xalqın birliyi və quruculuq əzmi nəticəsində şəhərin yeni siması formalaşır. Ağdamın gələcəyi onun tarixi irsini qoruyan, müasir imkanlarını genişləndirən və sakinlərinə layiqli həyat şəraiti yaradan inkişaf modeli üzərində qurulur.
Ağdamın taleyi bir daha göstərir ki, torpağa bağlılıq, milli birlik və dövlətçilik iradəsi ən çətin sınaqlardan belə güclü çıxmağa imkan verir. Bu gün doğma yurduna qayıdan hər bir ağdamlının sevincində şəhidlərimizin arzusu, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin həyata keçirdiyi quruculuq siyasətinin nəticələri öz əksini tapır. Ağdam yenidən yaşayır, inkişaf edir və gələcəyə doğru inamla addımlayır. Bu şəhərin yeni tarixi isə artıq dağıntılarla deyil, qurulan evlər, açılan yollar, doğma torpağına qayıdan insanlar və yeni nəsillərin gələcəyə ünvanlanan arzuları ilə yazılır.

Anar Əhmədov

YAP kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər