PDF Oxu

Siyasət

  • 309

Tarixi Zəfərdən Böyük Qayıdışa doğru - ŞƏRH

Tarixi Zəfərdən Böyük Qayıdışa doğru - ŞƏRH

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, milli qürur və iftixar hisslərini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün yalnız Ağdamın işğaldan azad olunmasını deyil, həm də xalqımızın doğma torpaqlarına qayıdış əzmini, dövlətimizin qüdrətini və tarixi ədalətin bərpasını ifadə edir. Ağdamın azadlığı 2020-ci ildə qazanılmış tarixi Zəfərin mühüm nəticələrindən biri kimi Azərbaycanın müasir tarixində əbədi yaşayacaqdır.

Qarabağın qədim yaşayış məskənlərindən biri olan Ağdam zəngin tarixi, mədəni irsi, özünəməxsus adət-ənənələri və strateji mövqeyi ilə seçilir. Şəhərin adı ilə bağlı müxtəlif etimoloji izahlar mövcuddur. Geniş yayılmış izahlardan birinə görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını ifadə edir. Digər izaha əsasən isə adın yaranması ağ daşdan tikilmiş imarətlə əlaqələndirilir. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xanın bu ərazidə ağ daşdan imarət tikdirməsi ilə bağlı məlumatlar da mövcuddur. Bu baxımdan Ağdam adı şəhərin tarixi keçmişini, memarlıq ənənələrini və milli-mənəvi dəyərlərini özündə yaşadan toponimlərdəndir.

Bir vaxtlar Azərbaycanın inkişaf etmiş şəhərlərindən biri olan Ağdam iqtisadi, mədəni və ictimai həyatın mühüm mərkəzlərindən sayılırdı. Lakin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra şəhər misli görünməmiş dağıntılara məruz qaldı. Yaşayış evləri, məktəblər, mədəniyyət müəssisələri, tarixi və dini abidələr dağıdıldı, bir zamanlar həyatın qaynadığı şəhər xarabalığa çevrildi. Ağdamın acı taleyi erməni vandalizminin və işğalçılıq siyasətinin ən bariz nümunələrindən biri kimi tarixə düşdü.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı Ağdamın azad olunacağına, doğma sakinlərinin öz yurdlarına qayıdacağına inamını heç vaxt itirmədi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, güclü ordu quruculuğu və xalq-ordu birliyi bu inamı gerçəyə çevirdi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın möhtəşəm tarixi Qələbəsi ilə nəticələndi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu işğaldan azad edildi. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu və Ağdam yenidən Azərbaycanın nəzarətinə keçdi.

Ağdamın azad olunması xalqımızın milli iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təntənəsi idi. Bu Zəfər şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və əsgərlərimizin misilsiz fədakarlığı hesabına əldə edildi. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Bu gün Ağdamda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin müqəddəs arzularının gerçəkləşməsinin rəmzidir.

Tarixi Qələbənin əbədiləşdirilməsi və Vətən müharibəsində göstərilən qəhrəmanlığın qiymətləndirilməsi məqsədilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmişdir. 2020-ci il noyabrın 26-da təsis edilən bu medal Ağdamın azadlığı uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçuların şücaətinə verilən dövlət qiymətidir. Bu təltif həm də gələcək nəsillər üçün Vətən sevgisinin, torpağa bağlılığın və qəhrəmanlıq ənənələrinin əbədi yaşadılmasına xidmət edir.

Prezident cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabr Ağdam Şəhəri Günü kimi təsis edilmişdir. Bu qərar tarixi Zəfərimizin əbədiləşdirilməsi, Ağdamın azadlıq tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Artıq bu əlamətdar gün hər il xalqımız tərəfindən böyük qürur və sevinc hissi ilə qeyd olunur.

Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısının diqqət və qayğısı ilə şəhərin Baş planına uyğun olaraq müasir yaşayış məhəllələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, yollar və digər infrastruktur layihələri inşa edilir. Tarixi-mədəni irsin qorunması, dini abidələrin bərpası, İmarət Kompleksinin yenidən qurulması və Ağdamın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər görülür. Bir vaxtlar dağıntılar içərisində qalmış şəhərin yerində müasir, abad və gözəl Ağdam formalaşır.

Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinin və kəndlərinin məskunlaşması prosesi də davam edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkün ailələrinin öz evlərinə qayıtması bu torpaqlarda həyatın yenidən canlanmasının ən sevindirici göstəricisidir. Yeni yaşayış məntəqələrinin salınması, iş yerlərinin yaradılması, sosial infrastrukturun qurulması insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Ağdamın dirçəlişi təkcə bir şəhərin yenidən qurulması deyil, bütövlükdə Qarabağın iqtisadi, sosial və mədəni həyatının bərpasıdır.

Bu gün Ağdamın simasında Azərbaycan xalqının yenilməz ruhunu, dövlətimizin gücünü və gələcəyə inamını görürük. İşğal dövründə dağıdılmış şəhər yenidən qurulur, doğma sakinləri öz torpaqlarına qayıdır, Ağdamın küçələrində həyat canlanır. Bu mənzərə Azərbaycanın tarixi Zəfərinin davamı olan quruculuq siyasətinin real nəticəsidir.

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlıları və xalqımızı təbrik edir, doğma torpaqlarına qayıdan sakinlərə firavan həyat arzulayırıq. Ağdam uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad ediləcək, qazilərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Əminik ki, Ağdam öz tarixi şöhrətini bərpa edərək Azərbaycanın ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəkdir.

Nəriman Məmmədli

YAP Şahbuz rayon təşkilatının fəal üzvü

Digər xəbərlər