“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
20 Noyabr Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan, həm faciəli keçmişi, həm də gələcəyə olan inamı özündə birləşdirən əlamətdar gündür. Bu tarix Ağdam şəhərinin 2020-ci il noyabrın 20-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilərək Azərbaycana qaytarılmasını ifadə edir. Ağdamın azad olunması yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də onilliklər ərzində doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın mənəvi dünyasında yeni mərhələnin başlanğıcı kimi mühüm əhəmiyyət daşıyır.
Ağdam tarixən Qarabağın ən mühüm şəhərlərindən biri, Azərbaycanın zəngin mədəniyyətini, iqtisadi potensialını və milli-mənəvi dəyərlərini özündə birləşdirən yaşayış məkanı olub. Şəhər öz coğrafi mövqeyi, kənd təsərrüfatı, sənaye müəssisələri, təhsil və mədəniyyət ocaqları ilə regionun sosial-iqtisadi həyatında mühüm rol oynayıb. Ağdam həm də Qarabağın ictimai, iqtisadi və mədəni mərkəzlərindən biri kimi tanınıb.
Lakin Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ağdam ağır faciələrlə üzləşdi. 1993-cü il iyulun 23-də şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşdü, yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və digər infrastruktur obyektləri dağıdıldı. Bir vaxtlar həyatın qaynayıb-qarışdığı şəhər uzun illər ərzində xarabalığa çevrildi.
Ağdamın işğal dövründəki vəziyyəti münaqişənin humanitar və mədəni nəticələrinin ən bariz nümunələrindən biri idi. Şəhərin tarixi-memarlıq abidələrinin, dini və mədəni irs nümunələrinin dağıdılması, yaşayış məntəqələrinin sistemli şəkildə viran qoyulması təkcə maddi itkilərlə məhdudlaşmırdı. Bu, həm də insanların tarixi yaddaşına, doğma yurda bağlılığına və gələcək nəsillərin mədəni irslə əlaqəsinə ciddi zərbə idi.
2020-ci ildə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfər regionda yeni geosiyasi reallıqlar yaratdı. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu və şəhərin yenidən qurulması üçün tarixi imkan yarandı.
Ağdamın azad olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər şəhərin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirirdi:
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Bu bəyanat yalnız siyasi iradənin ifadəsi deyil, həm də doğma torpaqlarına qayıtmaq istəyən insanların ümidlərinin gerçəkləşəcəyinə dair dövlət təminatı kimi mühüm əhəmiyyət daşıyırdı.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri işğaldan azad edilmiş ərazilərin inkişafının mühüm istiqamətlərindən birini təşkil edir. Şəhərin Baş planı əsasında müasir urbanistik yanaşmalar tətbiq olunur, yaşayış məhəllələri, inzibati binalar, təhsil və səhiyyə müəssisələri, sosial infrastruktur obyektləri yaradılır. Eyni zamanda, nəqliyyat-kommunikasiya sisteminin yenilənməsi, yol infrastrukturunun qurulması və iqtisadi fəaliyyət üçün əlverişli şəraitin formalaşdırılması istiqamətində layihələr həyata keçirilir.
Ağdamın yenidən qurulmasında diqqət çəkən əsas məqamlardan biri şəhərin yalnız yaşayış məntəqəsi kimi deyil, həm də regionun iqtisadi və logistika mərkəzlərindən biri kimi inkişaf etdirilməsidir. Ağdam Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye parkı yeni müəssisələrin fəaliyyətə başlaması, yerli istehsalın genişləndirilməsi, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması üçün mühüm imkanlar yaradır.
Digər mühüm istiqamət Böyük Qayıdış proqramıdır. Ağdam sakinlərinin doğma torpaqlarına mərhələli şəkildə qayıtması şəhərin sosial həyatının bərpasında əsas göstəricilərdən biridir. Çünki şəhərin həqiqi dirçəlişi yalnız binaların tikilməsi ilə ölçülmür. Əsl dirçəliş insanların öz evlərinə qayıtması, ailələrin yenidən məskunlaşması, uşaqların məktəbə getməsi, sahibkarlıq fəaliyyətinin genişlənməsi və ictimai həyatın canlanması ilə tamamlanır.
Ağdamın gələcək inkişafı həm də tarixi-mədəni irsin qorunması ilə sıx bağlıdır. Şəhərin memarlıq nümunələrinin, tarixi abidələrinin, dini məkanlarının və milli-mənəvi dəyərlərinin bərpası gələcək nəsillərə ötürüləcək mühüm mirasdır. Bu baxımdan Ağdamın yenidən qurulması keçmişlə gələcək arasında mənəvi körpünün yaradılması deməkdir.
Ağdamın dirçəlişi Azərbaycanın postmünaqişə dövründə qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinin də göstəricisidir. Burada əsas məqsəd yalnız dağıdılmış infrastrukturu yeniləmək deyil, dayanıqlı iqtisadiyyat, müasir şəhər mühiti, sosial rifah və təhlükəsiz yaşayış şəraiti formalaşdırmaqdır. Bu prosesin uğuru uzunmüddətli planlaşdırmadan, iqtisadi səmərəlilikdən, ekoloji tarazlığın qorunmasından və qayıdan əhalinin sosial təminatından asılıdır.
Nəticə etibarilə, 20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında həm kədərli keçmişin, həm də yenidənqurma və dirçəliş əzminin rəmzidir. Ağdamın işğaldan azad edilməsi ilə başlanan yeni mərhələ bu qədim şəhərin müasir, abad və inkişaf etmiş yaşayış məkanına çevrilməsini hədəfləyir.
Ağdamın yenidən qurulması bir şəhərin bərpasından daha geniş məna daşıyır. Bu, doğma yurda qayıdışın, milli-mədəni irsin qorunmasının, iqtisadi potensialın reallaşdırılmasının və gələcək nəsillər üçün yeni həyat şəraitinin yaradılmasının ifadəsidir.
Ağdam yenidən qurulur, dirçəlir və öz tarixi simasına qovuşur. Bu şəhərin hər küçəsi, hər məhəlləsi və hər daşı Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. 20 Noyabr isə bu yaddaşın azadlıq və quruculuq səhifəsidir.
Elman Rəcəbov,
YAP Lerik təşkilatının əməkdaşı