Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçiliyinin ən mürəkkəb, eyni zamanda taleyüklü dövrünə təsadüf edir. 1992-ci il noyabrın 21-də təsis edilən YAP sadəcə yeni siyasi təşkilatın meydana çıxması deyil, ölkəni xaosdan, siyasi qarşıdurmalardan və parçalanma təhlükəsindən xilas etmək istəyən milli iradənin təşkilatlanması idi. Həmin dövrdə Azərbaycan müstəqilliyini yenicə bərpa etsə də, dövlətçilik ciddi sınaqlarla üz-üzə qalmışdı. Belə bir tarixi şəraitdə Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşən ziyalıların və vətənpərvər insanların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası xalqın sabitliyə, güclü dövlətə və etibarlı siyasi liderə olan inamının ifadəsinə çevrildi.Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının 34 illik tarixinə nəzər saldıqda bir mühüm həqiqət aydın görünür: YAP Azərbaycanın müasir siyasi tarixinin yalnız iştirakçısı deyil, onun formalaşmasında mühüm rol oynamış siyasi qüvvədir:"Partiyanın yaranması ilə dövlətçilik düşüncəsi yeni siyasi məzmun qazandı, milli maraqların qorunması, müstəqilliyin möhkəmləndirilməsi və güclü dövlət institutlarının yaradılması əsas prioritetlərə çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı isə Azərbaycanın siyasi taleyində dönüş nöqtəsi oldu. Ölkədə sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi islahatların başlanması və müstəqil xarici siyasət kursunun müəyyənləşdirilməsi Azərbaycanın gələcək inkişafının təməlini qoydu.Bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yolu qiymətləndirərkən onu yalnız ötən illərin siyasi nailiyyətləri ilə məhdudlaşdırmaq doğru olmaz. Çünki YAP-ın ən böyük siyasi uğuru onun təmsil etdiyi dövlətçilik ideyalarının zamanın sınağından çıxmasıdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələyə yüksəlib. Azərbaycan iqtisadi potensialını gücləndirib, beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyini möhkəmləndirib, regional və qlobal təşəbbüslərin fəal iştirakçısına çevrilib. Ən əsası isə xalqımızın onilliklər boyu arzuladığı tarixi ədalət bərpa olunub, torpaqlarımız işğaldan azad edilib, ölkəmizin bütün ərazisində suverenliyimiz təmin olunub.Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının siyasi tarixində ən mühüm məqamlardan biri də məhz budur: partiya müstəqilliyimizin qorunması uğrunda mübarizə aparılan dövrdə yaranıb, bu gün isə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycanın inkişafına siyasi dəstək verən qüvvə kimi fəaliyyət göstərir. Bu, sadəcə tarixi ardıcıllıq deyil, dövlətçilik ideyasının davamlılığının göstəricisidir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və Azərbaycanın regionda yeni siyasi reallıqların əsas müəyyənedicilərindən birinə çevrilməsi YAP-ın siyasi fəaliyyətində də yeni vəzifələr formalaşdırır. Müasir dövrdə güclü siyasi partiyanın missiyası yalnız əldə edilmiş nailiyyətləri müdafiə etmək deyil, həm də gələcəyin çağırışlarına cavab vermək, cəmiyyətlə canlı dialoqu gücləndirmək, gənclərin dövlətçilik düşüncəsinin formalaşmasına töhfə verməkdir.Bu baxımdan Yeni Azərbaycan Partiyasının yeniləşmə, siyasi varislik və müasir çağırışlara uyğun inkişaf xətti xüsusi əhəmiyyət daşıyır. Partiyanın gücü yalnız üzvlərinin sayında deyil, onun ideoloji bütövlüyündə, təşkilati imkanlarında və dövlətçilik prinsiplərinə sədaqətindədir.34 illik yubiley ərəfəsində əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycanın keçdiyi böyük inkişaf yolundan ayrı təsəvvür edilə bilməz. Dünən dövlətçiliyimizin xilası naminə yaranan bu siyasi təşkilat bu gün qalib Azərbaycanın daha qüdrətli gələcəyinin qurulmasına xidmət edir. Əgər YAP-ın yaranmasının tarixi zərurəti müstəqil dövləti qorumaq idisə, bugünkü siyasi missiyası həmin dövləti daha güclü, daha inkişaf etmiş və beynəlxalq miqyasda daha nüfuzlu gələcəyə daşımaqdır. Məhz bu ideoloji ardıcıllıq Yeni Azərbaycan Partiyasının dünənini, bu gününü və sabahını birləşdirən əsas siyasi fəlsəfədir".
Müəllif: Günel Fərzəliyeva