PDF Oxu

Siyasət

  • 195

Ağdamın yeni həyatına açılan nəqliyyat qapısı - ŞƏRH

Ağdamın yeni həyatına açılan nəqliyyat qapısı - ŞƏRH

20 Noyabr – Ağdam Şəhəri Günü
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında, milli qürurunda və dövlətçilik tarixində xüsusi yer tutur. Otuz ilə yaxın işğal altında qalan Ağdamın azadlığı Azərbaycanın tarixi Zəfərinin mühüm nəticələrindən biridir. Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və həyata keçirilən Böyük Qayıdış Proqramı şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Ağdamın yenidən qurulması istiqamətində həyata keçirilən mühüm layihələrdən biri də Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası və istifadəyə verilməsidir. 2025-ci il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə kompleksin açılışı olmuşdur. Bu əlamətdar hadisə Ağdamın nəqliyyat infrastrukturunun inkişafında, şəhərin ölkənin digər bölgələri ilə əlaqələrinin genişlənməsində və Böyük Qayıdış prosesinin sürətləndirilməsində mühüm addım kimi tarixə düşmüşdür.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə-Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi çərçivəsində inşa edilib. Təxminən 8 hektar ərazini əhatə edən kompleks müasir memarlıq üslubu və yüksək xidmət standartları əsasında qurulub. Burada sərnişinlərin rahatlığı üçün geniş gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, restoran, əyləncə və istirahət guşələri yaradılıb. Eyni zamanda, sərnişinlərin qatar və avtobus platformalarına rahat keçidi təmin edilib.
Kompleksin ən mühüm xüsusiyyətlərindən biri Azərbaycanda ilk dəfə məhz burada inşa edilmiş 350 metr uzunluğunda qapalı dəmir yolu platformasıdır. Bu yenilik sərnişinlərə ilin bütün fəsillərində rahat və təhlükəsiz xidmət göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ərazidə şəhərlərarası və rayonlararası avtobuslar üçün perronlar, müxtəlif nəqliyyat vasitələri üçün dayanacaqlar, velosiped dayanacaqları, park və elektromobillərin enerji ilə təmin olunması üçün doldurma məntəqələri də yaradılıb.
Kompleksin sərnişindaşıma imkanları da kifayət qədər genişdir. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər, avtovağzal isə 1300-1500 nəfər sərnişinə xidmət göstərmək gücünə malikdir. Bu göstəricilər Ağdamın gələcəkdə mühüm regional nəqliyyat qovşaqlarından birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Bu layihənin əhəmiyyəti yalnız müasir nəqliyyat xidmətlərinin təşkili ilə məhdudlaşmır. Dəmir yolu və avtovağzal kompleksinin istifadəyə verilməsi Ağdama qayıdan keçmiş məcburi köçkünlərin rahat gediş-gəlişinə, sahibkarlığın inkişafına, turizm imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına da müsbət təsir göstərir. Eyni zamanda, Bakı-Ağdam dəmir yolu əlaqəsinin bərpası uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz torpaqları ilə əlaqəsinin yenidən möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələri Azərbaycanın güclü iqtisadi potensialını, quruculuq əzmini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Ağdamda salınan yaşayış məhəllələri, inşa edilən məktəblər, sosial obyektlər, sənaye müəssisələri və nəqliyyat infrastrukturu vahid inkişaf strategiyasının tərkib hissəsidir. Burada əsas məqsəd insanların doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, onların müasir və təhlükəsiz yaşayış şəraiti ilə təmin olunmasıdır.
Bu gün Ağdam artıq dağıntılarla deyil, quruculuq işləri, yeni binaları, müasir yolları və inkişaf edən infrastrukturu ilə diqqəti cəlb edir. Vaxtilə düşmən tərəfindən viran qoyulmuş şəhərdə həyat yenidən canlanır, sakinlərin doğma torpaqlarına qayıdışı davam edir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi də bu dirçəlişin, yenilənmənin və inkişafın mühüm rəmzlərindən biridir.
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bu müasir nəqliyyat kompleksinin əhəmiyyətini bir daha qeyd etmək lazımdır. Çünki Ağdamın hər bir yeni infrastrukturu, hər bir tikilisi, hər bir istifadəyə verilən obyekti Böyük Qayıdışın uğurlu nəticələrindən xəbər verir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, dövlətimizin gücü və xalqımızın quruculuq əzmi sayəsində Ağdam yaxın gələcəkdə Azərbaycanın ən müasir, abad və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir. Ağdamın yenidən dirçəlməsi xalqımızın Zəfər ruhunun, milli birliyinin və doğma torpağa bağlılığının parlaq təcəssümüdür.

Emin Ağayev
YAP Ordubad rayon Kələki kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər