Azərbaycan hər zaman kiçik ada dövlətlərinin yanında olub. Bu il may ayında Prezident İlham Əliyevin “İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına ünvanldığı müraciətdə deyilirdi: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.
Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi.
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı.
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib.
Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.
Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub.
Kiçik ada dövlətləri
Bir və ya bir neçə adada yerləşən dövlətlər ada dövlətləri adlanır. Sakit okean, Hind və Atlantik okeanları 47 belə ölkəni öz ətrafında birləşdirir. Bu gün iqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxması kiçik ada dövlətlərinin inkişafı və hətta mövcudluğu üçün təhlükə yaradır. Belə olan təqdirdə isə onlara kömək göstərmək, bu xalqları qlobal iqlim dəyişmələrinin bəlasından xilas etmək insanlıq naminə bütün dünyanın, eləcə də inkişaf etmiş böyük dövlətlərin işidir.
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyi, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğu, onların hökumətlərinin çətin vəziyyətdə olduqları bütün dünyaya məlumdur. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bu barədə faktlardan danışıb: Siz - kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya Milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək.
COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımların atıldığını qeyd edən Baş katib onu da bildirdi ki, iş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır.
Antonio Quterreş bu məsələdə yubanmamağa çağırış edib bə vurğulayıb: bu COP çərçivəsində və ondan sonrakı dövrdə sizi fəaliyyəti tələb etmək üçün öz səlahiyyətlərinizdən istifadə etməyə çağırıram. Ədaləti tələb edin. Çünki yubanmaq olmaz.
Azərbaycan kiçik ada dövlətləri üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırdı
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxış edən dövlətimizin başçısı Azərbaycanın COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxdığını, kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməli olduğunu vurğulayaraq deyib: Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Azərbaycanın kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirdiyini, fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərdiyini, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verdiyini, 10-dan çox kiçik ada dövlətinin Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlandığını, Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdiyini bildirən Prezident İlham Əliyev demişdir: Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?!
Adıçəkilən tədbirdə beynəlxalq gündəlikdə mühüm məsələlərdən olan neokolonializm və iqlim dəyişmələrinə münasibət bildirən dövlətimizin başçısı kiçik ada dövlətlərindən olan nümayəndələr qarşısında faktlarla çıxış etmiş, vəziyyətin təhlilini vermişdir: Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.
Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi.
Dövlətimizin başçısı bütün bunları siyasi riyakarlıq adlandırmış, siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşdüyünü qeyd etmiş və Fransadakı bütün siyası məhbusların dərhal azad olunmasını bildirmişdir.
Samitdə dövlət başçısının çıxışının yaddaqalan və insan hüquqlarına yönəlmiş əsas məqamlarından biri isə bu olmuşdur: Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.
Maliyyələşmə böyük təəssürat yaratdı
Vurğuladığımız kimi, Azərbaycan tərəfdən Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayrıldı. Bu, sammit iştirakçıları və kiçik ada dövlətlərinin təmsilçiləri tərəfindən xüsusi minnətdarlıqla qarşılandı.
Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend iqlim maliyyələşməsi işində uğurlu rəhbərliyə görə Prezident İlham Əliyevə bu işlərə sadiqliyə, güclü rəhbərliyə və hərtərəfli dəstəyə görə təşəkkür edib, maliyyə ilə bağlı bu yanaşma sayəsində COP29-da real nəticələrə nail olunacağına ümidvar olduğunu bildirib: COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.
Beləliklə, Azərbaycanda keçirilən COP29 kiçik ada dövlətlərinin qlobal iqlim dəyişmələrinə qarşı mabarizədə dünya qarşısında yeni bir təşəbbüs və addımdır. Bu təşəbbüs yaxın gələcəkdə həmin dövlətlərin xilası ola bilər.
Mətanət Məmmədova