Mədəniyyət

  • 9 745

Vətən, torpaq, xalq və sevgi haqqında Əli Ələmi - 75

image

Sizə xalqımızın fəxri, elm, ixtira və ədəbiyyat sahəsində çox böyük işlər görən bir insan haqqında söz açmaq istəyirik. Bu, Əməkdar mühəndis, tanınmış ixtiraçı, “Tərəqqi” medallı, texika üzrə fəlsəfə doktoru, dosent Əli Əmirov-Ələmidir. Əli Ələmi çox yüksək intellektə malik bir insandır. Bu gözəl, çox maraqlı insan 1948-ci ilin mart ayının 12-də Hacıqabulda anadan olub. Orta məktəbi medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Böyük Tanrı tərəfindən ona təkcə maraqlı mühəndis-ixtiraçı istedadı verilməyib. Eyni zamanda, Ulu Yaradan ona geniş ürək, böyük Vətən sevgisi, hər bir adama qarşı çox diqqətli olmaq kimi gözəl, müdrik insani keyfiyyətlər də bəxş edib. Başlıca olaraq, dostumuz, fəxrimiz Əli Ələmi tanınmış şair-qəzəlxan kimi də böyük istedada malikdir. Bir sözlə, Allah tərəfindən seçilmiş insanlardandır. Qətiyyətlə deyə bilərəm ki, zaman gələcək o da klassiklərimiz Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid kimi xalqımızın iftixarına çevriləcək və qəzəlləri dillər əzbəri olmaqla seviləcəkdir. Onun Odlar yurdunun Aerokosmik və hərb sahəsində mühəndis-ixtiraçı kimi də Azərbaycan elminə, hərbinə verdiyi töfhələri xalqımız üçün böyük xeyirlər gətirir və gələcəkdə də gətirəcəkdir.
Dəyərli ziyalımız Əli Ələmini 75 illik yubileyi münasibətilə çoxminli oxucularımız adından təbrik edirik. Ona can sağlığı və yaradıcılığında daha böyük uğurlar arzu edirik. Yaz, yarat, əziz dostumuz Əli Ələmi! Çünki bəşəriyyət nə qədər var olacaqsa, söz də o qədər yaşayacaq.
Əziz oxucular sizə Əli Ələminin son vaxtlar yazdığı şeirlərinin, qəzəllərinin çox kiçik qismini təqdim edirik. İnanırıq ki, bu şeirlər və qəzəllər sizin də xoşunuza gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

ATACAN

(Ali Baş Komandan İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin ruhuna müraciəti)

Çökdürüb düşməni, əzdik, elədik ram, atacan!
Qalmadıq, gözlərin aydın, daha nakam, atacan!

Sülhə dəvət elədik, güldü bizə düşmənimiz!
Etdi azğın bizə rişxənd ilə eyham, atacan!

İncidirdi, bilirəm ki, o, sənin ruhunu da,
Sonadək mən belə mənfur ilə varam, atacan!

Xalqımız, ordumuz, and içdi, səfərbər oldu,
Rəhbəri qalib edir eşq ilə inam, atacan!

Unudaq dərdi, bizim xalqa sevinmək yaraşır,
Xalqa ömrüm boyu etməkdəyəm, ikram, atacan!

Türkiyəm, Azəribaycanım hələ şənlik edir,
Daha Turana yayılmaqdadı bayram, atacan!

İki qardaş - bir ürək, vəcdə gəlib nəğmə dedik,
Belə çin oldu otuz ildəki röyam, atacan!

Ələmi alqış edib, yazdı fərəhlə, bu sözü:
Sənə rəhmət oxudur, övladın İlham, atacan!

13.12.2020-ci il

Haqqın sözünü birgə deyir Ərdoğan, İlham!

Sıyrıldı qınından elə, pas atmaz o qeyrət,
Coşdu iki qardaş, iki sirdaş, iki dövlət!
Turan elini qaldıracaqdır bu məhəbbət!
Düşmən çökəcək, yalvaracaqdır, olacaq ram!
Haqqın sözünü birgə deyir Ərdoğan, İlham!

Yatmışdı haçandan, yenə bozqurdu oyatdıq,
Fəth etmədədir zirvələri, arzuya çatdıq,
Allah deyir, biz onu qalib ki, yaratdıq,
Qurdun səsini aləmə yay, verməsin aram!
Haqqın sözünü birgə deyir Ərdoğan, İlham!

Qaldır şərəfə badələri, göylərə qaldır,
Layiq olanı xəlq eləyib Xaliq ucaldır!
Dünya qopacaq, vəcd ilə Türk marşını çaldır,
Xainlərə bax, bir-birinə vursa da eyham,
Haqqın sözünü birgə deyir Ərdoğan, İlham!

Qalib ola millət sevinə daima böylə,
İndi atımız yerdə deyil, uçmada göylə,
Bayraqdara yol ver, Ələmi şerini söylə!
Fəxr eylə, de ki, hər biri şeyx, hər biri imam,
Haqqın sözünü birgə deyir Ərdoğan, İlham!

28.10. 2020-ci il

YAŞA, XALQIM!

Zənn eyləmə, atdın oxu, dəydi daşa, xalqım!
Qalib olacaqsan, bu ümidlə yaşa, xalqım!

Oldu Vətən eşqiylə mətanətlə səfərbər,
Cəhd etsə cihada,..gedəcək birbaşa xalqım!

Qəlbindəki bir qurd ürəyi vulkana bənzər,
Yatmışdı bu vulkan, daha istər coşa xalqım.

Xain içimizdə daha qorxunc əməl eylər,
Fənd eyləyir addımbaşı daim çaşa xalqım!

Azad elə torpaqlarını, düşməni xar et,
Qoyma yenidən həddini azğın aşa, xalqım!

Öz qeyrətinə, əqlinə tək arxayın ol sən,
Səndən ötən hər daş dəyəcək qardaşa xalqım!

Biz Azər(i)baycanlı, Vətən Azər(i)baycan,
Qalsın Vətənimlə, Ələmi, başbaşa xalqım!

19. 07. 2020-ci il

ƏR İGİDLƏR

(Şuşa uğrunda əzmlə vuruşmuş Xüsusi
təyinatlılarımıza minnətdarlıqla)

Meydanda dedi son sözü qalib ər igidlər!
Düşmənlərin əzdi, eləyib ləngər igidlər!

"Məhv eylə rəqibi" yazılıb alnına, bir bax!
Sanki, doğulubdur anadan əsgər igidlər!

Aşdı qayalardan, Şuşaya birbaşa girdi,
Gizlənmək üçün qazmadı bir səngər igidlər!

Yüz düşməni əzmək hərənin payına düşdü,
Oynatdı məharətlə çəkib xəncər igidlər!

Tarix yazıb o xəncər əzmlə Qalamızda,
Daim dilimizdə olacaq əzbər, igidlər!

Öpdükcə şəhidin yanağından, dedi, “can-can”,
Yaş tökdü Şuşamız - o gözəl dilbər, igidlər!

Zəm-zəm bulağıtək o şəhidin qanı axdı,
Cənnətdə çəkər nazın onun Kövsər, igidlər!

Acizdi Ələmi qələmi vəsf eləməkdə,
Hər bir söz olaydı sizə layiq zər, igidlər!

14.11. 2020-ci il

ŞƏHİDİN ÖZ ATASINA SON SÖZÜ

Ağlama, ağlama, atam, əzizim,
Kişilər hönkürüb, ağlamaz axı.
Allah hüzuruna gedirəm özüm,
Ağlasan, yanında saxlamaz axı.

Şəhid atasısan, fəxr eylə daha,
"İgid ol, cəsur ol!"- sən demədinmi?
Səni tapşırmışam, dedin, Allaha,
Allah sənlə olsun, söyləmədinmi?

Vətən məhəbbəti, el məhəbbəti,
Demişdin, hər şeydən üstündür, üstün!
Mənim əvəzimdə olsaydın, qəti,
Sən də can verərdin bu Vətən üçün!

Yapış nəvələrin ta əllərindən,
Axan göz yaşını, sən Allah, gizlə!
Öpürəm ağlayan o gözlərindən,
Sən də nəvələri öpüb, əzizlə!

20. 01. 2023-cü il

AĞLAMA
(Türkiyədə baş vermiş dəhşətli zəlzələyə aid)

Sil gözün yaşın, nolar, səbr eylə, Sultan, ağlama,
Başını dik saxla, etmə qəlbi viran, ağlama!

Gəldi, neylərsən, amansız bir bəladır zəlzələ,
Qoyma ki, düşmən sevinsin, vermə imkan, ağlama!

Keçmiş olsun bu bəla, başın sağ olsun, Türkiyəm,
Sənlədir türk aləmi, arxanda Turan, ağlama.

Gör kəfənsiz qalmış, o əlçatmayan insanları,
Bəxtəvər bitdikdə ömrün, ta, ey insan, ağlama.

Çoxdu səhlənkar tikən ev, nəfsi yıxmış çox evi,
Darə çək, insanlığa sığmır bu nöqsan, ağlama.

Sonrakı əqli müsəlmanın, deyirlər, kafidir,
Elmin olsun, ey müsəlman, bəsmi Quran, ağlama.

Gül kimi çıxdın yer altından, ümidim ey bəbək,
Gün doğar, bir gün olarsan sən də xəndan, ağlama.

Ya Ələmi, sən ki göz yaşınla yazdın şe'rini,
Çox uzaqlardan görüb, yalvardı canan, ağlama.

09. 02. 2023-cü il

BİRDANƏM

Harda qaldın, sənin üçün ölürəm, birdanəm?
Gələ bilmirsən hələ, hə,..bilirəm, birdanəm!

Belə yol getmək olurmu, sonu yoxmu bu yolun?
Nə zamandır ki, deyirsən: "gəlirəm, birdanəm!"

Bu qədər dərdi, qəmi kimlə çəkim bəs, yoxsan?
Yenə də sənlə xəyalən bölürəm, birdanəm!

Daha hicran qəmi bir dağə dönüb, Şirinim,
Hələ Fərhad olub, hər gün dəlirəm, birdanəm!

Düşmüşəm çöllərə, neynim, belə bir çağımda,
Baxıram güzgüyə hərdən, gülürəm, birdanəm!

Səni xatırlayaraq, dizlərimə baş qoyuram,
Qucuram sanki, səni, dincəlirəm, birdanəm!

Ağlamaq eybdi aşiq olana, der Ələmi,
Qorxma, göz yaşımı gizlin silirəm, birdanəm!

22. 02. 2020-ci il

130 NƏ SƏNLİKDİR, NƏ MƏNLİK

Gülür güllük, çəmənlik,..nə sənlikdir, nə mənlik!
Kim üçündür bu şənlik? Nə sənlikdir, nə mənlik!

Mənim qəlbimdə sənsən, sənin könlündə mən, ta,
O səhra, dağ, düzənlik, nə sənlikdir, nə mənlik!

Dedim ki, yasəməndir saçın, bilməm, nədənsə
Küsübdür yasəmənlik, nə sənlikdir, nə mənlik!

Nə gördüm, nə görüşdük, sənə vuruldum əmma,
Nə lazım üzgörənlik? Nə sənlikdir, nə mənlik!

Köçər fatehlər,..onda, düşər dünya gözündən,
Deyər: "bu - bir kəfənlik, nə sənlikdir, nə mənlik!"

Oxu, bülbül, mənimlə, oyandı bəlkə yarım,
Əzizim, sözkəsənlik, nə sənlikdir, nə mənlik!

"Ələmi, kim sevər çox, de, mənmi, sənmi?"- sordun,
İki məchullu tənlik, nə sənlikdir, nə mənlik!

23. 02. 2020-ci il

VARDIR

Dedim, ol pərinin, ey dil, nə gözəl ədası vardır,
Dedi, canalandı nazı, ona de, cəzası vardır!

Dedim, öylə nazənindir, ona can olaydı qurban,
Mənə, şirin ol ləbindən bir ömür dəvası vardır!

Nə üçün, gözəllərin çox, dedilər, vəfası olmaz?
Həmi çox gözəldi yarım, həmi çox vəfası vardır!

Bu qəzəl onundu yalnız, oxudum ürəkdə, gizli,
Dedi, qəlbinin nə şirin, nə həzin nəvası vardır!

Söz atıb, nə etdim eyham, onu göydə tutdu canan,
Sözə çox dəyər verəndir, ucuzu, bahası vardır.

Niyə göydən enmir axır, nə qədər sayım yerimdə?
Dedi, gəl, səmavidir eşq - onun öz səması vardır!

Ələmi duyub, nədir eşq, ona, ey dil, etmə izah,
O dəlini anlamazsan, onun öz zəkası vardır!

03. 08. 2019-ci il

PIÇILDAŞ MƏNİMLƏ ÇİÇƏK DİLİNDƏ

Sən heç bilirsənmi mənim nəyimsən?
Köksümə sığınıb eşit, deyim: "Sən...
Sən mənim ətirli ağ çiçəyimsən!"
Qoxlayım, oxşayım, solma, əlimdə,
Pıçıldaş mənimlə çiçək dilində!

Elə pıçıldaşaq, bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın,
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!

Çiçəklər gör, necə pıçıldaşırlar!
Əsirlər, coşurlar, qucaqlaşırlar,
Sevib, bir-birinə nəğmə qoşurlar!
Nə böyük sevda var çiçək çölündə!
Pıçıldaş mənimlə çiçək dilində!

Ruhlar aləmindən toxun əlimə,
Bir az da yaxın gəl, yaxın əlimə!
Mələklər, həsədlə baxin əlimə!
Ayıra bilməzmiş bizi ölüm də!
Pıçıldaş mənimlə çiçək dilində!

Bilməzdim, doğrudan Cülyetta varmış!
Mənimçün özünü oda yaxarmış!
Keçibdir o anlar, uzaqda qalmış!
Gülümsə önümdə, çiçək telində!
Pıçıldaş mənimlə çiçək dilində!
Pıçıldaş, pıçıldaş... çiçək dilində!

NƏVƏLƏRƏ

Yenə də boynuma nə sarılıbsan?!
Doymuram, mələyim, şirin dilindən!
Nənənin əlindən məni alıbsan,
Yəqin ki, onu da mənim əlimdən!

Ata-anasından qaçıb gizlənib,
Baba qucağında yenə bu dəcəl.
Hələ bantına bax, necə bəzənib,
Bantı tək bəxti də kaş olsun gözəl!

Hanı, xəbər tuta indi nənəsi,
Mənlə işi yoxdu, onu qısqana...
Övlad ağacının şirin meyvəsi,
Xoşbəxtdi, qismətsə əgər bağbana.

Taleyin ən şirin anlari budur,
Sayasan onları, gəlməyə saya!
Nənələr, babalar özün unudur,
Elə ki, nəvələr gəlir dünyaya.

QOCALANDA

Gülməzsən, əzizim, nə olar, mən qocalanda,
Olluq ki, gülüş mənbəyi bəzən, qocalanda.

Yaş üstə gəlir yaş, elə gəl-gəl deyirik biz,
Ağırdı bu yük, düşməyək əldən qocalanda.

Düzdür bu, deyiblər, uzun olsa nə qədər də,
Axır doğanaqdan keçər örkən, qocalanda.

Ey dil, yenə də gülşəni ahəstə dolan, gəz,
Gül qoxla, əyil, ləzzət al hərdən, qocalanda.

Bəh-bəh, hələ bülbül kimi sən dil-dil ötərsən,
Gülgün ola güllər, deyər, əhsən, qocalanda.

Ağır oturub, batman olaq, söylədik, ey pir,
Yüngül görünərsən, demə, çəksən qocalanda.

Bir yaxşı qocalmaq hamıya kaş ola qismət,
Ləzzət eləməz heç kimə, erkən qocalanda.

Mən bilməyəcəm, üzdə qırış olsa da, canan,
Çün ki, düşəcək gözlərimə çən qocalanda.

Əl tutmaq Əlidən ki qalıb, gəl tut əlimdən,
Bir gün, görəcəksən axı təksən qocalanda.

Bir vaxt qayıq sahilə dönməz, bil, əzizim,
Yellərlə tapar dil, özü yelkən, qocalanda.

Nolub, Ələmi, hey qocalıqdan söz açırsan,
Az idi, deyərsən, hələ səksən qocalanda.

07. 03. 2022-ci il

MƏN İDİM

Gənc idim,.. o dövrün elə sultanı mən idim!
Cəlb eyləyən, əlbəttə ki, cananı mən idim!

Nə ovçu, kəmənd, ox,..baxışım bəs eləyirdi,
Heyran eləyən işvəli ceyranı mən idim.

Röyadə görərdi məni çox, eşqə düşənlər,
Şirin eləyən onlara röyanı mən idim.

Bir inci üçün aləmi alt-üst eləmişdim,
Vəcdə gətirən eşq ilə dəryanı mən idim.

Xülyadı, deyirsən mənə bu, ey dili-qafil?
İcad eləmiş bəs kim o xülyanı? Mən idim.

Neynim ki, qocaldım, məni tərk etdi vəfasız,
Tək qoydu bu cür gözləri giryanı - mən idim.

Keçsin hələ illər, Ələmi, qoy,..deyəcəklər,
Şe'r aləminin sevgi qəzəlxanı mən idim.

04. 06. 2022-ci il

YAŞA HƏLƏ

Ömür deyir, qocalmısan,
Ürək deyir, yaşa hələ. (Hüseyn Arif)
——————————————————-
Nə yaşdı ki, sənin yaşın,
Məhəl qoyma yaşa hələ.
Qəlbindədir yol yoldaşın,
Getməlisiz qoşa hələ.

Bir eşqdən güc almısız,
Ucaldıqca ucalmısız!
Xəzan desə, qocalmısız,
De, çox qalıb qışa hələ.

Həyat gözəl, duyanlara,
Bir-birinə həyanlara,
Çəkmir səni o yanlara,
Düşür səni başa hələ.

Göz yaşların döndü selə,
Baxdın yenə gülə-gülə!
Ələmi de, hər il belə:
"Yaşa hələ, yaşa hələ!"

17. 07. 2022-ci il

MƏNİM

“Qol götür, rəqs elə”,- yalvarır yenə,
Baxmır ki ağaclar yaşıma mənim.
Qızılı yarpaqlar neçə min dənə,
Səpilir şabaştək başıma mənim.

Bu həmən meşədir, sevimli meşə,
Demişdim, buraya kaş yolum düşə!
Bütün sevgililər burda görüşə,
Gələr, tək olsam da, xoşuma mənim.

Kaş sən də gələsən, ey gözəl mələk,
Ruhumuz qovuşa, bir az dincələk!..
Meşəni etsəm də hey ələk-vələk,
Baxmırsan çatılmış qaşıma mənim.

Boylan, gör, nələr var sevda bağımda,
Ümidlər solmayıb gül budağımda.
Hələ xəzandayam - xəzan çağımda,
Bir gün yalvararsan qışıma mənim!

Ay Allah, dikilən mənə bu gözlər,
Görəsən nə istər, məndən nə gözlər?
Mən ovçu deyiləm, bilib,..bu qədər
Bir cüyür gəlibdir tuşuma mənim.

Eh, yenə hallıyam, gör, nə haldayam,
Sənintək, Ələmi, xoş xəyaldayam!..
Vətən sevgisiylə daim yoldayam,
Kimsə su qatmasın aşıma mənim!

06.10. 2022-ci il

UNUDAQ BİR AZ

Daha dur ayağa, zarıma, bəsdir,
Toparla özünü,..heç nə olmayıb!
Nə yalvar, nə ağla, çünki, əbəsdir,
Dünyada kim qalıb? Kimsə qalmayıb!

Çırpınır dövrəndə mələklər naçar,
Ruhunu qucacaq, nəcibsən əgər.
İncisə o, sənin ruhundan qaçar,
Bir mələk sevgisi bəs deyil məgər?

Dünya belə gəlib, belə gedəcək,
Sevək, özümüzü aldadaq bir az!
Bir körpə gülüşü bəs eyləyəcək,
Dünyanın dərdini unudaq bir az!
18. 02. 2023-ci il

BACIMIZDAN

Şəfqət umuruq hər birimiz öz bacımızdan,
Dünyaya dəyər bircə şirin söz bacımızdan.

Burnundan öpüb, tərif edir, azca kiçiksə,
Məktub kiməsə göndəririk tez bacımızdan.

Amma nə gözəldir, bacımız “güldaban” olsun:
Dünyaya gələk sonra, gərək, biz bacımızdan.

Küsməzdik, ana danlağı olsaydı arabir,
Dadə yetişib gizlicə xoş üz bacımızdan.

"Can-can" deyərək, can qoyar öz qardaşı üçün,
Hərdən də məzəmmət olacaq, döz, bacımızdan.

"Pis gözdən uzaq ol",- deyə, hər gün gələr əlbət,
Fırlatmaq üçün başımıza duz bacımızdan.

Bəh, bəh, nə gözəldir bu qoşa söz: bacı-qardaş,
Qədrin bilərək, çəkməyək ha göz bacımızdan!

Axırdda “anamsan”, Ələmi, söyləyərək biz,
Şəfqət umuruq hər birimiz öz bacımızdan!

26. 01. 2023-ci il

OLA

Göydən narın-narın yağış süzülə,
Arabir dayana, mehi də ola.
Sevinə baxçalar, çiçəklər gülə,
Ləçəklər gözəldir, şehi də ola!

O gözəl, Ələmi, yaxın qoyunca,
Baxıb, zövq alasan, gözün doyunca.
Deyə ki, sevərəm ömrüm boyunca,
Bir busə əzəldən behi də ola!

30. 09. 2021-ci il

AÇILAR XEYRƏ SABAHIM

Mey süzmədin, ey saqi, mənə, nəydi günahım,
Mən badəyə təşnə, səni tutmazmı, de, ahım?!

Küncündə bu meyxanənin, ey pir, aman ver
Baş qoymağa, məst olmağa, yox özgə pənahım.

Səhradə qarə bəxtimi dandım, səni andım,
Ağ gün mənə bəxş eylə, gəl, ey zülfü siyahım!

De, qəlbinə mən bəs nə təhər yol tapım, ey şux!
Ram etməyə biganələri sözdü silahım!

Ol dilbəri də sən kimi sevdim niyə, bilməm,
Nöqsanmı mənə, qisməti sən verdin, İlahım!

Dikdim gözümü göylərə, ümid ilə baxdım,
Sandım ki, gülümsündü o, - lütf eylədi Mahım!

Saqi, Ələmi nuş edəcək, süz, o meyindən!
Etdim sənə səcdə, açılar xeyrə sabahım!

17. 02. 2019-cu il

LƏPƏLƏR

Nə söyləyir sənə məndən pıçıldaşan ləpələr,
Mənimlə vəcdə gəlib, yarə söz qoşan ləpələr?

Dayanmısanmı o sahildə sərvtək tənha,
Verirmi can sənin uğrunda çarpışan ləpələr?

Çəkib kənarə özün, sonra can atar irəli,
Görəndə hər gözəli məst olub, çaşan ləpələr?
Qağayılar kimi ağca, dəniz üzərində,
Dəcəllik etmədəmi üstbəüst aşan ləpələr?

Öpüb ayağını sahildə, tez çəkir özünə,
Yavaş-yavaş suya girdikcə sarmaşan ləpələr?

Batıb gedir Ələmi, göz yaşında tək-tənha,
Yuyur yanağını sakitcə sayrışan ləpələr.

17. 06. 2019-cu il

BİLSƏN

Sənə xəyalımda gül göndərirəm,
Girib xəyalıma dər, dərə bilsən.
Bircə şirin busən bəs eylər mənə,
Sən də əsirgəmə, göndərə bilsən!

De, harda qaldı bəs sənli illərim,
Dumanlı illərim, çənli illərim,
Silim göz yaşını nəmli illərin,
İlləri geriyə döndərə bilsən.

Yol tap, yolumuza düşübdür düyün,
Tez yetiş, ürəyim, köksümdə döyün,
O tale deyilən üzü dönüyün
Üzün Ələmiyə çöndərə bilsən!..

17. 04. 2021-ci il

QARDAŞ İTKİSİ

Qəflətən, vaxtsız əziz qardaşı Bakiri itirmiş dostumuz Akif Şahbazova Allahdan səbr diləyirik. Allah rəhmət eləsin, mərhumun məkanı cənnət, ruhu şad olsun!
—————————————————
Bütün dərdi, qəmi atıb uzağa,
Sənsizlik dərdini çəkirəm, qardaş.
Bu qara günümdə bürüyüb ağa,
Çiynimdə nəşini çəkirəm, qardaş!

Sən necə mehriban, ah, necə həlim,
Beləcə qəlbimdə qaldın, əzizim,
Çiynimdə olsan da, çatmayır əlim,
Əlimdə gül kimi soldun, Bakirim.

Hara tələsirdin, hara səbrsiz,
Səbrinlə yoldaşlıq edəydin gərək.
Bir az ləngiyəydin, əzizdən əziz
Nəvələr çiynində gedəydin gərək.

Səni itiribmi, özü də bilmir,
Özünü itirib özü Akifin,
Hər kimə baxsa da heç kimi görmür,
Təkcə səni görür gözü Akifin.

13.02.2023-cü il

Digər xəbərlər